Olimpiya Təsnifat Turnirinə qatılacaq taekvondo heyəti müəyyənləşib

Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək taekvondo üzrə Avropa Olimpiya Təsnifat Turniri üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevin verdiyi məlumata görə, 3 gün davam edəcək yarışa 3 idmançı yollanacaq.

Qadınların yarışında

  • Patimat Abakarova 49 kq,
  • Fəridə Əzizova 67 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində isə yalnız Avropa, dünya və olimpiya çempionu Radik İsayev mübarizə aparacaq.

  • İsayev 87 kq-dan yuxarı çəkidə yarışacaq.

N.Paşayev hər üç taekvondoçunun yetərincə təcrübəyə malik olduğunu vurğulayıb: “Onlar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar, yenə olimpiadaya lisenziya əldə etməyə qadirdirlər. Amma bu, yarışdır, indidən kiminsə lisenziya qazanacağını demək düzgün olmaz. Hər şeyi zaman göstərəcək“.

Federasiya rəsmisi 80 kq çəki dərəcəsində yarışan Milad Beigi Hərçəqaninin lisenziyanı təmin etdiyini xatırladıb: “Hərçəqani Bolqarıstanda döyüşməyəcək. Dünya Taekvondo Federasiyasının qaydalarına görə, bir ölkədən lisenziya yarışına iki qadın və iki kişi taekvondoçu qatıla bilər. Biz kişilərdən bir lisenziyanı əldə etmişik, bu səbəbdən, növbəti olimpiadada 74 kq-dakı Ayxan Tağızadəni görməyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir