Texniki baxışdan uğurla necə keçmək olar?

Texniki baxışdan uğurla keçmək hər avtomobil sahibinin arzusudur. Təəssüf ki, bu, heç də asan məsələ deyil. Hətta avtomobil tamamilə saz vəziyyətdə olsa belə, Azərbaycanda aparılan texniki baxış proseduru zamanı nasaz çıxa bilər.

Bununla belə, buna cəhd etmək olar.  Bunun üçün isə ilk növbədə avtomobil, həqiqətən də, saz vəziyyətə gətirilməlidir.

Bu, texniki baxışın nəticəsindən də vacibdir. Çünki nasaz avtomobil təkcə özümüzün və ailə üzvlərimizin deyil, ətrafdakı insanların da həyat və sağlamlıqlarına təhlükədir. Odur ki, hədəf cərimələnməmək üçün texniki baxış “talon”u almaq deyil, təhkükəsizliyimiz naminə avtomobili  sazlamaq olmalıdır.

Avtomobillər nə zaman texniki baxışa təqdim olunmalıdır?

Əgər avtomobil yenidirsə  4 ilin tamamından sonra,  5-ci ilində texniki baxışdan keçirilir. Məsələn: 2016-cü il istehsalı olan avtomobil 2021-cü ildə texniki baxışa təqdim olunmalıdır.

İstehsal tarixi üzrə 4 ili tamam olmuş avtomobillər isə 2 ildən bir texniki baxışdan keçirilməlidir. Məsələn: 2014-ci ilin avtomobili 2019-ci ildə texniki baxışdan keçirildikdən sonra  növbəti dəfə texniki baxışa  2021-ci ildə aparılmalıdr.

İstehsal tarixindən 10 il keçmiş avtomobillər hər il texniki baxışdan keçirilməlidir.

Avtomobilləri texniki baxışdan Bakıda  – Zabrat-Maştağa yolu üzərində  yerləşən texniki baxış məntəqəsində və bölgələrdə rayon DYP məntəqələrində keçirmək olar.

Texniki baxışdan keçmək üçün nəqliyyat vasitəsi aşağıdakı texniki göstəricilərə malik olmalıdır:

  • 1. Dəm qazı
  • 2. Şinlərin protektoru (ən az 1.6 mm)
  • 3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa – palçıq qaytaranlar  (brızqoviklər)
  • 4. Çatsız şüşələr (alın şüşə, yan şüşə və AZS 122-2004 standartına uyğunluq)
  • 5  İşıqlarınız saz vəziyyətdə olmalıdır. (İşıqları öncədən servisdə yoxlatdırıb, sazlayıb  rəsmi arayış  almağınız məsləhətdir. Əgər  texniki baxış zamanı  “işıqlarınız nasazdır” deyilsə, bu arayış karınıza gələ bilər)
  • 6. Təhlükəsizlik kəməri
  • 7. İşlək əyləc sistemi
  • 8. Yağ və ya yanacaq sızması olmamalıdır

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması vacibdir.  Tibb çantasının tərkibinə diqqət edin: bu, müvafiq siyahıya uyğun olmalıdır. Siyahını isə

“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin QƏRARI əsasında yoxlaya bilərsiniz.

Qanuna əsasən texniki baxış üçün dövlət rüsumu sadəcə 30 manatdır. Yol vergisi yoxdur.  30 manatı bank, kassa, pos-terminal və online ödəmək mümkündür.

Texniki baxış zamanı nə və necə yoxlanılır?

Texniki baxış məntəqəsinə gəldikdən sonra  baxış aparılan boksdan birinin önündə dayanın.

Avtomobilinizdə videoqeydiyyat cihazı varsa, sizdən onu söndürməyi istəyə, səbəb olaraq xüsusi əhəmiyyətli obyekt olduğunu deyə bilərlər. Halbuki, xüsusi əhəmiyyətli obyektlərə  mülki şəxslər buraxılmır. Deməli, bura xüsusi əhəmiyyətli  yer deyil.  Bu, sizin üçün prinsipial əhəmiyyət daşımırsa, cihazı söndürə, daha sonra istədiyiniz vaxt yenidən işlək vəziyyətə gətirə bilərsiniz.  Azərbaycan qanunvericiliyi bunu qadağan etmir.

İlk olaraq texniki pasport və avtomobilin məlumatları yoxlanılır: icbari sığorta, rəng, şassı, ban nömrəsi, tibb çantası, yanğınsöndürən, qəza-durma nişanı və onların  yararlılığı.

Dəm qazının yoxlanılması

Ölçmə işi aparmazdan öncə mühərriki işə salın. Mühərrik sönüklü vəziyyətdə cihazı səsboğucusuna daxil edərlərsə və siz bundan sonra mühərriki işə salarsınızsa, nəticələr pis ola bilər. Mühərrik işlək vəziyyətdə olmalıdır. “Qaz vermək” tələb olunsa, etiraz edin – ölçmə sabit vəziyyətdə aparılmalıdır. Bu müddətdə  mühərriki söndürməyin.

