Bu barədə məlumat “YouTube” kanalı olan hər kəsə göndərilib. Şirkət elektron məktubunda yaxın zamanda “YouTube”-dən istifadə şərtlərinin yenilənəcəyi və bəzi dəyişikliklərin qüvvəyə minəcəyindən bəhs edib.
Yeni şərtlərə əsasən,
- “YouTube” işgüzar əməkdaşlıq müqaviləsi olmayan kanallarda da reklam yerləşdirəcək.
Qeyd edək ki, buna qədər istifadəçilərin “YouTube” kanallında reklamlar yalnız onlar Tərəfdaşlıq Proqramına qəbul olunandan sonra yerləşdirilirdi. Bu yolla da kanal istifadəçiləri pul qazanırdı.
Şirkət Tərəfdaşlıq Proqramına daxil olmayan kanallarda reklam yerləşdirəcəyi halda kanal sahiblərinə vəsait ödəyib-ödəməyəcəyinə aydınlıq gətirməyib.
Yeniliklərdən biri də vergi ilə əlaqəlidir:
- Bundan sonra “YouTube” kanalından qazanc götürənlər ABŞ qanunvericiliyi əsasında “Google” şirkətinə vergi ödəyəcək.
Bir digər və məktubda ilk olaraq vurğulanan bənd təhlükəsizliklə bağlıdır. “YouTube” şərtlərində əvvəllər də qeyd olunan qaydalar indi daha qabarıq ifadə olunacaq:
- “YouTube” platformasında istifadəçinin şəxsiyyətini müəyyənləşdirmək üçün onun razılığı olmadan məlumat toplamaq qadağandır. Bu, sifətdən tanıma funksiyası vasitəsilə əldə olunan şəkillərə də aiddir.
Qeyd: “YouTube”-un yeni redaksiyada istifadə şərtləri ötən ilin noyabrından ABŞ-da qüvvədədir. Qalan dünya üçün bunların qüvvəyə minəcəyi dəqiq tarix şirkətin məktubunda qeyd olunmayıb. Bu xüsusda “yaxın zamanda” deyilib.