Dinamik elmi-texniki tərəqqi forma və mahiyyətcə tamamilə yeni texnologiyaların yaranmasına, bütün bunlar da adi məişət münasibətlərindən tutmuş ictimai-iqtisadi, mədəni, hətta siyasi institutların növbəti təkamül mərhələsinə keçidinə təkan verir.
Elektron inqilab həyatın bütün sahələrini şəbəkə şəklində bir yerdən idarə etməklə qurmağa, yönləndirməyə imkan verməklə yanaşı, siyasi, iqtisadi, ictimai münasibətlərin yeni formalarını törədib. Sosial münasibətlər, məişət vərdişləri və maraqları da qismən elektronlaşıb. Bu proses sürətlənməkdə, fərdi və ictimai həyatın əksər sahələrini əhatə etməklə qloballaşmaqdadır.
Prosesin ən ümdə cəhəti bütün növ informasiya və məlumat bazalarının rəqəmsallaşması, virtual platformalarda toplanmasıdır. Bəşəriyyət artıq maddi və mənəvi dəyərlərin virtual bazasını, həmçinin qarşılıqlı elektron münasibət alətlərini yaradıb.
Bunlardan biri də virtual ünsiyyət və informasiya mübadiləsi vasitələridir. Beynəlxalq şəbəkə, yəni internet bu alət və vasitələrlə yeni rəqəmsal dünya yaradılmasına imkan verən texnologiyadır. Bu dünya artıq var və kifayət qədər böyük, çoxtəyinatlıdır. Ondan necə və hansı məqsədlərlə istifadə etmək isə istifadəçidən asılıdır. Hər halda internetin əhəmiyyəti və ya imkanları barədə geniş söz acmağa ehtiyac yoxdur – bu, artıq əksəriyyətə bəlli bir gerçəklikdir. Amma hər yeniliyin tətbiqində olduğu kimi yanlış yanaşma və ya qüsurlu istifadə internet dünyasında da mənfi fəsadlar törədə bilər.
Əvvəla onu qeyd edək ki, şəbəkə şərti olaraq zonalara ayrılır – buradakı “sərhədlər” xidmət operatorlarının hüquqi baxımdan hansı dövlətə aidiyyətindən daha çox resursların dili ilə müəyyənləşir. Azərbaycan dilindəki resurslar AzNet zonasını, rus dilindəki mənbələr isə RuNet zonasını formalaşdırır. Domen və ya hostinq xidməti (host – internet platformadır, bir növ virtual məkanda “obyekt” işlətmək üçün ayrılan sahə, “ərazi”dir) servislərinin hansı ölkədə yerləşməsindən asılı olmayaraq dil müəyyənedici amildir.
Təəssüf ki, əslində Azərbaycana aid bəzi internet resursları digər zonaların, xüsusilə də RuNet-in zənginləşməsinə xidmət edir – rus dilində saytlar açılır, rus dilində informasiya-məlumat bazası yaradılır və mütəmadi yenilənir, bu dildə də mübadilə aparılır. Əlbəttə ki, bu da lazımdır, hətta zəruridir.
Amma elə sahələr var ki, Azərbaycan dilində internet resurslar olduqca azdır. Xüsusilə elmi və bədii ədəbiyyat bazası digər dil zonaları ilə müqayisədə məhduddur. Əgər digər dillərdə sorğu ilə hər hansı konkret mövzu haqqında minlərlə alternativ mənbə əldə etmək mümkündürsə, Azərbaycan dilində qaynaqlar qıtdır.
Səbəb sadədir: İnternet yerdən çıxan qaynama deyil ki, “göz”ünü eşdikcə “su” – informasiya gurlaşsın, buradan yalnız qoyulanı götürmək mümkündür.
Azərbaycan dilində informasiya-məlumat hövzəsinin zənginləşdirilməsi isə hər bir adi istifadəçidən də asılıdır. İnternetdə fəaliyyət göstərənlər unutmamalıdır ki, istehsal etdikləri hər bayt (şərti olaraq) təqdim edildiyi dilə aid zona bazasında – hövzədə toplanır. Şərtilik ondadır ki, ondan istifadə yalnız yazıldığı dildə, formada axtarış vasitəsilə mümkündür. İnternetin “bələdçi”ləri – axtarış motorları bu prinsiplə işləyir. Sadə formada desək, internetdən Azərbaycan dilində nəyisə əldə etmək üçün onu əvvəlcə ora qoymaq lazımdır.
İNTERNET DİLİ
Anbaan genişlənən internet dünyasında hər dilin virtual prototipi yaranmaqdadır. İnternet platformalarında ünsiyyət və informasiya mübadilələri zamanı fikirlərin, həmçinin hisslərin yeni rəqəmsal izhar formaları Azərbaycan dilinə də təsirsiz ötüşmür. Mənfi təsirin minimuma endirilməsi isə təkcə doğma dilimizin qayda-qanununa məsuliyyətli yanaşmadan keçmir.
