Bir neçə gün əvvəl Türkiyədə təcili eniş etmiş Azərbaycanın Mİ-17 hərbi helikopterində yaranmış texniki nasazlıq ekspert qrupu tərəfindən tam aradan qaldırılıb və o, uçuşa hazır vəziyyətə gətirilib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, hərbi helikopterin mühərrikində yaranmış nasazlıq aradan qaldırılıb və sınaq uçuşundan sonra 6 hərbçi ilə birlikdə Ordu əyalətinə, bundan sonra isə Amasiyaya uçub.
Qeyd edək ki, hadisə mayın 20-də yerli vaxtla saat 19:00-da Tirebolu rayonunda baş verib. Altı hərbçinin olduğu helikopter texniki nasazlıq səbəbindən təcili eniş edib. Helikopterə ekspertlər tərəfindən baxış keçirilib və o, təmir işlərindən sonra, mayın 21-də növbəti sınaq uçuşu həyata keçirib. Lakin helikopter səmaya qalxdıqdan 5 dəqiqə sonra texniki nasazlıqla əlaqədar yenidən eniş edib. Bundan sonra helikopterdə yenidən təmir işləri aparılıb.