Dünya Səhiyyə Təşkilatı (DST) COVİD-19 pandemiyası ilə bağlı vəfat edənlərin sayının indiyədək təsdiqlənən rəsmi statistikadan iki-üç dəfə çox ola biləcəyini bəyan edib.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
Təşkilatın illik hesabatına görə, 2020-ci ildə pandemiya səbəbindən həyatını itirənlərin ümumi sayı ən azı 3 milyon nəfərə çatıb. Bu da rəsmi rəqəmlərdən 1,2 milyon nəfər çoxdur.
DST-nin baş direktorunun məlumat, analitika və nəticələrin qiymətləndirilməsi üzrə köməkçisi Samirə Asma vəfat sayının rəsmi rəqəmlərdən çox olma ehtimalını təsdiq edib.
O bildirib ki, pandemiyadan ən çox insan itkisi Latın Amerikası ölkələrində və Asiyada qeydə alınıb: “Rəsmi təsdiqlənən statistikada 3,4 milyon ölüm halı olsa da, pandemiya dövründə indiyədək vəfat sayının 6-8 milyon arasında olması mümkündür”.