Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

Mayın 24-də Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr edilmiş “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib.

Azərbaycanın Çindəki Səfirliyindən  verilən məlumata görə, “Nizami İli” çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey, ŞƏT-ə üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrin səfirləri və nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri və Çinin aparıcı media qurumlarının jurnalistləri iştirak ediblər.

Tədbirdə  öncə Heydər Əliyev Fondu tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə hədiyyə olunmuş Nizami Gəncəvinin büstünün açılışı olub. Bu, ŞƏT-in katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş oluncaq 2-ci büstdür.

Daha sonra qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş və hazırda dünyanın tanınmış muzeylərində nümayiş olunan miniatürlərin, habelə dahi şarinin poemalarındakı hadisələri əks etdirən xalçaların fotosərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin təkcə Şərqin deyil, bütünlükdə dünya ədəbiyyatının inkişafına böyük töhfə verdiyini bildirib. O, Şərq intibahının banisi hesab edilən Nizami Gəncəvinin yaradıcılığının ölməz və bəşəri olduğunu, məhz Nizaminin yaradıcılığı ilə Şərq poeziyasının başladığını vurğulamışdır. Qeyd edilmişdir ki, ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olmuş, heç vaxt doğma Gəncəni tərk etməyən şair böyük bir vətənpərvərlik nümayiş etdirmişdir. Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutmuşdur. ŞƏT-in Baş katibi bir çox şairinin dahi Nizami Gəncəvinin ədəbiyyatda açdığı yolu ilə getdiyini, onun əsərlərinin təsiri altında yazıb-yaratdıqlarını da fikirlərinə əlavə edib.

Vladimir Norov 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimini xatırlatmış, ŞƏT-in katibliyində dahi Nizami Gəncəvinin anadan olmasınən 880-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinə verdiyi dəstəyə və Nizami Gəncəvinin büstünü hədiyyə etdiyinə görə Heydər Əliyev Fonduna təşəkkür ifadə edib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı öz çıxışında bildirmişdir ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünün ölməz və bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizmin, xeyirxahlıq və ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr etmişdir. Mübaliğəsiz demək olar ki, Nizami dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün və gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq.

Səfir Ə.Zeynallı qeyd etmişdir ki, Nizami Gəncəvi öz ədəbi irsi ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdəndir. Əsərlərində müxtəlif xalqların həyatını təsvir edən Nizami Gəncəvinin ölməz “Xəmsə”si multikultural dəyərləri, elmi, sülh və tərəqqini təbliğ edib. Bu ideyalar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində də əksini tapır.

Əkrəm Zeynallı Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasının fəaliyyətinin əsas istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun dahi şair Nizami Gəncəvinin irsinin təbliğinə də böyük diqqət ayırdığını vurğulamışdır. Heydər Əliyev Fondu tərəfindən şairin əsərlərinin bir neçə dilə tərcümə olunduğuna, eləcə də Paris, Strasburq, Roma, London, Moskva və başqa şəhərlərdə Nizamiyə həsr edilmiş sərgi və təqdimaların keçirildiyinə diqqəti yönəltmişdir. Heydər Əliyev Fondu tərəfindən ŞƏT-in Katibliyinə Nizami Gəncəvinin büstünün hədiyyə edilməsinin əhəmiyyətini vurğulayan səfir, bu nəcib təşəbbüsə, eləcə də “Nizami Gəncəvi-bütün bəşəriyyətin şairi” mövzulu bədii gecənin keçirilməsinə verilmiş dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Həmçinin səfir Əkrəm Zeynallı Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı büstünün müəllifi olan heykəltəraş-rəssam Yüen Sikunun Prezident İlham Əliyev tərəfindən Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini diqqətə çatdırmış, ordeni və onun vəsiqəsini Yüen Sikuna təqdim etmişdir.

Nizami Gəncəvinin bütün bəşəriyyətə xidmət etdiyini, ədibin fikirlərinin insanlara mənəvi qida olduğunu bildirən Yüen Sikun “Nizami İli”ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülməsindən qürur duyduğunu bildirmiş və dövlətimizin başçısına bu yüksək mükafata görə təşəkkür etmişdir. O, bundan sonra iki ölkə arasındakı mədəni mübadiləyə töhfə vermək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Sonra tədbirdə dahi şairin yaradıcılığına həsr olunmuş “Davamiyyət hekayəsi-Nizamidən Puççiniyə” adlı qısametrajlı film nümayiş edilmiş, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə tələbələri tərəfindən Nizami Gəncəvinin əsərlərindən parçalar Azərbaycan və Çin dillərində səsləndirilib.

Bədii gecə Çinin məşhur “Kəhrəba” (Amber Quartet) kvartetinin konserti ilə yekunlaşmışdır. Konsert zamanı Üzeyir Hacibəylinin, Qara Qarayevin, Fikrət Əmirovun və Tofiq Quliyevin Nizami irsinə həsr edilmiş əsərlərindən ibarət klassik musiqi parçaları ifa olunub.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycan mədəni irsinə aid nəşrləri, o cümlədən Nizami Gəncəvinin əsərləri daxil edilən kitablar, bukletlər, CD-lər təqdim olunub.

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

 

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

 

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

 

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

 

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

 

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

 

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı bədii gecə keçirilib

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.