Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.
- 70 kq-da çıxış edən sərbəst güləşçi Cəbrayıl Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Moldova güləşçisi Nikolay Qrahmezlə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb və Skopyedə Azərbaycan himnini səsləndirib.
57 kq çəkidəki Əliabbas Rzazadə ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub.
- 1/4 finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən Rzazadə yarımfinala yüksəlib.
- O, 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya güləşçisini də yendikdən sonra finala vəsiqə qazanıb.
- Həlledici görüşdə Rusiya təmsilçisi Axmed İdrisovə uduzan Rzazadə gümüş medalla kifayətlənib.
65 kq-da Zirəddin Bayramov ilk görüşdə rusiyalı Abdulməcid Kudiyevə uduzsa da, rəqib finala yüksəldiyi üçün bu gün təsəlliverici görüşə çıxıb.
- Moldova təmsilçisi Sergey Lupaskoya tam üstünlüklə qalib gələn Bayramov axşam seansında 3-cü yer üçün güləşib.
- O, Belarusdan olan Vladislav Koykaya da heç bir şans tanımayıb və bürünc medala sahib olub.
Nəhayət, 97 kq-da İslam İlyasov debütdə Rusiya güləşçisi Aslanbek Sotiyevə yenilib. Lakin Sotiyev finala yüksəldiyi üçün İlyasov təsəlliverici qarşılaşmaya vəsiqə qazanıb. Bununla belə, polşalı Mixal Bielavski onunla görüşə çıxmayıb.
- Azərbaycanlı pəhləvan bürünc medal görüşündə isə gürcüstanlı Luka Xutçuanı böyük hesabla məğlubiyyətə uğradaraq növbəti bürünc medalı əldə edib.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayıblar”.
Mənbə: Report