Qarabağ uğrunda uduzulmuş müharibə fonunda, iqtisadi tənəzzül və siyasi gərginlik şəraitində düşmən ölkədən kütləvi emiqrasiya və demoqrafik vəziyyət də KİV-in diqqət mərkəzindədir.
Qeyd edək ki, Ermənistanı tərk edənlərin və bu arzuda olanların sayı ötən bütün illərdə yüksək olub. Müharibə və onun acı nəticələri bu prosesi bir qədər də alovlandırıb.
Təbii artım da aşağı səviyyədə olduğundan düşmən ölkə əhalisi on illərdir ki, çoxalmır, əksinə, azalır.
Ötən ilin bəzi statistik məlumatları Ermənistanın Qarabağ savaşında itkilərini gizlətməsinə dəlalət edir.
Ermənistanın müxtəlif dairələri itkilərin böyük olduğunu israrla dilə gətirsə də, bu, rəsmi statistikada real ifadə olunmayıb. Lakin ümumi statistik göstəricilər əsasında bunu iddia etmək mümkündür.
Ötən 2020-ci il öncəki illə müqayisədə Ermənistanda doğum cəmi 0,9% yüksəlib: 36 min 448 körpə dünyaya göz açıb.
Eyni dövrdə ölüm əvvəlki illə müqayisədə 35% (!) çox olub: 2019-da 26 min 186, ötən müharibə ilində isə 35 min 371 ölüm faktı rəsmən qeydə alınıb.
Çox güman ki, bunun bir qismi koronavirus pandemiyası ilə əlaqəlidir. Bu günə olan son məlumata əsasən, Ermənistanda (bu il da daxil) cəmi 3 min 138 nəfər (xəstələrin 1,9 faizi) bu infeksiyadan həyatını itirib.
Eyni zamanda Qarabağ savaşında öldürülmüş şəxslərin heç də hamısı rəsmi qeydiyyata alınmayıb və statistik rəqəmlərə əlavə olunmayıb. Ermənistan hələ də “dövlət sirri” olaraq canlı itkiləri ilə bərabər əsir və itkin düşmüş vətəndaşlarının da real sayını gizli saxlayır, açıqlanmasını məqbul bilmir.
Xatırladaq ki, təkcə Azərbaycan ərazisindən, döyüş zonalarından 1400-ə yaxın erməni hərbçisinin meyiti toplanıb. Proses hələ də davam edir və rəqəm hər dəfə yüksəlir.
Ermənistanın rəsmi dairələri bir neçə gün əvvəl hələ şəxsiyyəti müəyyən edilməmiş və morqlarda ekspertiza “gözləyən” yüzlərlə meyitin olduğunu etiraf edib.
Beləliklə, sual yaranır: 2019-cu illə müqayisədə ötən il Ermənistanda 9 min 185 nəfər çox insanın ölməsi nə ilə əlaqədar olub?
Onu da qeyd edək ki, 2019-cu ildə ölüm sayı 2018-ə nisbətən aşağı olub: 26 min 252-yə qarşı 25 min 751.
Göründüyü kimi müharibə ilində Ermənistanda ölüm sayı kəskin artıb. Qeyd etdiyimiz kimi, bunun bir səbəbi pandemiya ola bilər. Ancaq nəzərə alsaq ki, rəsmi rəqəmlərdə Ermənistanın müharibə itkiləri hələ tam əksini tapmayıb, ehtimal etmək olar ki, 9 min 185 nəfərin böyük qismi – ən azı 7-8 mini Qarabağ müharibəsində öldürülənlərdir.
Əslində ermənilərin itkilərinin nə qədər olduğunu söyləmək bir qədər çətindir. Çünki Qarabağ müharibələrinə, eləcə də sonuncu savaşa Ermənistan başqa ölkələrdən də muzdlular və xaricdə yaşayan erməniləri cəlb edib. Onların sayı kifayət qədər böyük olub. Erməni diaspora şəbəkəsi dünya üzrə muzdlu səfərbərliyini yüksək səviyyədə təşkil edib və hər dəfə mütəşəkkil qaydada həyata keçirib. Onların bu işi görmək üçün əvvəlcədən hazırlanmış plan və fəaliyyət sxemi mövcud olub: bu səbəbdən qısa müddətdə Ermənistana, oradan da Qarabağa minlərlə muzdlu, o cümlədən terrorçu göndərilib. Bu fakt 2016-cı ildə (Aprel döyüşləri zamanı) xüsusi xidmət orqanları tərəfindən faş olunub və ermənilərin PKK-dan hansı marşrut üzrə neçə nəfər terroristi 4 günlük müharibəyə cəlb etdiyi açıqlanıb.
Son müharibədə onların sayı dəfələrlə çox olub. Şübhəsiz ki, onlar arasında itkilər də müvafiq olaraq yüksək olub. Amma bu barədə heç bir yerdə məlumat verilməyib.
Bu xüsusda ermənilərin canlı qüvvə itkisinin əslində 10 mindən çox olduğunu iddia etməyə əldə kifayət qədər əsas mövcuddur.
Qeyd edək ki, Ermənistanın özündən olan və hələ də haqlarında ictimaiyyətə məlumat verilməyən yüzlərlə itkin əsgər var. Onların ailə üzvləri hələ də etiraz aksiyaları keçirir, Ermənistan Müdafiə Nazirliyinin darvazalarını maşınları ilə taran edirlər.
Maraqlıdır ki, 1400-ə yaxın meyitin tapılıb erməni tərəfinə təhvil verilməsinə, əsirlərin qaytarılmasına baxmayaraq itkin düşmüş hərbçilərin ailələrin etiraz aksiyalarının intensivliyində və say sıxlığında azalma müşahidə edilmir.
Ermənistan hələ də müharibənin real nəticələrini və üzləşdiyi dəhşətli itkilərini ictimaiyyətdən gizlədir.
Bu, düşmən ölkənin tamamilə yalan üzərində qurulmuş informasiya-ideologiya siyasəti fonunda heç də təəccüblü deyil.