Əsas şərtlərdən biri də bunu realizə etməyə imkan verən texnoloji sistemin yaradılmasıdır. Bu da proqram təminatlarından, fərqli əməliyyat sistemlərində onların tətbiqindən ibarətdir. Mobil rabitə və kompüter texnologiyalarında Azərbaycan dilinin tətbiqi ilə bağlı müəyyən texniki problemlərsə hələ də qalmaqdadır. Məsələn, kompüter avadanlıqları və ya mobil internet alətlərinin Azərbaycan dilinə aid spesifik hərflərlə (şriftlərlə), həmçinin işlətmə proqramları ilə təchizi qismən həyata keçirilib.
Amma yetərincə deyil. Bu səbəbdən istifadəçilərin internetdə fəaliyyəti Azərbaycan dilinin eybəcərləşdirilməsi ilə müşayiət olunmaqdadır.
Konkret olaraq bir problem Ə, Ş, Ç, Ğ, Ö, Ü və I hərflərinin tətbiqi ilə əlaqəlidir. Dağa doğrusu, Azərbaycan əlifbasının proqram təminatlarında məhdudluğu və istifadəçilərin səhlənkarlığı ucbatından internet məkanında “yeni” Azərbaycan dili “yaranmaqdadır” . Ş əvəzinə W bəzən $, Ə yerinə E, yaxud A yazanda, I (ı)-ları İ (i), Ç-nı C, Ü-nü U ilə dəyişəndə dilimizin eybəcərləşməsi bir kənara, bəzən mənası anlaşılmayan, yaxud kəskin dəyişən “söz”lər əmələ gəlir. Belə hallar kütləviləşdikcə Azərbaycan dilinə vurulan zərbə də ağırlaşır.
Acınacaqlı haldır ki, bəzi ziyalılar Azərbaycan dilinin təəssübünü məhz bu eybəcər formada yazmaqla çəkir, başqalarını nə iləsə qınayırlar.
Bəli, ola bilər, proqram təminatı məhduddur, ancaq etiraf edək ki, əsas problem özümüzdə – dilimizə xor baxmağımızdadır. Əlbəttə ki, bu, hamıya aid deyil.
Qeyd etdiyimiz kimi, internet axtarış motorları sözləri (informasiyanı) bankdakı mövcud halı (və sayı əsasında) ilə arayır. Yəni hər hansı söz və ya ifadə bazada əsasən (daha çox) səhv formadadırsa, sistem düzgün yazılışlı sözü tanımayacaq – onu səhv biləcək…
Əlamətdar haldır ki, internet xidmətləri sırasına digər dillərdən Azərbaycan dilinə, eləcə də əksinə tərcümə imkanı daxil edilib. Bu sinxron tərcümə xidməti dəqiqliyi ilə seçilməsə də, ən azı, məlumatın məğzini qismən anlamağa və ya çatdırmağa yetir. Son dövrlərin yeniliklərindən biri də internet resurslarının dil-orfoqrafiya təminatlı proqramlarla təchizinin mümkünlüyüdür. Yazının orfoqrafik, qrammatik, hətta dil-üslub xətalarını avtomatik üzə çıxaran və düzgün, həmçinin alternativ variant təklif edən proqram təminatı əvvəllər yalnız ofis proqramlarında işlədilirdi.
Beynəlxalq dünya dillərinin belə proqram təminatı kompüter əməliyyat sistemlərinə (proqramlarına) standart zərfdə salınıb. Mütəmadi olaraq da yenilənir, təkmilləşdirilir. Hazırda bu proqramın tətbiq sferası xeyli genişlənib və internet resurslarda da tətbiq olunur. İstənilən yazılı əməliyyat zamanı istifadəçi tərəfindən təyin edilən dildə söz, ifadə, mətn yoxlanılır. İnternet servislərin əksərində yazılışa avtomatik korrektor nəzarət edir və ofis proqramındakı imkanları istifadəçi üçün yaradır: söz səhv yazıldığı təqdirdə altından xəbərdaredici qırmızı xətt çəkilir və onun düzgün yazılış forması təklif olunur.
Təəssüf ki, AzNet zonasında Azərbaycan dilinin yazılışına geniş formatda nəzarəti həyata keçirməyə imkan verə biləcək belə proqram təminatlı xidmətə rast gəlinmir. Amma bu mümkündür. Sadəcə qeyd olunan proqram azərbaycanlılaşdırılmalıdır.
