Kolumbiya polisi ölkədə bir neçə gün ərzində keçirilən etiraz aksiyaları zamanı 430-dan çox insanı saxlayıb.
“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Cənubi Amerika respublikasının milli müdafiə naziri Dieqo Molano bildirib.
“Biz 431 nəfəri saxlamağa müvəffəq olduq”, – nazir tvitterdəki öz səhifəsində yazıb.
O əlavə edib ki, etirazlar zamanı 846 nəfər xəsarət alıb. Onlar arasında 540 polis əməkdaşı da var.
Yerli “Efe Eme” radiostansiyası isə bildirib ki, aksiyalar zamanı 17 nəfər öldürülüb.
Çərşənbə günündən başlayaraq Kolumbiyanın təxminən hər yerində vergi islahatına qarşı nümayişlər keçirilir. Boqotada, Kalidə, Medelinada və başqa şəhərlərdə iğtişaşlar qeydə alınıb. Cümə günü hökumət islahata dəyişikliklər etməyə razılıq verib, ancaq etirazlar davam edir.