İspaniya “Real Madrid”i, Fransa PSJ-si, İngiltərə “Arsenal”ı və “Mançester Yunayted”i də daxil olmaqla, Avropanın bir neçə aparıcı futbol komandasının azarkeş qrupları Avropa Klublar Birliyinə (ECA) açıq məktub göndərib.
“Report”un məlumatına görə, fanatlar ECA-nın Çempionlar Liqası (ÇL) ilə bağlı təklif etdiyi islahatlara qarşı çıxıblar.
“Fanseurope.org” saytında yer alan məktubda bildirilib ki, ÇL-də oyun sayını artırmaq, keçmiş nailiyyətlərə əsaslanaraq yeni vərdişlər təqdim etmək və kommersiya hüquqlarını inhisara almaqla, turnirin reqlamentini dəyişmək ideyası bütün oyunlar üçün ciddi təhlükədir: “Bir neçə varlı klubun futbolu idarə etmək hüququ yoxdur. Hətta ECA üzvlərinin əksəriyyəti də təklif olunan islahatlardan sonra məğlub duruma düşəcəklər. Bu, azarkeş həmrəyliyinə tamamilə ziddir”.
Azarkeşlər güclü, rəqabətçi milli liqalar, UEFA-nın idman ləyaqətinə əsaslanan turnirlərə vəsiqə qazanmaq üçün bərabər imkanlar və daha ədalətli maliyyə bölgüsü istədiklərini vurğulayıblar: “Buna görə də ehtiyatsız planlarınızdan imtina etməyinizi tələb edirik. Futbolu idarə edən qurumları elit klublara güzəştə getməyi dayandırmağa və oyunun gələcəyini qorumaq üçün məsələyə müdaxilə etməyə çağırırıq”.
Qeyd edək ki, bu ilin fevralında UEFA-ya üzv 55 milli assosiasiyanın hamısı 2024/2025 mövsümündən tətbiq olunacağı gözlənilən yeniliyi qəbul edib. Yeni formata görə, iştirakçı sayının 32-dən 36-ya çatdırılması və komandaların qruplara bölünməsinin aradan qaldırılması planlaşdırılır.