Qeyd: 2010-2012 1 iyul istehsal tarixinə qədər olan avtomobillər AVRO 2, 1 iyul 2012-dən sonra gələn avtomobillər isə AVRO 3 standartı əsasında yoxlanılmalıdır.

Həmçinin dəm qazının yoxlanılması Rusiya Federasiyasında qəbul edilmiş və bizdə də keçərli olan GOST-a uyğun aparılmalıdır. Həmin GOST-la BURADA  tanış ola bilərsiniz.

İşıqların yoxlanılması

Avtomobilin işığı yoxlanılan zaman  yoxlama cihazı çirklidirsə, onu təmizlətdirin. Digər yoxlanışa keçənə qədər nəticəni öyrənin. Çünki avtomobilinizdə işıq nizamlayıcısı varsa, ola bilər onun vəziyyəti səhv rejimdədir. Onu düzəltdirib yenidən yoxlatdırın. Cihaz dəqiq nizamda olmalıdır. Fara güzgüləri üzrə kalibrləmə hər fara  üçün ayrıca aparılmalıdır və hər ikisi yoxlanılmalıdır.

Cihazın arxasında xüsusi halqa vasitəsilə hər avtomobilə uyğun ayarlamalar var. Ona görə bu ayarlara diqqət edin: avtobusun işıqlarını sizin avtomobildə yoxlamasınlar…

Yoxlama cihazından istifadə qaydaları ilə BURADA  tanış ola bilərsiniz.  Əgər prosedur zamanı sapmalar olarsa, təlimatın tələblərinin pozulmasını qeyd edin.

İşıq nizamlama cihazının təlimatı:  İNCLİNATİON SET bölməsinə diqqət edin. Onlar işığın müəyyən edilmiş düşmə bucağını tapmalıdırlar. Əgər bu yoxdursa, yerli normativlərə əsaslanmalıdırlar. Milli normativimiz olmadığına görə Rusiya Federasiyasında qəbul edilmiş BU GOST-dan istifadə edilir.

Həmçinin cihazda işıqların yerdən hündürlüyü ölçüsünü  də qeyd etmək lazımdır. Bunlar olmasa, o zaman cihaz işıqların nasaz olması haqqında məlumat verəcək.

 Amortizasiya və əyləclər

Qanunvericiliyə əsasən amortizasiyaların nasazlığı istismarı qadağan etmir və texniki baxışda bu, tələb edilə bilməz.

Daha çox sürücülər məhz əyləc yoxlanılmasından “2” alırlar.

Avtomobilin əyləc sistemi “Yol hərəkəti haqqında” qanunun  1 saylı əlavəsinin tələblərinə uyğun gəlməlidir: saatda 40 km sürətdə minik avtomobilinin tormoz məsafəsi (əyləc yolu) 12,2 m olmalıdır. Əl əyləci 23 dərəcə bucaq altında avtomobilin hərəkətsizliyini təmin etməlidir.

Texniki baxışdan uğurla keçmək üçün düz istiqamətdə stendə doğru hərəkət etmək lazımdır. Sükanı fırlatmayın və hər zaman düz saxlayın. Sizdən əl əyləcini dartmağı xahiş etdikdə birdən (sərt) dartmayın. Bunu yavaş edin, birdən dartdığınız təqdirdə avtomobilin arxası sürüşəcək və siz texniki baxışdan keçməyəcəksiniz. Ümumiyyətlə, bu yoxlanış zamanı təkərlərin balansı düzgün olmalıdır. Təkərlərdəki hava təzyiqini də əvvəlcədən yoxlayın və düzəldin.

Əyləc sistemləri və avtomobilin texniki sazlığı ilə bağlı ƏSAS götürülməli GOST da Rusiyaya aiddir.

Əgər avtomobildə texniki nasazlıq varsa, bu iki nüsxəli aktla rəsmiləşdirilməli və texniki nasazlıq barəsində nəticə bu akta əlavə edilməlidir.

Sadəcə “get, maşının xarabdır” deməklə geri göndərilə bilməz.

Xatırladaq ki, qanunvericilikdə edilən son dəyişikliklərə əsasən, texniki baxış zamanı nazaslıq qeydə alınmış avtomobillər növbəti baxışa bu qüsurları aradan qaldıraraq aparılmalıdır.

Əlavə olaraq  texniki nasazlıqların aradan qaldırılması ilə bağlı servisdən rəsmi arayışınız olarsa, bu, texniki baxışdan uğurla keçməniz üçün ciddi əsas ola bilər.

 

QEYD: Məqalədə avtostop.tv, azpdd.com saytlarındakı materiallarından və digər mənbələrdə dərc edilmiş  qanunvericilik aktlarından  istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir