Dünya üzrə COVİD-19-a yoluxanların sayı 88 milyonu ötüb.
Son statistik məlumatlara görə, dünyada bu vaxtadək 88 milyon 479 min 572 nəfərdə yeni növ koronavirus təsbit olunub. Onlardan 1 milyon 905 min 534 (3%) nəfəri həyatını itirib. 63 milyon 596 min 926 (97%) nəfər müalicə olunaraq sağalıb.
Hal-hazırda planetimizdə 22 milyon 977 min 112 aktiv koronavirus xəstəsi var. Onlardan 108 min 292 (0,5%) nəfərin kliniki vəziyyəti ağır qiymətləndirilir.
Son 2 gün ərzində 218 ölkə və ərazidə 1 milyon 623 min 977 (803 620+820 357) yoluxma, COVİD-19 səbəbindən 29 min 365 ( 14 703+14 662) insan itkisi qeydə alınıb.
- Srağagün Yer kürəsi əhalisinin yeni növ koronavirusa yoluxma səviyyəsi 800 min həddini də keçib. 803 min 620 insanın COVİD-19 testi müsbət çıxıb. Bu, artıq pandemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək rekord göstəricidir. Atipik pnevmoniya səbəbindən 14 min 703 nəfər vəfat edib. Ən çox vətəndaşını itirən ölkə ABŞ olub. Belə ki, ölkə üzrə 4100 vəfat halı təsbit edilib.
- Ötən sutka ərzində isə dünyada 820 min 357 nəfərdə yeni növ koronavirusa yoluxma aşkar edilib. Çox təəssüf ki, bu da növbəti rekord göstəricidir. Son 24 saatda 14 min 662 pasiyent təhlükəli infeksiyadan dünyasını dəyişib. ABŞ-da “acı rekord” qeydə alınıb – 4134 insan atipik pnevmoniyadan vəfat edib.
Son 24 saatda materik və qitələr üzrə isə statistika belə olub: Şimali Amerikada 305 min 382, Cənubi Amerikada 129 min 448, Avropada 263 min 506, Asiyada 86 min 704, Afrikada 35 min 241 gündəlik yoluxma faktı qeydə alınıb.
Mənbə: Worldometer /01:47 GMT/