Qeyd edək ki, əslində Azərbaycan dilinə aid belə bir ofis proqramı var. Özü də bu proqram təxminən 10 il bundan qabaq yaradılarkən kommersiya məqsədləri güdülməyib: humanitar maliyyə dəstəyi ilə işlənilib, hazırlanıb və açıq, pulsuz istifadəyə verilib. Sonradan istifadəçilərin də yaxından iştirakı ilə proqram təkmilləşdirilib və bazara yenidən, amma bu dəfə pullu çıxarılıb. Özü də baha qiymətə. Ona görə, reklam olmasın deyə, nə bu proqramın adını çəkirik, nə də onun satıcısını.
Mərhələli tərəqqi yolunda bu və ya bənzər proqramların (digər dillərdə olduğu kimi) standart paketlərə daxil ediləcəyini gözlədiyimiz halda onlardan yararlanmanın maddi maraq naminə məhdudlaşdırılmasını Azərbaycan dilinə qayğının təzahürü kimi qəbul etmək mümkün deyil. Hərçənd proqram mahiyyətcə buna xidmət üçün nəzərdə tutulub.
Alternativ təklif isə yoxdur. Görünür, Azərbaycan proqramçılarının stimullaşdırılmasına, yaxud ölkəmizdəki proqram bazarındakı durğunluğun səbəblərinin araşdırılmasına və aradan qaldırılmasına kəskin ehtiyac var.
Acınacaqlı haldır ki, Azərbaycan dilində müxtəlif təyinatlı soft (proqram) təklifi son dərəcə qıtdır. Digər dillərdə, hətta tamamilə pulsuz-parasız proqramlar isə külli miqdardadır. Dövlət dilində kompüter işlətmələri proqramlarının məhdudluğu isə Azərbaycan dilinin tətbiqini məhdudlaşdırmaqla yanaşı, yad dilli mütəxəssislərə tələbatı artırır.
Kütləvi qarşılıqlı ünsiyyət platformalarında da Azərbaycan dilinə münasibət birmənalı deyil. İnformasiya mübadiləsinə, eləcə də müzakirə və mühakimələrə açıq, özü də azərbaycanlılara aid çoxdilli internet resurslarda rus dilinə göstərilən həssas qayğı nədənsə Azərbaycan dilinə münasibətdə təzahür etmir.
Azərbaycanda populyar bütün rusdilli forum və sosial şəbəkələrdə rus dilində latın qrafikası ilə yazmaq qəti qadağan olunduğu və buna ciddi nəzarət edildiyi halda, Azərbaycan dilinin yazılış qaydalarına analoji tələbkarlıq yoxdur. Halbuki, rus dilində yazılışlar üçün müəyyənləşdirilən virtual qaydalar çərçivəsində Azərbaycan dilinin də düzgünlüyü və təmizliyinə riayət olunmasını təmin etmək mümkündür. Əgər bir yerdə rus dilində latın qrafikası ilə yazmaq qadağan edilirsə, kompüterində kiril qrafikası olmayan, məsələn, Avropa və ya Amerika istifadəçisindən translit servizlərindən istifadə tələbi irəli sürülürsə, deməli, öz dilimizin də latın qrafikalı Azərbaycan əlifbası ilə yazılışı da şərt kimi qoyulmalı, problemin həlli yolu da göstərilməlidir.
Bunun yolu isə çox sadədir – hər əməliyyat sisteminə uyğun Azərbaycan əlifbası hərflərindən ibarət müvafiq şrift zərfləri və onların tətbiqini asanlaşdıran internet mənbələr mövcuddur.
Proqram təminatlarındakı standartlardan kənar təkliflər də müəyyən problemlərin qaynağıdır. Əvvəla, latın qrafikalı Azərbaycan dili əlifbası standart olaraq klaviaturaların yuxarı – ingilis hərfləri və işarələri düzülmüş qatda yerləşdirilib. Aşağı – kiril qrafikası düzülüşündə Azərbaycan əlifbasının kodlaşdırılması beynəlxalq sistemlər tərəfindən tanınmır.
Protokol və şifrləmə standartlarına uyğun gəlməyən belə mətinlər latın qrafikası ilə yığılsa da, yalnız lokal şəbəkədə uyğunluq proqramlarının mövcudluğunda kompüter tərəfindən düzgün oxunur. Dünyanın başqa yerlərindəki standart proqram təminatlı kompüterlər isə onları “tanımır”.
Doğrudur, bir lokal standartdan qlobal standarta keçməyə imkanı verən konvertasiya proqramları da mövcuddur. Hər halda beynəlxalq standartlar üzərindən yazı və texniki vərdişlərə yiyələnmək daha məqbul sayılmalıdır.
Beləliklə, həm real, həm də virtual həyatda Azərbaycan dilinin geniş tətbiqini və hegemonluğunu təmin etmək, düzgün istifadəsinə nail olmaq üçün təkcə istək azdır. Bunun üçün real və konkret iş görülməlidir – mütəşəkkil və fərdi qaydada. Bu, təkcə günümüzün deyil, həm də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələbidir.