Avropa İttifaqında (Aİ) hazırlanan və yayda tətbiq olunması nəzərdə tutulan rəqəmli COVİD-19 sertifikatı ilə bağlı razılaşdırılmanın birinci mərhələsi bu gün sona çatıb.
“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının açıqlamasında bildirilir:
“Aİ-yə üzv ölkələrin daimi nümayəndələri rəqəmli yaşıl sertifikat layihəsi üzrə Avropa Parlamenti ilə danışıqlar üçün mandatı çərşənbə günü razılaşdırıblar. Həmin sertifikat sahibinin peyvənd keçdiyini, PCR testindən mənfi nəticə aldığını, yaxud xəstəliyi keçirib immunitet qazandığını təsdiqləyəcək və COVID-19 pandemiyası dövründə təhlükəsiz, sərbəst gediş-gəlişə yardım olacaq”, – deyə sənəddə bildirilir.
Bu sertifikatın bütün Aİ məkanında, habelə İslandiya, Norveç, Lixtenşteyn, İsveçrə ərazisində qüvvədə olacağı, həmçinin dünya miqyaslı təşəbbüslərə də açıq olacağı bildirilir.