DST COVİD-19 pandemiyasının mənşəyinə dair hesabatını açıqlayıb

Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirus pandemiyasının yaranma səbəblərinə dair hesabatını açıqlayıb.

Yanvar ayında Çinə səfər etmiş ekspert qrupunun rəylərinin də yer aldığı hesabatda epidemiyanın mənşəyinə dair ehtimallara aydınlıq gətirilib.

Hesabata əsasən,

  • SARS-CoV-2 virusu ilkin olaraq yarasalarda yaranıb və insana birbaşa deyil, aralıq daşıyıcı olan digər heyvanlar üzərindən keçib.
  • DST pandemiyanın yaranma səbəbi kimi “laboratoriya qəzası“ tezisinin mümkünlük ehtimalını isə olduqca aşağı qiymətləndirib.
  • Rəydə virusun yarasalardan başqa bir heyvana və onlardan da insanlara keçməsinin ”ehtimal olunandan daha yüksək” səviyyədə olduğu qeyd olunub.
  • Aralıq daşıyıcının hansı heyvan növünün olması barədə isə elmi dairələrdə ortaq fikir yoxdur və hesabatda da bu suala aydınlıq gətirilməyib.

Qeyd edilməlidir ki, bu ilin yanvar ayında Çinə səfər edən ekspert heyətinin tərkibində zoologlardan epidemioloqlara qədər müxtəlif ixtisaslar üzrə mütəxəssislər iştirak ediblər. Mütəxəssislər heyəti Çinin Uhan vilayətində yerli həmkarları ilə birlikdə epidemiyanın başlanğıc nöqtəsinin nədən ibarət olmasına dair tezisləri araşdırıblar.

2019-cu ilin sonunda dünyada sürətlə yayılmağa başlayan yeni növ koronavirusa indiyədək 127 milyon 863 min 582 nəfər yoluxub, COVİD-19 səbəbindən 2 milyon 797 min 663 nəfər həyatını itirib.

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir