Ermənistanın keçmiş (birinci) prezidenti Levon Ter-Petrosyan ölkəsindəki siyasi-ictimai vəziyyətlə bağlı bəyanat verib. O, müharibədən sonra Ermənistanda hökm sürən siyasi ritorikanın yeni itkilərə və məyusluqlara səbəb olacağını vurğulayıb.
Ter-Petrosyan 44 günlük müharibəyə görə təkcə Baş nazir Nikol Paşinyanın məsuliyyət daşımadığını bildirib. Eks-prezident məğlubiyyətə görə Paşinyanın sələflərini ittiham edib. O, əsas niyyətləri Paşinyanı devirmək olan “Vətənin xilası hərakatı”nı yaradan qüvvələri nəzərdə tutduğunu söyləməklə konkret ünvan da göstərib.
Ter-Petrosyan “iLur.am” saytında dərc olunmuş bəyanatında qeyd edib ki, Paşinyanın opponentləri onu məğlubiyyətdə günahlandırırlar, amma həqiqəti yarımçıq söyləyirlər: “müxalifət etiraf etmək istəmir ki, Paşinyan onların yardıqları, törəməsidir”
O, özündən sonrakı dövrlərdə – 1997-ci ildən etibarən bütün siyasi qüvvələrin ardıcıl olaraq Qarabağ probleminin Ermənistan üçün məqbul şərtlərdə və uğurlu həlli təşəbbüslərini pozduğunu deyib və əlavə edib:
Bu qüvvələr Qarabağda status-kvonun saxlanılması və hər hansı kompromis variantdan imtina siyasəti yürüdüblər. Nəticədə ölkəni bu gün yalnız Paşinyanı günahlandırdıqları fəlakətə gətirib çıxarıblar.
Xalqın və ordunun şəninə tərif söyləyən Ter-Petrosyan “hakimiyyətlərin cinayətkar siyasəti nəticəsində ordu şəxsi heyətin sayına və müasir silahlarına görə dəfələrlə onu üstələyən rəqiblə savaşmağa məcbur qalıb” deyib.
O təəssüflə qeyd edib ki, Ermənistan və diaspora məğlubiyyətdən heç bir nəticə çıxarmayıb. Eks-prezident Ermənistanda müharibədən sonrakı ritorikanın yenə də boş, xarici dünyadan mənasız gözləmədən ibarət olduğunu vurğulayıb. Ter-Petrosyan Türkiyə və Azərbaycana qarşı təhdidlərin və hərbi revanşizm ritorikasının təhlükəsindən də bəhs edib. O, bu siyasi tendensiyanın seçkiqabağı daha da artacağına əminliyini ifadə edərək deyib:
Belə şəraitdə vəziyyətin sağlamlaşacağına ümid bəsləmək mümkün deyil. Bu isə o deməkdir ki, erməni xalqını yenə də itkilər və məyusluq gözləyir.
Qeyd: Xatırladaq ki, Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi də iştirak edəcək.