Yaponiya hökuməti bölgədə koronavirusun sürətlə yayılması ilə əlaqədar olaraq Hindistan, Nepal və Pakistandan əcnəbilərin, o cümlədən uzunmüddətli viza sahiblərinin ölkəyə girişini tamamilə qadağan etmək qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qadağa Yaponiyaya getməzdən əvvəl 2 həftə ərzində qeyd olunan ölkələrdən birini ziyarət etmiş əcnəbiləri əhatə edəcək.
Müvafiq qərar mayın 14-də qüvvəyə minə bilər.
Aprelin sonundan etibarən Hindistanda koronavirusa yoluxma hallarında güclü artım olub.
Ötən gün ərzində Hindistanda 348 min 421 yeni yoluxma faktı qeydə alınıb, pandemiya dövründə yoluxanların ümumi sayı 23 milyon 340 min 938-ə çatıb.
Hindistanda ötən sutka ərzində COVİD-19 səbəbindən 4 205 nəfər həyatını itirib. Atipik pnevmoniyadan vəfat edənlərin ümumi sayı 254 min 197-yə yüksəlib.