Diqqətli internet istifadəçiləri, heç şübhəsiz, müşahidə ediblər: bəzi saytların mobil versiyalarını smartfonlarda açarkən, başqalarından fərqli olaraq brauzerin – sayta aid olmayan ən üst hissənin (buna “bar” da deyilir), o cümlədən internet ünvan yerinin müəyyən rənglərdə olduğunu görüblər. Bu rənglər də əsasən saytların stilinə uyğun olur. Yəni, bu, müəyyən vizual-estetik ahəngdə edilir ki, gözəgəlimli, cəlbedici, xoş olsun.
⇓ Əyani olaraq bir neçə nümunəni sizə göstəririk ⇓
Əgər siz də saytınızın mobil versiyasının tərtibatında bu effektdən istifadə etmək istəyirsinizsə, bunun üçün xərc çəkməyə, İP proqramçı və ya mühəndis axtarmağa ehtiyac yoxdur. Sayt inzibatçılığı, kodlar haqqında minimum təsəvvür və vərdişlərə sahibsinizsə, bunu asanlıqla öz saytınızda tətbiq edə bilərsiniz.
Bunun üçün META teqlər olan yerə, yəni saytın “şapka”sında (“header php” qovluğunda) – <head></head> teqləri arasına iki sətirlik bir kod əlavə etmək lazımdır:
1 2 | <meta name=”msapplication-TileColor” content=” #0066FF”> <meta name=”theme-color” content=” #0066FF”> |
Diqqət! Hər bir sətirdə sonuncu işarəni (#0066FF) – rəng kodunu dəyişib öz istək və zövqünüzə (saytınıza) uyğun rəng kodunu yazmağı unutmayın.
Bizim saytın timsalında bunu sxematik olaraq şablon qovluğunda da görə bilərsiniz:
Qeyd! Əgər siz adı çəkilən qovluğun harada yerləşdiyini bilmir, HTML kodla, PHP qovluqlarla rəftar vərdişlərinə malik deyilsinizsə, yaxşı olardı ki, bu işi təcrübəli şəxsə həvalə edəsiniz.