İranda şovinizm idmana da sirayət edib: Təbrizin “Traktur” komandasına ögey münasibət göstərilir

Asiya Çempionlar Liqasında yarışan Güney Azərbaycanın Təbriz şəhərinin “Traxtur-Azərbaycan” futbol klubunun oyunları İranın baxımlı rəsmi dövlət televiziya kanallarında yayımlanmaması narazılıq doğurub.

Qəribədir ki, İranın dövlət televiziyasının 3-cü kanalında Tehranın “İstiqlal” və “Persepolis” futbol komandalarının Asiya Çempionlar liqasındakı matçları canlı nümayiş olunur, ancaq Güney Azərbaycanın populyar “Traxtur” komandasının matçları boykot edilir.

Şərqi Azərbaycan Futbol Federasiyasının başçısı Cavad Şeşgelani bununla bağlı İran Radio Televiziya İdarəsinə etiraz məktubu ünvanlayıb. O, “Traxtur”un matçlarının canlı olaraq 3-cü kanaldan yayımlanmasını tələb edib:

Təbrizin “Traxtur” komandasının oyunları “Vərzeş” adlı idman kanalında yayımlanacaq, ancaq iki komandanın “İstiqlal” və “Persepolis”in oyunları 3-cü şəbəkədə yayımlanacaq?!.  “Traxtur” komandası da İranı eyni yarışlarda təmsil edir, bu səbəbdən bu komandanın da oyunlarının 3-cü kanalda canlı yayımlanmasını xahiş edirik”

Qeyd edək ki, “Traxtur”un oyunlarının televiziyadan canlı yayınlanmaması dəfələrlə tənqid və etirazlara səbəb olub. Daha öncə də İran televiziyasının “Vərzeş” və “Şoma” kanallarında “Traxtur”un Premyer Liqa oyununun canlı yayınlanmaması etirazlara səbəb olmuşdu.

Keçən il “Traxtur”un idarə heyətinin sədri Abbas İlyasi İran televiziyasında idman şərhçilərini və aparıcıları kluba qərəzli münasibətlərinə görə tənqid etmişdi.

O, İranın teleradio qurumunun başçısı Əli Əsgəriyə məktub ünvanlayaraq həmin qərəzli münasibətə son qoyulana qədər “Traxtur”un oyunlarının televiziyadan canlı yayınlanmasına icazə verməyəcəyini bildirmişdi.

Abbas İlyasi “Traxtur” klubu və azarkeşlərinin “pantürkist” və “bölücü” damğasına məruz qaldığını vurğulamış,  İranın teleradio qurumunun idman üzrə şərhçiləri və aparıcılarının buna dəstək verdiyini bildirmişdi. Klub rəhbəri “Traxtur”a qarşı qərəzli davranışdan gileylənmişdi.

AFK-nin rəsmi saytında yerləşdirilən sorğusunda “Traxtur” Asiyanın ən populyar komandası seçilmiş, klubun stadionlara çox sayda azarkeş cəlb etdiyi qeyd olunmuşdu. Buna  baxmayaraq  “Traxtur” ayrı-seçkiliyə məruz qalır.

Xatırladaq ki, hazırda “Traxtur” klubu BƏƏ-nin Şarcə şəhərində keçirilən Asiya Çempionlar Liqasında. “B” qrupunda mübarizə aparır. Qrupda 2-ci yeri tutsa da son oyunda Özbəkistanın “Paxtakor” komandası ilə  0:0 hesabı ilə heç-heçə etməsi klubun sonrakı mərhələyə yüksəlməsini çətinləşdirib.

 

Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir