Azərbaycanın xoş məramının siyasi dividendini nə vaxtadək qondarma qurum götürəcək?

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında erməni hərbçilərinin qalıqlarının axtarışına yenidən başlanılıb.

Erməni mənbələrinin xəbərinə görə, ötən  gün axtarışlar nəticə verməyib.

Bununla belə, Azərbaycan son iki gündə Ermənistana 3 erməni əsgərinin qalıqlarını təhvil verib.  Onların müharibə zamanı Azərbaycan Ordusu tərəfindən tamamilə məhv edilmiş erməni hərbi hissəsi ərazisindən çıxarıldığı bildirilib.

Beləliklə, Azərbaycanın humanizmi və xoş məramı sayəsində  ermənilərin özlərinin də iştirak etdiyi beynəlxalq axtarış-xilasetmə əməliyyatları zamanı bu günədək 1488 erməni cəsədi tapılıb.

Redaksiyadan:

Biz bir daha əlaqədar orqanları – Azərbaycan Müdafiə Nazirliyini, Azərbaycan Fövqəladə Hallar Nazirliyini, Xarici İşlər Nazirliyini, Beynəlxalq Qızıl Xaç (Aypara) Təşkilatının Azərbaycan təmsilçiliyini bu humanitar aksiyanın ermənilər tərəfindən məqsədli şəkildə  formatının dəyişdirilərək təqdim edilməsinə diqqət göstərməyə çağırırıq.

Atəşkəs haqqında üçtərəfli bəyanat çərçivəsində  Azərbaycan öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Bunlardan biri də əsirlərin və cəsədlərin qaytarılmasıdır. Bir neçə aydır ki, Azərbaycanın nəzarəti və iştirakı ilə  beynəlxalq missiya (Rusiya sülhməramlılarının, Qırmızı Xaç Təşkilatının və ermənilərin nümayəndələri) ərazimizdə itkin düşmüş erməni hərbçilərinin qalıqlarını  axtarır. Qeyd edildiyi kimi, bu günədək 1488 erməni cəsədi tapılıb və aparılıb.

Lakin düşmən tərəf  ilk gündən bu missiyanı siyasi məqsədlərlə  təhrif olunmuş forma və formatda ictimaiyyətə çatdırır.

Əvvəla, istisnasız olaraq bu missiya haqqında xəbərlər, məlumatlar  sistemli, ardıcıl şəkildə yalnız (!) qondarma “respublika”nın, qondarma qurumu – “arsax fövqəladə hallar xidməti” adından verilir.

Üstəlik, Azərbaycan ərazilərində axtarışları  guya bu qondarma qurumun apardığı bildirilir.

Erməni həyasızlığı isə dibsizdir:  axtarışların aparıldığı qanuni Azərbaycan torpaqlarını da  “işğal olunmuş arsax ərazisi” kimi təqdim edirlər.

Ermənistan orqanları da bu xüsusda susur və bütün erməni mətbuatı məhz qondarma quruma istinadən hər gün bu xəbərləri yayır. Beləcə, qondarma rejim və onun qanunsuz qurumunun var olduğu, üstəlik gedən proseslərdə  leqal tərəf olduğu təəssüratı yaradılmağa çalışılır.

Halbuki, üçtərəfli bəyanat üzrə Azərbaycanın tərəf müqabilləri Rusiya və Ermənistandır.

Deməli, erməni hərbçilərinin cəsədləri razılaşma formatına uyğun olaraq Ermənistana təhvil verilir. Bu barədə məlumatı da Ermənistanın müvafiq rəsmi dövlət orqanları verməlidir. Ermənistan isə məqsədli şəkildə bu “vəzifəni” Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki separat rejimə, qondarma quruma həvalə edib.

Qarabağda yaşayan ermənilərin fərd olaraq bu axtarışlarda iştirakı hüquqi status daşımır, daşıya da bilməz. Belə olan təqdirdə, bu humanitar aksiyadan siyasi dividendi niyə separat, qondarma rejim götürməlidir?

Ermənistan qarşısında bununla bağlı tələb qoymaq mümkündür.

Eyni zamanda yaxşı olardı ki, bu və ya digər missiyalar, Qarabağda, Ermənistanla sərhəddə baş verən hadisələr, gedən proseslər haqqında Azərbaycanın müvafiq orqanları məlumat versin. Özü də sistemli, dolğun və ardıcıl.

Belə olan təqdirdə  Azərbaycan KİV-i  əlaqədar məlumatları əldə etmək üçün erməni mənbələrinə üz tutmaqdan xilas olardı. Daha önəmlisi, digər ölkələrin mediası da həqiqətə və Azərbaycanın mövqelərinə uyğun  informasiya mənbələri əldə edərdi.

Hələlik isə bu informasiya boşluğundan məharətlə yararlanan düşmən hələ də öz çirkin siyasi-ideoloji xəttini yürüdür və genişləndirir…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir