
Qarabağ uğrunda müharibədə biabırçı məğlubiyyətə uğrayan və kapitulyasiya edən Ermənistanda siyasi-ictimai vəziyyət gərgin olaraq qalır.
Bu vəziyyətdən yararlanaraq inqilabçılardan – Paşinyan hakimiyyətindən qisas almaq və hakimiyyətə yenidən yiyələnmək istəyən qüvvələr, xüsusilə uzun illər Ermənistanı talamış, əsasən Qarabağ ermənilərindən ibarət tayfalar (klanlar) güclərini birləşdirərək Paşinyanı devirmək üçün bütün resurs və imkanlarını səfərbər edib.
İctmai şüura total informasiya, ideologiya hücumu ilə Ermənistanın bütün bəlalarının, düşdüyü acınacaqlı vəziyyətin günahkarı kimi Nikol Paşinyan hakimiyyəti hədəf göstərilir. Qarabağ klanı Ermənistanda ictimai şüuru (rəyi) “Ermənistan, Qarabağ, erməni xalqı uduzmayıb – uduzan kapitulyasiya etmiş Paşinyan hakimiyyətidir” kimi absurd tezislərlə “emal” edir. Məqsəd elektorat, tərəfdar toplamaq, hakimiyyəti geri almaqdır.
Buna rəğmən Ermənistan əhalisi onlara yenidən etimad göstərmək fikrində deyil. Bunu müxtəlif platformalar vasitəsilə düşmən ölkədəki vəziyyəti təsəvvür etməyə imkan verən müşahidələr təsdiqləyir.
Ermənistan cəmiyyətində Qarabağ ermənilərinə qarşı on illər boyu formalaşmış nifrət hökm sürür. Onlar bunu gizlətmir, hər fürsətdə dilə gətirirlər. Radikallar qarabağlı hayları heç erməni saymırlar.
Hakimiyyət uğrunda mübarizədə tayfa qalibiyyətinə müharibədən sonra ölkənin (Ermənistanın) və millətin (erməniliyin) məğlubiyyəti üzərindən can atan Qarabağ klanlarından biri – Serj Sarkisyanın qruplaşmasıdır. Ermənistanda onlara olan mənfi münasibəti xeyrlərinə dəyişmək üçün mütəşəkkil fəaliyyət göstərsə də, klan məqsədinə çata bilməyib. Bunu son sosial araşdıranın nəticələri də sübut edir – bu barədə bir qədər sonra.
Serj Sarqsyan – Qarabağ ermənisidir və özündən qabaq digər həmyerlisindən (ikinci prezident Köçəriyandan) aldığı hakimiyyəti eyni metodla – tayfa maraqları ilə 10 il, 2018-ci ilin apreli ayının 24-nə kimi əlində saxlayıb. İnqilabla – ictimai nifrət və qəzəblə devrilib, beləcə Paşinyan hakimiyyətə gətirilib.
Sarqsyan hazırda da Ermənistanda şəxsinə (və Qarabağ tayfasına) bəslənilən kəskin nifrətdən hali olduğundan müharibədən sonra uzun müddət özü ön plana çıxmayıb, qızının əri, əslən ermənistanlı, onun hakimiyyəti dövründə Vatikanda səfir olmuş Mikayıl Minasyan vasitəsilə cəmiyyətə sirayət etməyə çalışıb. Yəqin Sarkisyan düşünüb ki, Ermənistan cəmiyyəti həm ermənistanlı, həm də hazırkı hakimiyyət – Nikol Paşinyan tərəfindən təqib olunan “görkəmli” birinə etibar edər.
Qeyd edək ki, uzun müddətdir istintaqla (qanunsuz yollarla varlanma ittihamı ilə) axtarılan, xaricdə gizləndiyi ehtimal olunan Mikayıl Minasyan müharibədən sonra aktivləşib, meydana ağlasığmaz iddialar və bir çox halda yalnız xüsusi xidmət orqanlarının malik ola biləcəyi məxfi materiallarla çıxıb. Özü də internet – sosial şəbəkə hesabları və ya “Telegram” kanalı üzərindən. Klan kisənin ağzını açdığından – bir sıra populyar erməni KİV-ni bəslədiyindəndir ki, Mikayıl Minasyanın bütün bu çıxışları, yazıları böyük ehtiramla təkrar yayımlanıb və saytların ən diqqət çəkən yerlərində yerləşdirilib, baş xəbər kimi verilir.
Sarqsyanın efirə çıxmasından bir neçə gün qabaq “qeybə” çəkilən M.Minasyan qayınatasının müsahibəsindən iki gün sonra yenidən fəaliyyətini eyni “məzmunda” bərpa edib…
Bu, bir növ müharibə taktikasına oxşayıb: əvvəlcə cəmiyyət “artilleriya” yaylımına tutulub və nəhayət, arenaya əsas fiqur – Sarqsyan çıxıb. Elə zənn edilib ki, sarsıdıcı və həlledici “zərbə”ni o vuracaq, beləliklə, cəmiyyət ələ alınacaq.
Onun televiziya kanallarından birinə müsahibəsi şou-biznesin PR metodları ilə təqdim edilib: bir neçə gün anonsu aparılıb, maraqlı fraqmentlərdən çıxarışlar verilib. Müsahibə iki hissəyə bölünüb, fərqli günlərdə efirə buraxılıb. Göstərildikdən sonra müxtəlif kanal və saytlarda təkrar yayımı təşkil olunub. Qısa müddətdə 3 dildə (o cümlədən rus dilində) tərcüməsi və yazılı formatda təqdimatı həyata keçirilib. Nəhayət, müsahibə Serj Sarqsyanın adına olan bütün sosial hesablar və şəxsi saytı vasitəsilə tirajlanıb.
Lakin yenə də arzu olunan nəticə alınmayıb: Ermənistan əhalisi onun sözlərinin təsiri altına düşməyib. Bir başqa sözlə, Serj Sarqsyan (Qarabağ ermənilərinin) tayfası erməni cəmiyyətində ictimai rəyi xeyirinə çevirə bilməyib. Onun müsahibəsi müxtəlif institutlar, siyasi-ictimai xadimlər, analitiklər, politoloqlar tərəfindən yerdən-yerə vurulub, yalanları ifşa olunub. Şübhəsiz, bu prosesdə Serjin opponenti – Nikol Paşinyan hakimiyyətinin ideoloqları və informasiya texnoloqları da fəal iştirak ediblər.
Bununla belə, əsas günahkar Serj Sarqsyanın özüdür – məhz onun cinayətkar, korrupsioner, tayfabaz hakimiyyətindən bezar olan Ermənistan əhalisi (əlbəttə ki, 3-cü tərəfin dəstəyi ilə) inqilab edib və Paşinyanı hakimiyyətə gətirib.
Sarqsyan özünə və klanına cəmiyyətin bəslədiyi nifrətdən xəbərdar olduğu üçün şəxsən bundan sonra Ermənistanda heç bir yüksək vəzifə daşımayacağını elan edib. Bununla guya hakimiyyət davasında olmadığı təəssüratı yaratmaq niyyəti güdüb.
Məsələ ondadır ki, Ermənistan əhalisi Qarabağdan imtina etməyə belə razı olar, amma Qarabağ ermənilərinin yenidən hakimiyyəti ələ keçirməsinə – əsla! Hazırda Ermənistanda Qarabağ ermənilərinə bəslənilən nifrət bizə – türklərə qarşı nifrətə adekvatdır.
Maraqlıdır ki, hətta müharibənin ən qızğın çağında əhali Ermənistandakı bir çox hərbi hissənin önünü kəsərək şəxsi heyətin Qarabağa aparılmasına imkan verməyib. Bu faktı Serj Sarkisyan müsahibəsində qeyd edib.
Bu gün Ermənistanda sosial institutlarından birinin – “Gallup International Аssociation”ın yerli təmsilçiliyinin son sosial tədqiqatının nəticələri açıqlanıb. Hesabat qismən Sputnik-Armenia-da dərc olunub.
Araşdırmanın nəticələri arasında diqqətçəkən məqamlar çoxdur.
Məsələn, “mümkün parlament seçkilərində hansı siyasi gücə səs verərdiniz?” sualına cavablarında respondentlərin 30 faizi hazırda iqtidarda olan “Mənim addımım” blokuna səs verəcəklərini bildirib.
Sorğu iştrakçılarından siyasi xadimləri 1-5 ballıq şkala ilə qiymətləndirməyi xahiş ediblər. Yenə də hakimiyyətdə olan Nikol Paşinyan 2,8 balla digərlərinə nisbətən ən yüksək qiymət alıb.
Prezident Armen Sarkisyana 2,3 bal, birinci prezident Ter-Petrosyana 1,7 bal, ikinc prezident Robert Köçəryana 2, üçüncü prezident Serj Sarqsyana 1,7 bal verilib.
“Qarabağ müharibəsində məğlubiyyətə görə günahkar kimdir” sualına verilən cavablar da diqqət çəkir:
Sorğu iştirakçılarının 32 faizi məğlubiyyətə görə əvvəlki hakimiyyətləri günahkar bilib. Hazırkı hakimiyyəti və Nikol Paşinyanı günahkar bilənlər 28,8 faiz olub.
Göründüyü kimi, “günah keçisi” kimi təqdim olunan Nikol Paşinyan Qarabağ ermənilərinin hakimiyyətinə nifrət fonunda hələ də Ermənistanda dəstəklənir.
Lakin növbəti suala verilən cavablar erməni cəmiyyətinin xəstəliyinin hələ keçmədiyinə dəlalət edir.
“Qarabağ məsələsində Ermənistan nəyə can atmalıdır” sualına respondentlərdən 30,7 faizi “Şuşa, Hadrut və 7 rayon geri qaytarılmalıdır” cavabını verib.
Realistlər də az olmayıb: 27,7 faiz vəziyyəti hazırkı sərhədlər çərçivəsində sabitləşdirməyi təklif edib.
Rəyi soruşulanların 20,2 faizi “yalnız Şuşa və Hadrut qaytarılmalıdır” deyib.
Ədalət hissinə malik respondentlər azlıqda olub: cəmi 3,1 faiz Azərbaycanın ərazi bütövlüyünün tanınmasının və Qarabağın təslim edilməsinin, bununla da münaqişənin sona çatdırılmasının tərəfdarı olduğunu söyləyib.
10 faiz başqa təkliflər irəli sürüb. 8,2 faiz bu suala cavab verməkdə çətinlik çəkib.
Ermənistanın indiki vəziyyətində parlament seçkilərinin keçirilməsinin zəruriliyini bildirənlərin nisbəti böyük – 37,1 faiz olub. “Çox güman ki, zəruridir” deyənlər də az olmayıb – 21,3 faiz. “Çox güman ki, lazım deyil” cavabını seçənlər 13,6 faiz, “Ümumiyyətlə lazım deyil” söyləyənlər 19,7 faiz olub.
Sorğuda bir məqam Ermənistanda hakimiyyətin yenidən əvvəlki ənənələrə təslim ediləcəyi qorxusu ilə əlaqəlidir. İştirakçıların 41,2 faizinin fikrinə, seçkilər Paşinyanın hakimiyyəti altında keçirilməlidir. Bunun əksinə 28,2 faiz respondent mövqe bildirib.
Rəyi soruşulanların 28,2 faizi Paşinyanın seçkilərdən imtina qərarını tamamilə, 11,7 faiz isə tərəddüdlə dəstəkləyib. Bunun qətiyyətlə əksinə olanlar respondentlərin 35 faizini, tərəddüdlə əksinə çıxanlar isə 15,9 faizini təşkil edib.
Sorğu çərçivəsində “Bu gün seçki keçirilsə hansı siyai gücə səs verərdiniz” sualına cavab birmənalı olaraq Paşinyanın siyasi blokunun qalib gələcəyinə dəlalət edir: rəy bildirənlərin 33,1 faizi Paşinyanın “Mənim addımım” blokuna səs verəcəyini söyləyib. Sorğu anketinə əsasən ikinci yerdə olan “Çiçəklənən Ermənistan” partiyasına cəmi 4,4 faiz tərəfdar çıxıb. Digər siyai bloklara dəstək ifadə edənlər xeyli az olub.
Göründüyü kimi, əhali parlament seçkilərinin keçirilməsini istəyir və Paşinyan hakimiyyətini dəstəkləyir. Yəni bu gün seçki keçirilsə, Paşinyanın siyasi qrupu yenidən qalib gələr. Amma bunun bir “əmma”sı var…
Paşinyanın təmsil etdiyi siyasi blokun tərəfdarı çox olsa da, onun özünün baş nazir postundan istefa verib-verməməyi haqqında suala cavablar əsasında qəti fikir söyləmək çətindir.
38,8 faiz Paşinyanın baş nazir postunda qalmalı olduğunu, 43,6 faiz istefa verməli olduğunu bildirib, 17,6 faiz isə suala cavab verməkdə çətinlik çəkib. (Qeyd etmək lazımdır ki, Paşinyana qarşı aparılan qara PR təsirsiz ötüşməyib. Əvvəlki sorğuda onun istefasını istəyənlər 35 faiz olub)
Görünür, onun özünün təklif etdiyi seçki keçirmək ideyasından sonradan imtina etməsi həm də bununla bağlıdır. Paşinyan tərəddüd edir və xalq tərəfindən dəstəklənəcəyinə əmin deyil. Hərçənd, bu, daha çox müharibənin dayandırılması müqabilində 3-cü tərəf, məsələn, Rusiya və Azərbaycan qarşısında Ermənistan adına mükəlləfiyyət daşıdığı vəzifələrin icra edilməsi məsuliyyəti ilə əlaqəli ola bilər…
İstənilən halda – seçki keçirilsə də, keçirilməsə də, Paşinyan istefa versə də, verməsə də Ermənistan Rusiyanın digər protektoratları kimi Kremlin iradəsinə tabedir, buna məcburdur və mövcud vəziyyətdə xalqın iradəsi bu formatı dəyişdirməyə yetməz.