Türkiyənin ən böyük birbaşa xarici investoru SOCAR-Türkiyə dünya şöhrətli, nüfuzlu “International Finance” jurnalının hər il elan etdiyi Beynəlxalq Maliyyə Mükafatları (International Finance Awards) çərçivəsində bu il iki fərqli kateqoriya üzrə mükafata layiq görülüb.
Mərkəzi ofisi İngiltərədə yerləşən jurnalın “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” (Best Working Capital Management) mükafatatı Türkiyədə “Petkim”ə, “Ən yaxşı qadın maliyyə direktoru” (Best Women CFO) mükafatı isə SOCAR-Türkiyə Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkayaya verilib.
Beynəlxalq arenada böyük nüfuza sahib olan “International Finance” jurnalının eyni zamanda iki mükafatına layiq görülməsinin qürurverici olduğunu deyən SOCAR-Türkiyə Emal və Neft-Kimya Bölməsinin maliyyə işləri üzrə vitse-prezidenti və “Petkim”in baş maliyyə direktoru Elçin İbadov bu xüsusda deyib:
Bu mükafatların bütün dünyanın üzləşdiyi mürəkkəb pandemiya dövründə verilməsi çox dəyərlidir.
Elçin İbadov şirkətin fəaliyyətindən də bəhs edib:
“Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” bu müddətdə SOCAR-Türkiyənin digər şirkəti STAR NEZ ilə inteqrasiya halında işləyərək neft-kimya xammalına ehtiyacını fasiləsiz və yüksək keyfiyyətlə təmin edir. Bunun sayəsində “Petkim” logistika xərclərində ciddi qənaətə nail olub. Həyata keçirdiyimiz məhsuldarlıq və rəqəmsallaşma layihələri ilə yanaşı, məzənnə və faiz riskləri ilə maliyyə alətlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması və dövriyyə kapitalının səmərəli idarəedilməsinin təsiri ilə “Petkim” olduqca uğurlu maliyyə nəticələrinə imza atıb. 2020-ci ildə əməliyyat gəlirliliyini əvvəlki ilə nisbətən 21% artıraraq 1,9 milyard TL-yə çatdıran “Petkim”in ehtiyatlar, debitor borclar, nağd pul və borc idarəçiliyi sahəsində göstərdiyi nəticələrin “Best Working Capital Management” kateqoriyasında mükafata layiq görülməsinə görə böyük fərəh duyuruq”.