İyulun 30-da, saat 10:00-da “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 (“Hyatt Regency” iş mərkəzi) ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-2020-ci illər üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, hər iki ilin maliyyə nəticələri üzrə dividend ödənilməsi, Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi, nizamnamə kapitalına və bununla bağlı nizamnaməyə əlavə – dəyişikliklərin təsdiq olunması, “Holcim Technology” şirkəti ilə imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin, “Lafarge Holcim” şirkəti ilə imzalanacaq Brend Müqaviləsinin, “Holcim Auslandbeteiligungs GMBH” şirkəti ilə imzalanacaq borc müqaviləsinin təsdiq edilməsi, müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”nin “LafargeHolcim İnternational Finance” şirkəti ilə əvəz edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.