Kazanda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycan cüdoçusu bürünc medal qazanıb.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Murad Fətiyev üçüncü yer uğrunda qarşılaşmada belaruslu Yunus Bekmurzayevi məğlub edərək bürünc medal qazanıb. Beləliklə, komandamız turnirdə ilk medalını əldə edib.
Rəqibinə cərimə xalı ilə qalib gələn Fətiyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Aktivinə daha 500 xal yazdıran cüdoçu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı tam olaraq təmin edib.
Qeyd edək ki, cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Yetmiş doqquz ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 7-dək davam edəcək.