Millimizin kapitanı: “Reytinq xallarımızı artırmaq istəyirdik”

Millimizin kapitanı: "Reytinq xallarımızı artırmaq istəyirdik"

Yunanıstanla ilk duelimiz onların meydanında olmuşdu. Həmin görüşdə 3:0 hesablı qələbə qazanmışdıq. Bu dəfə isə doğma meydanda üz-üzə gəldik”.

“Report”un məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev federasiyanın rəsmi saytına açıqlamasında evdə Yunanıstan yığmasını 4:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.

42 yaşlı müdafiəçinin sözlərinə görə, komandası bu görüşədək qarşıya qoyulan tapşırığın öhdəsindən gəlmişdi: “Buna baxmayaraq, doğma meydan amilindən maksimum istifadə etməyə çalışdıq. Üstəlik, reytinq xallarımızı da artırmaq istəyirdik. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdi və bu dəfə daha çox qol vurduq”.

Altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcəklərini xatırladan futzalçı turnirin startınadək kifayət qədər vaxt olduğunu söyləyib: “Yaxşı hazırlıq keçməliyik ki, oradakı oyunlarda da uğur qazanaq”.

Millinin hücumçusu Xətai Bağırov isə bildirib ki, bu qarşılaşmada da meydana maksimum nəticə üçün çıxıblar: “Bunu bacardıq. Vacib məqam bu cür çətinliyə rəğmən qarşıya qoyulan məqsədə nail olmağımız idi. Bilirsiniz ki, pandemiya ilə əlaqədar 10 ay idi idman zalında məşq etmir, heç bir oyun keçirmirdik. Rəsmi matçlardan əvvəl heç bir yoldaşlıq görüşü oynamadıq. Bu qədər çatışmazlığa rəğmən tez toparlandıq, ardıcıl qələbələr qazandıq”.

Təcrübəli futzalçı oyun zamanı rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda qol vurmaq əvəzinə ötürmə verməsinə də aydınlıq gətirib: “Fikirləşdim ki, Fineo məndən daha yaxşı mövqedədir. Ona ötürmə etsəm, qol vurmaq imkanı daha yaxşıdır. Həmin anda o da nəsə fikirləşdi, zərbə vurmaq əvəzinə aldatmağa çalışdı. Əslində, özüm vurmalı idim. Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq”.

Forvard yekunda Azərbaycan millisinin yer aldğı qrupla bağlı bunları deyib: “Əsas rəqiblərimiz Slovakiya və Moldova yığmaları idi. Hər iki rəqibi yaxşı analiz etdik, oyunlara hazırlaşdıq. Qazandığımız nəticə hər şeyi düzgün etdiyimizi göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir