Başqa dövlətlərin hakimiyyətləri adına Böyük Britaniyada fəaliyyət göstərən şəxslər bundan sonra qeydiyyatdan keçməlidirlər.
“The Times”-ın yazdığına görə, bu tələb Britaniyanın düşmən dövlətlərə qarşı tədbirləri əhatə edən yeni qanun layihəsinə daxildir.
Yeni qanun layihəsinə əsasən qeydiyyatdan keçməli şəxslər bunu etmədikləri təqdirdə cinayət məsuliyyəti daşıyacaqlar.
Birləşmiş Krallığın Baş naziri Boris Conson bu yeni sənəd haqqında kraliçaya mayın 11-də məlumat verəcək. O gün kraliça Yelizabet İkinci hər il olduğu kimi parlamentdə çıxış edəcək.
Rəsmi London dövlət sirri haqqında qanunu da yeniləmək niyyətindədir. Yeni əlavələr xaricdən Britaniya maraqlarına zərbə vuran şəxsləri, o cümlədən kibernetik hücum iştirakçılarını (hakerləri) əhatə edəcək.
“The Times”-ın iddiasına görə, bu tədbirlər Rusiya və Çinin fəaliyyətləri ilə bağlı Britaniya hökumətinin artan narahatlıqlarının təzahürüdür.
Qeyd edək ki, rəsmi London bir neçə gün əvvəl Britaniyaya qarşı kibernetik hücumların, həmçinin “SolarWinds” əməliyyat proqramının “sındırılmasında” Rusiyanın xarici kəşfiyyat orqanlarının iştirakı ilə bağlı bəyanat vermişdi. Birləşmiş Krallığın xarici işlər naziri Dominik Raab Rusiyanın bədniyyətli fəaliyyətlərini bundan sonra da ifşa edilərək ictimailəşdiriləcəyini söyləmiş və bildirmişdi:
Dünya üzrə bu sayaq fəaliyyət manerası Rusiyanın Britaniyanın milli təhlükəsizliyinə daha kəskin təhlükə olmasına dəlalət edir.
Mənbə: DW