Bu barədə aprelin 26-da Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda qeyd edilib ki, 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır”.
Məlumata görə həmin xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olub pul əvəzində ayrı-ayrı vətəndaşların guya COVID-19 pandemiyası əleyhinə peyvənd olunmaları barədə saxta sənədlər tərtib etmələrinə əsaslı şübhələr yaranıb: “…cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir”.