Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edib.
Britaniyalı naziri salamlayan Prezident İlham Əliyev:
– Əminəm ki, komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz. Əminəm ki, sizin səfəriniz planlarımızın icrasında və yeni tədbirlərin planlaşdırılmasında çox önəmli bir addım olacaqdır. Əlbəttə ki, səfər uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi hətta daha da gücləndirəcəkdir. Sizin bildiyiniz kimi, mən dəfələrlə Birləşmiş Krallıqda olmuşam. Sonuncu səfərim üç il bundan əvvələ təsadüf edib. Onda o vaxtkı Baş nazir xanım Mey ilə görüşmüşdüm və çox yaxşı müzakirəmiz olmuşdur. Bundan sonra pandemiyaya baxmayaraq münasibətlər çox fəal fazada idi. Beləliklə, bu ilin fevral ayında biz nazir xanım Mortonu qəbul etdik. Onunla da yaxşı söhbətimiz oldu. İndi siz səfər edirsiniz. Bütün bunlar çox fəal siyasi dialoqu və iqtisadi sahədə böyük perspektivləri nümayiş etdirir.
Sizin Azərbaycana gəlişinizdən əvvəl məlumatlara nəzər saldım və gördüm ki, Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb. Bu, həqiqətən də çoxdur. Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır. Bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb.
Sizin bildiyiniz kimi, həm BP, həm də Azərbaycan bərpaolunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var. Xüsusilə Qarabağın işğaldan azad olunmuş ərazilərini “yaşıl zona” və “ağıllı şəhər” elan etdiyimizi nəzərə alsaq, bu, bizim üçün çox faydalı olacaqdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində bizimlə işləmək üçün ilk əcnəbi şirkətlər sırasında Britaniya şirkətlərini də tərəfdaşlarımız qismində dəvət etmişik və bu proses artıq başlayıb. Artıq şəhərlərin baş planları hazırlanmışdır və biz çox fəal fazadayıq. Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik. Əminəm ki, komissiyanın iclası zamanı bu məsələ də müzakirə olunacaqdır. Beləliklə, bizim ikitərəfli əməkdaşlığımızın həqiqətən də geniş gündəliyi var. Bir daha Azərbaycana xoş gəlmisiniz.
X X X
Böyük Britaniyanın ixracat naziri Qraham Styuart:
-Zati-aliləri, məni səmimi qarşıladığınız üçün çox sağ olun. Burada olmaq çox xoşdur. Birləşmiş Krallıq, Sizin də bildiyiniz kimi, Azərbaycanın uzunmüddətli tərəfdaşıdır və ölkənizin suverenliyini, müstəqilliyini müdafiə edir. Biz bu uzun illər ərzində Azərbaycanın tərəfdaşı olmaqdan məmnunluq və şərəf hissi duyuruq. Bizi, həmçinin bir çox məsələlər maraqlandırır. Lakin mən bunlardan ikisini seçərdim. Birincisi, Birləşmiş Krallığın da sadiq olduğu, Sizin daha da yaşıl və dayanıqlı gələcəyə dair baxışınızdır. Hesab edirəm ki, Azərbaycanın nəinki təkcə uğurlu neft və qaz iqtisadiyyatına malik olan ölkə, eləcə də gələcəyi düşünən və uzunmüddətli perspektivdə strateji planlar quran bir ölkə olmasını təmin etmək Sizin baxışınıza uyğundur. Çünki gələcək daha da yaşıl olacaq, qlobal investisiyalar bu sahəyə yatırılacaq və münasibətlərimizi dərinləşdirmək üçün fürsət olacaq. Sizin də qeyd etdiyiniz kimi, BP strateji tərəfdaşınızdır, orada böyük imkanlar var. Düzgün siyasət və tədbirlər müəyyənləşdirməklə, Sizin ölkəniz üçün uzunmüddətli mirasınız ondan ibarətdir ki, Siz ölkənizi neft və qaz əsasında qurub inkişaf etdirmisiniz, lakin, eyni zamanda, gələcəyə də baxırsınız.
Mənbə: president.az