İranda islahatçıların prezidentliyə namizədi kimi tanınan Mustafa Taczadə seçki prosesindəki qanunsuzluqlar haqqında danışıb.
Konstitusiyaya Nəzarət Şurasında prezidentliyə səlahiyyəti rədd edilən Mustafa Taczadə mayın 25-də bəyanat yayaraq sözügedən şuranı ölkə xalqının hüququna təcavüz etməkdə, seçki prosesini istədiyi məcraya yönəltməkdə günahlandırıb.
Yaydığı bəyanatda Konstitusiyaya Nəzarət Şurasında prezidentliyə səlahiyyətinin rədd olunmasını “qanunsuz” addım adlandıranTaczadə deyib ki, hakimiyyət ən rüsvayçı üsullara əl ataraq seçkiləri əvvəlcədən saxtalaşdırmağa çalışır.
“Biz bundan sonra sakit qalmayacaq, seçkilərin azad şəkildə keçirilməsinin və onun qabaqcadan saxtalaşdırılaraq müəyyən bir məcraya salınmasının qarşısını almaq və Konstitusiyaya Nəzarət Şurası tərəfindən həyata keçirilən belə bir “nəzarət”in ləğv olunması üçün çalışacağıq.
Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədlərin səlahiyyətini qanunsuz olaraq rədd etməklə əslində demək olar ki, millətin hüququna təcavüz edib. Bu artıq seçkilər deyil, təyinatdır. Daha doğrusu, bu artıq seçki prosesini əvvəlcədən saxtalaşdırmaq işindən keçib, təyinata çatıb.
Hakimiyyət isə ən rüsvayçı şəkildə 13-cü prezident seçkilərini istədiyi kanala salmaqla hökumətin müəyyən bir cərəyanın əlində olmasına çalışır. Məqsəd isə, ölkə rəhbərliyinin başqa birisinə ötürülməsi dövründə ölkə əhalisinin 15 faizini təşkil edən bir azlığın əksəriyyətə qarşı inhisarçı hökmranlığını qoruyub saxlamaqdır”, – deyə İranda islahatçıların prezidentliyə namizədi kimi tanınan və Konstitusiyaya Nəzarət Şurasında prezidentliyə səlahiyyəti rədd edilən Mustafa Taczadənin yaydığı bəyanatında bildirilir.
Xatırladaq ki, İranın Daxili İşlər Nazirliyi mayın 25-də bəyanat yayaraq Konstitusiyaya Nəzarət Şurası tərəfindən prezidentliyə namizədliyi təsdiq edilmiş 7 namizədin adlarını açıqlayıb.
Nazirliyin yaydığı siyahıda yalnız 7 iddiaçının: İbrahim Rəisi, Möhsün Rzayi, Möhsün Mehrəlizadə, Səid Cəlili, Əlirza Zakani, Əbdülnasir Hemməti və Əmir Hüseyn Qazızadə Haşiminin prezidentliyə namizəd səlahiyyəti təsdiq edilib.
Lakin Konstitusiyaya Nəzarət Şurası tərəfindən prezidentliyə üç namizədin, yəni İranın “dini lider”inin müşaviri Əli Laricani, İranın birinci vitse-prezidenti İshaq Cahangiri və keçmiş prezident Mahmud Əhmədinejadın səlahiyyətinin rədd edilməsi ölkənin siyasi dairələrində geniş qalmaqala səbəb olub.
Qeyd edək ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.
Mənbə: GünazTv