Aprelin 24-ü İran televiziyasının 4-cü kanalında dahi Azərbaycan şairi Məhəmməd Füzuli təhqir edilib.
Panfarsist kimi tanınan fars dili və ədəbiyyatı müəllimi, məktəb dərsliklərinin müəlliflərindən biri, İran məktəb dərsliklərinin planlaşdırma şurasının üzvü və televiziya verilişləri üzrə mütəxəssis Höccət Kəcani Hisari dahi şair haqqında ironik tərzdə “Füzili Saib Təbrizinin farsca şeirlərini oğurlayaraq türkcəyə çevirib öz adına çıxıb” deyib. O, Azərbaycan şairinin “Füzuli” təxəllüsünü təsadüfən seçmədiyini bildirib. Bu təxəllüsün ona yaraşdığını deyib. Qeyd edək ki, o, burada məqsədli şəkildə “Füzul” sözünün ərəbcə “başqasının işinə müdaxilə edən, hər işə qarışan” anlamını nəzərdə tutub.Verilişin yayılmasından qısa müddət sonra Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində yaşayan türklər İran dövlət televiziyasına qarşı bütün səviyyələrdə geniş etiraz kampaniyaları başlayıb. Güney azərbaycanlı ziyalılar, ədəbiyyat, mədəniyyət xadimləri və adi vətəndaşlarla yanaşı, Təbrizdən İran parlamentinə seçilən millət vəkilləri, o cümlədən Əhməd Əlirzabeygi, Ruhullah Mütəfəkkir Azad, Məhəmmədhüseyn Fərhəngi və başqaları sosial şəbəkələrdə, mətbuatda məsələyə sərt reaksiya veriblər. Təbriz, Üskü cə Tufarqandan İran parlamentinə seçilən Əhməd Əlirzabeygi özünün “Twıtter” hesabında yazıb:
Saib anadan olmamışdan 37 il öncə Füzili dünyasını dəyişmişdi.
İran televiziyasında türkləri və Azərbaycan mədəniyyətini təcrid etmək üçün tarixin təhrifi və bu istiqamətdə başqa fəaliyyətlərin göstərilməsi İran Radio və Televiziyasını daha da hörmətdən salmaq və etibarsız etməkdən başqa bir işə yaramayacaqdır”.
Başqa millət vəkilləri Ruhullah Mütəfəkkir Azad və Məhəmməd Hüseyn Fərhəngi də bu hərəkəti İranda yaşayan türklərə və bütün azərbaycanlılara qarşı təhqir kimi dəyərləndirib, bunun bilərəkdən Azərbaycan mədəniyyətini və tarixi təhrif etməyə yönələn təxribat kimi dəyərləndiriblər. Bununla yanaşı, Şərqi Azərbaycan əyalətinin qubernatoru Məhəmməd-Rza Purməhəmmədi İran Radio və Televizyasının rəhbəri Əli Əsgəriyə məktub ünvanlayaraq yayımlanan verilişi “məsuliyyətsiz yanaşma” adlandıraraq öz etirazını bildirib.O, məktubunda biliksiz və dayaz bir şəxs vasitəsilə Azərbaycan və dünya ədəbiyyatının parlaq nümunələrindən sayılan bir şəxsiyyətin təhqirinin qəbuledilməz olduğunu, İran televiziyasının buna imkan verdiyi üçün məsuliyyət daşıdığını bildirib.Qubernator İran televiziyasında azərbaycanlılara qarşı təkrar təhqir və təhriflərin baş verdiyini xatırladaraq bunun dayandırılmasını, bu fitnələrdə əli olan qərəzli şəxslərin qarşısının alınmasını istəyib. M.Purməhəmmədi İran dövlət radio və televiziya başçısına məktubunda “mən Azərbaycan xalqının nümayəndəsi kimi sizdən belə qərəzli verilişlərin dayandırılmasını, bu işdə əli olan və ölkədə yaşayan xalqların birliyini sarsıdan şəxslərin uzaqlaşdırılmasını, bu təhqirdən incimiş Azərbaycan xalqına nəticənin bildirilməsini və üzr istənilməsini istəyirəm” yazıb.Qeyd edək ki, geniş səviyyədə və bütün təbəqələrdən olan güney azərbaycanlıların etirazları nəticəsində ötən gecə, bazar günü axşamı İran Radio və Televiziya verilişləri bəyanat yayaraq məlum verilişin yayınlanmasına görə Azərbaycan xalqından üzr istəyib.