Yer kürəsində tüğyan edən yeni növ koronavirus – SARS-CoV-2 və mutant variantları yüksək sürətlə yayılmaqla insanları yoluxdurmaqda və can almaqda davam edir.
“Worldometer”in rəsmi statistik məlumatlarına əsasən, son 3 gün ərzində planetimizdə yeni növ koronavirusa 2 milyon 488 min 002 insanın yoluxduğu aşkarlanıb.
Çox təəssüf ki, aprel ayının son 72 saatında dünya əhalisinin gündəlik yoluxma göstəricisi 800 min səviyyəsini ötüb:
- 14 aprel 812 min 727
- 15 aprel 845 min 223
- 16 aprel 830 min 052
Xatırladaq ki, COVİD-19 pandemiyasının başlanğıcından bəri gündəlik yoluxma sayında ən yüksək – zirvə göstərici yanvarın 8-də qeydə alınıb: 845 min 424.
Dünya miqyasında həftəlik
- yoluxma göstəricisi 5 milyon 200 min 583-ə (16% – 724 min 542 nəfər artaraq),
- COVİD-19 səbəbindən vəfat halları 80 min 726-ya (8% – 6098 nəfər),
- sağalma faktı 4 milyon 120 min 609-a (12% – 432 min 481 nəfər) yüksəlib.
Son 24 saatda ən yüksək gündəlik yoluxma sayı Hindistanda təsbit edilib. Ölkədə 233 min 943 nəfərin COVİD-19 testi pozitiv çıxıb. Atipik pnevmoniyadan daha çox vətəndaş itkisi isə (3070 nəfər) Braziliyada qeydə alınıb.
Beləliklə, ötən gün ərzində aşkarlanan 830 min 052 yoluxma faktı nəticəsində dünya miqyasında indiyədək yeni növ koronavirusa yoluxanların ümumi sayı 140 milyon 504 min 994-ə yüksəlib. COVİD-19 səbəbindən 12 min 512 insan vəfat edib, bununla həyatını itirənlərin sayı 3 milyonu ötərək 3 milyon 011 min 501-ə çatıb. Pandemiya ərzində yoluxanlardan 119 milyon 395 min 463 nəfər sağalıb. Hal-hazırda dünyada 18 milyon 098 min 030 aktiv koronavirus xəstəsi var.
Mənbə: Worldometer/02:00 GMT/