Novruz günü – martın 21-də Yerin yaxınlığından iri asteroid keçəcək

“Potensial təhlükəli”  təsnifatına aid 2001 FO32 asteroidi  martın 21-də, Bakı vaxtı ilə saat 20:03-də planetimizin yaxınlığından – 2 milyon kilometr məsafədən saatda 124 min kilometr sürətlə  keçəcək.

Bu, Yerdən Aya qədər məsafədən təxminən 5,25 dəfə çoxdur.

Asteroidin Günəş ətrafında hərəkət trayektoriyası dəqiqliyi ilə elmə bəllidir.  “Potensial təhlükəli”  sayılsa da, asteroidin Yerə 2 milyon kilometrdən yaxın gəlməyəcəyi, toqquşma ehtimalının olmadığı  bildirilir.

Asteroidin özü haqqında isə mütəxəssislər az məlumatlıdır. Bu səbəbdən onun Yerin yaxınlığından ötməsi tədqiqi, öyrənilməsi üçün unikal şərait yaradır. (Asteroid 2001-ci ildə kəşf olunub)

NASA-nın məlumatına görə, asteroidin diametri  914 metrdir. Alimlər onun ölçülərini  dəqiqləşdirmək, tərkibini və digər fizıki-kimyəvi göstəricilərini öyrənmək fikrindədirlər.

Amerika alimləri bu asteroidin növbəti dəfə  Yerə 2052-ci ildə yaxınlaşacağını və daha aralıdan – 2,8 milyon kilometr məsafədən keçəcəyini bildiriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir