Habil Əliyevin ruhunu incitməyin!

Abbasqulu Nəcəfzadə,

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Bir neçə il öncə, 2020-ci il 8 sentyabrda kulis.az saytında dünya şöhrətli kamança ifaçısı Habil Əliyev haqqında təhriflərlə dolu məqalə təqdim etmişdilər. Bu cızmaqara oxucu diqqəti cəlb etmək və reytinq yığmaq üçün bayağı üsullarla, həm də anonim – imzasız dərc olunmuşdu. 

Musiqiçi və sənətşünas olduğumdan, Habil Əliyevi də şəxsən tanıdığımdan  dərhal həmin məqalədə təhrif olunmuş “sarı” fikirlərə arqument və dəqiq faktlarla  münasibət bildirmişdim:


Qələm əhli, Habil Əliyev kimi korifeylərdən yazanda ehtiyatlı və diqqətli olun…


Həmin təhrif olunmuş fikirlər bu il aparıcı Sərdar Amin tərəfindən yenidən səsləndirilib – bu dəfə “YouTube”  üzərindən  ictimaiyyətə yanlış məlumatlar təqdim olunub, dahi və təkrarsız sənətkar Habil Əliyev haqqında həqiqətə uyğun olmayan təəssürat yaradılmağa çalışılıb.  İlk cümlələrdən bəlli olur ki, çeynənmiş fikirlər (bəlkə də hansısa ermənipərəst tərəfindən) Habil Əliyev haqqında yanlış yazılmış “wikipedia”dan götürülüb.

Yanlış məlumat  zərərli istinad  mənbəyinə çevrilir

Jurnalistikanın qızıl qanunlarından biri  informasiyanın  mötəbərliyini yoxlamaq,  dəlil-sübutla təsdiqini tapmaqdır.  Yalnız bu əsasla hər hansı iddianı fakt olaraq ictimaiyyətə təqdim etmək olar.  Elmdə, sənətşünaslıqda da belədir: iddia faktla isbatlanmalı, eyni qənaət digər mötəbər mənbələrə istinadən təsdiqlənməlidir. Onu da qeyd edim ki, heç bir ciddi KİV və ya elm mərkəzi açıq (hər kəsin müdaxilə edə biləcəyi) elektron  internet mənbə  – “wikipedia”ya güvənib isitinad etməz. Qeyd etdiyim kimi, bu, müdaxiləyə açıq və istinadları şübhəli resursdur. Doğrudur, “wikipedia” bəzi hallarda istinad mənbə göstərərək informasiyanın mötəbərliyini təmin etməyə səy göstərir. Amma bu mexanizm yetərincə işlək və etibarlı deyil.

Məsələn, əgər az-çox tanınan bir mənbə  (yuxarıda qeyd edildiyi kimi)  Habil Əliyev haqqında həqiqətə uyğun olmayan material yayımlayacaqsa, bu, artıq “wikipedia” üçün istnad yeri olacaq. Nəzərə alsaq ki, “Google” axtarış sistemi “wikipedia”nın materiallarını ilk sırada tədqim edir, bununla da yalan, xətalı informasiyaların yayılma, kütləviləşmə ehtimalı xeyli yüksəlir.

“Habil Əliyev” yazıb axtarış verən hər kəs, ilk növbədə, məhz  “wikipedia” materialı ilə üzləşir. Odur ki, “wikipedia”nın virtual, mücərrəd redaksiyası, həmçinin bu resursa material yükləyən şəxslər istinad mənbəyi  seçərkən diqqətli olmalı, sarı mətbuata deyil, elmi-akademik araşdırmalara  üstünlük verməlidirlər. Əks təqdirdə, gələcək nəsillər Habil Əliyev  və ya digər şəxsiyyətlər barədə yanlış bilgilərlə “bəsləniləcək”, həqiqət təhrif olunacaq.  Onu da nəzərə alsaq ki, vizual – video platformalar, sosial şəbəkələr  müasir həyatın ayrılmaz tərkib hissəsidir və (hüquqi anlamda olmasa da, reallıqda)  KİV  rolunu da oynayır, bu xüsusda daha diqqətli və məsuliyyətli olmaq vacibdir.

Yeni nə baş verib?

Məni  bu mövzuya bir daha qayıtmağa vadar edən “YouTube” TV kanallarında Habil Əliyev haqqında danışarkən irili-xırdalı mövzularda yanlışlıqların yenidən təkrarlanmasıdır. Belə TV  (yuxarıda adını qeyd etmişəm) aparıcılarından biri  Habil Əliyevin musiqi məktəbinə getməsi ilə bağlı:

 …Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub”

deyir.

“Racool Studio” adlı başqa bir “YouTube” kanalında isə Habil Əliyevin həmin musiqi məktəbinə daha erkən – altı (?) yaşında getdiyi  söylənilir.

Məlumat təzadlıdır. Amma əsas olan bu deyil – iddianın  hər birinin  təməli (informasiya yükü)  səhvdir: əvvəla, Habil Əliyevin  7 və yaxud 6 yaşı olanda, məgər Ağdaşda musiqi məktəbi var idi ki orada da təhsil alsın?

İkincisi, “3 saylı yeddiillik Ağdaş musiqi məktəbi” dedikdə hər kəs düşünə bilər ki, burada artıq “1 saylı”“2 saylı” musiqi məktəbləri mövcud imiş. Əslində isə həmin illərdə Ağdaşda 3 saylı musiqi məktəbi deyil, ümumtəhsil məktəbi fəaliyyət göstərib.

Əlihüseyn Həmidov

Ağdaşda ilk musiqi məktəbi 1937-ci ildə, 1934–1937-ci illərdə Ağdaş rayon İcraiyyə Komitəsinin sədri olmuş Dağlı ləqəbli Əlihüseyn Həmidovun (1898–1981) təşəbbüsü ilə açılıb. Əlihüseyn Dağlı bu məktəbə Üzeyir bəy Hacıbəylinin (1885–1948) xalası oğlu Əhməd Ağdamskini (1884–1954) müdir təyin etmişdi. Ağdaşa gəldiyi gündən Ə.Ağdamski sonralar dünya şöhrətli musiqiçiyə çevriləcək Habil Əliyevgilin evində kirayənişin qalmışdı.

Haşiyə: Qeyd edək ki, Əlihüseyn Dağlı Mikayıl Müşfiqin bibisi oğlu idi. O, 1920-ci illərdə Azərbaycan SSR-in ilk hərbi komissarı olub. Müşfiqə qarşı təzyiqlər başlayanda onu da Bakıdan uzaqlaşdırıblar. Əlihüseyn Həmidov əvvəlcə (1932–1934-cü illərdə) Balakənddə, sonra isə Ağdaşda rəhbər vəzifələrdə çalışıb,  1937-ci ilin noyabrında həbs olunub, 1955-ci ildə bəraət alıb.

Habil Əliyevin bibisi oğlu Şahid Abdullayev (1928–2007) Ağdaş musiqi məktəbinin (1937-ci ildə) kamança üzrə ilk şagirdi olub. Habil müəllim isə 1938-ci ildə –  11 yaşında kamança sinfinə gedib.

Aparıcı:

7-ci sinfi və həm də musiqi məktəbini bitirdikdən sonra Habil Əliyev pedaqoji məktəbə daxil olub”

deyir…

Belə olan təqdirdə sual yaranır: o, hansı pedaqoji məktəbdə təhsil alıb? Axı bu barədə ortalıqda heç bir yazılı informasiya və yaxud sənəd yoxdur.

Aparıcı daha sonra bildirir:

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və xanəndə Xan Şuşinskidən muğam sənətini öyrənib”.

Ay aparıcı Sərdar Amin, əvvəla, “kamança şöbəsi” nə deməkdir? Nə o vaxt, nə də müasir dövrdə tədrisdə ayrıca olaraq “kamança şöbəsi” fəaliyyət göstərmir! Ümumi “Xalq çalğı alətləri” şöbəsi var və burada milli alətlər hər ixtisas üzrə ayrıca  tədris edilir.

İkincisi, adını çəkdiyiniz ustad sənətkarlar (tar ifaçısı Qurban Pirimov və xanəndə Xan Şuşinski) məgər kamança ifaçıları olublar  ki, Habil Əliyev onlardan musiqi məktəbində muğam sənətini öyrənsin? O başqa məsələdir ki, Habil Əliyev toy məclislərində ustad sənətkarları müşayiət edərkən onlardan bəhrələnmişdir.

Xaçmaz şəhər xiyabanında

Aparıcı muğam adlarını da təhriflə (məsələn, “Çahargah” əvəzinə “Cahargah”) söyləyir, yaxşı olardı ki, terminlərin, sözlərin düzgün tələffüzünü öyrənəydi.

Aparıcı qeyd edir ki:

Habil müəllimlə xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verib, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb-oxuyurlar”.

Hörmətli Sərdar Amin, Yaqub Məmmədovun (1930–2002) uşaqlıq illəri doğulduğu Ağcabədi rayonunda keçib. Bu səbəbdən onların uşaq vaxtı dost olması həqiqətə uyğun deyil. Əgər  müharibədən sonrakı illər (1946–1947) nəzərdə tutulursa, o zaman Habil uşaq deyildi – onun 20, Yaqubun isə 17 yaşı var idi. Deməli, bu iki sənətkar uşaqlıqda deyil, gənclik illərində dostluq ediblər.

Burada “qaraçı” dedikdə yəqin ki, Yaqub Məmmədov və Habil Əliyevi nəzərdə tutursunuz.

Əvvəla,  Yaqub Məmmədov əslən Oğuz türklərinin 24 boyundan biri olan Avşar qolundandır və Habil Əliyevin də qaraçılarla heç bir aidiyyəti yoxdur!

Onu yaxından tanıyan, Ağdaşda yaşayan ustad kamança ifaçısı Şahin İbrahimli (qeyd: virtuoz ifaçı, Xalq artisti Munis Şərifovun müəllimi) Habil Əliyevin şəcərəsinə istinadən onun təmiz türk oğlu türk olduğunu bildirir.

Şahin İbrahimlinin sözlərinə görə (eləcə də bir sıra tarixi arxiv sənədlərinə əsasən), Ağdaşda qaraçılar 1956-cı ildən məskunlaşdırılıb. Onların Qazaxıstandan köçürüldüyü də məlumdur. 1927-ci ildə Ağdaş rayonunda doğulan Habil Əliyev necə qaraçı ola bilərdi?

Belə mənfur iddiaları adətən ermənilər uydururlar. Bəs bu sayaq sərsəm fikirləri, Sərdar Amin, siz niyə təkrarlayırsınız, məqsədiniz nədir?

Bəllidir, bu cür yanaşma ilə düşmən dəyirmanına su tökürsünüz. Hər kəs bilir ki, ermənilər Hindistandan gəlmə qaraçılardır. Habil müəllimi qaraçı adlandırmaqla nə demək istəyirsiniz?

“Mən institutda oxuya-oxuya ailə qurmuşdum”

TV yayımda deyilir:

Habil Əliyev Qəbələnin Qəmərvan kəndinə toya gedir. Toyda gələcək həyat yoldaşı olacaq Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım isə o vaxtı 9-cu sinifdə oxuyurmuş. Elçilikdən sonra Şərqiyyə xanım Habil Əliyevin qarşısına şərt qoyur ki, Bakıya gedib musiqi təhsili alsın. Onlar 1954-cü ilin avqust ayında ailə qururlar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğu üçün hədələyir”.

Sərdar Amin, faktları yoxlamadan kiminsə sərsəm yazısını təkrar etməyin! Məgər, 1954-cü ildə onlar ailə qurarkən Şərqiyyə xanım məktəbli idi?

Şərqiyyə xanımın bacısı qızı Dilşad Rəcəbova bildirir ki:

Onlar evlənəndə xalam BDU-nun Kimya fakültəsinin 1-ci kurs tələbəsi olub”.

Onu da xatırladaq ki,  Şərqiyyə xanım Habil Əliyevin özünün də iştirakı ilə (2013-cü ildə) mətbuata müsahibəsində konkret olaraq bunları deyib: “Özüm Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişəm”; “Mən institutda oxuya-oxuya ailə qurmuşdum”; “1954-cü il avqustun 12-si evlənmişik…”

Təəssüf ki, bəzi media nümayəndələri reytinq, oxucu cəlb etmək  naminə sarı “şou”, “sensasiya” naminə adlarını Azərbaycan mədəniyyəti xəzinəsinə qızıl hərflərlə yazdırmış şəxsiyyətlərin qüsuruz portretlərinə də ləkə yaxmaqdan çəkinmirlər… Acınacaqlı haldır ki, bu fəndlərdən ciddi olduğu sanılan bəzi KİV təmsilçiləri də istifadə edir.  Sosial şəbəkə təmsilçiləri də (o cümlədən video platformalarda da)  bundan “bəhrələnirlər” –  bəraət üçün  istinad mənbəyi qazanırlar… 

Video verilişdən daha bir “nümunə” – aparıcı:

Habilin xanəndələri müşayiət eləmək üçün kostyumu olmadığına görə qohumlarından birinin köhnə kostyumunu qara rəngə boyayaraq səhnələrə çıxıb”

söyləyir. (qeyd: bu məlumat “Racool Studio” kanalında da təkrarlanıb).

Amma bu sözləri deyənlər bilmirlər ki, Habil Bakıya gələrkən bir neçə dəst kostyumu vardı.

Aparıcı bir-birinə zidd fikirlər səsləndirir. Habil Əliyev şəhid olmuş böyük qardaşından söz açarkən “bilirdim ki, ailəni, uşaqları saxladığıma görə, sahiblənməyimə görə gəlib mənə “sağ ol” deyəcək”  söyləməsi xatırladılır.

Habil Əliyev 15 yaşında – 1942-ci il

Bəllidir ki, müharibə başlayanda 14 yaşlı Habil məktəbli olub. Buna baxmayaraq, deməli,  o illərdə Habil Əliyev ailəyə maddi kömək edib, evə çörək pulu gətirib. Sual yaranır: pul qazanan və Bakıya oxumağa gələn bir gənc özünə kostyum ala bilmirdimi? Bir də ki, o dövrdə təkcə Habil deyil, Bakıda təhsil alan musiqiçilər, daha dəqiqi, toy fəaliyyəti ilə məşğul olanlar maddi cəhətdən problemsiz yaşayırdılar. İndikindən fərqli olaraq o illərdə toy musiqiçilərinin sayı çox az idi. Hər hansı musiqiçi bir toydan qazandığı pulla 2-3 kostyum ala bilirdi.

Verilişdə bildirilir ki, Habil müəllim “adamlara, dostlarına lətifə qoşmağı xoşlayırdı”. Əslində, Habil müəllim kimsə üçün nə isə özündən bir şey qoşmurdu, iştirakçısı olduğu, yanında baş verən  gülməcələri dilə gətirirdi. Yəni onun özünün də iştirak etdiyi, real həyatda baş vermiş məzəli, ibrətamiz hadisələrə hazırcavablıqla münasibət bildirdiyi məqamları sənət dostları hər yerdə danışırlar.

“Xanəndə olsaydım, elə Alim Qasımov kimi oxuyardım”

Dünya şöhrətli xanəndə, Xalq artisti, professor Alim Qasımov haqqında deyilənləri şəxsən Habil müəllimin dilindən eşitməmişəm. Ola bilər ki, Alim haqqında da zarafatyana nə isə deyib. Amma Habil Əliyev UNESKO-nun Beynəlxalq Musiqi Şurasının birinci dərəcəli mükafatçısı olan (qeyd: bu ödül Azərbaycanda kimsəyə qismət olmayıb, dünyada isə Alimdən əvvəl 4 musiqiçi layiq görülüb), Amman Kral İslam Strateji Araşdırmalar Mərkəzinin (dünyanın 500 tanınmış müsəlmanı arasında 4 azərbaycanlıdan biri) mükafatına layiq görülmüş Alim Qasımova və sənətinə həmişə yüksək qiymət verib.

Hələ işıq üzü görməyən, inşallah, bu il nəşrə təqdim edəcəyim və Alim Qasımovun 65 illik yubileyinə həsr etdiyim “Alim haqqında düşüncələrim” adlı kitabda yer alacaq Habil Əliyev və Alim Qasımovla bağlı olan bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Xatırladım ki, Habil Əliyev ilk dəfə 80-ci illərin əvvəllərində Alim Qasımovu Bilgəhdə keçirilmiş toyda yaxından görüb və onu canlı olaraq dinləyib. Toyda iştirak edən qonaqlar və musiqiçilər Habil müəllimin Alimlə görüşəndə onu necə bağrına basıb: “Sən sənət möcüzəsisən” dediyini yaxşı xatırlayırlar.

Dərc olunacaq “Alim haqqında düşüncələrim” kitabından:

“…verilişdə Habil müəllimdən soruşdum: Siz yeniyetmə yaşlarından Məşədi Süleyman Mənsurov (1872-1955), Qurban Pirimov (1880-1965), Mirzə Mənsur Mənsurov (1887-1967), Məmmədxan Bakıxanov (1890-1957), Əhmədxan Bakıxanov (1892-1973), Xan Şuşinskinin kiçik qardaşı Allahyar Cavanşirov (1907-1972), Bəhram Mənsurov (1911-1985), Məşədi Nəriman Mehrəliyev (1916-1983), Əliağa Quliyev (1917-1998), Hacı Məmmədov (1920-1981), Kamil Əhmədov (1920-1997), Məmmədağa Muradov (1921-1969), Baba Salahov (1923-1982), Əhsən Dadaşov (1924-1976), Həbib Bayramov (1926-1994), Sərvər İbrahimov (1930-2002) və b. tar ifaçıları ilə görüşmüsünüz. Onlardan ən çox ürəyinizə yatan kim olub, daha dəqiqi, ürəyinizi oxşayan kim olub?

Habil müəllim dedi: “Hər gülün öz ətri olduğu kimi, hər sənətkarın da özünəməxsus gözəllikləri vardır. Amma məndən soruşsaydın ki, tarçalan olsaydın, necə ifa edərdin? Fikirləşmədən “Möhlət Müslümov kimi” deyərdim. Çünki o, tarı elə bil, mənim ürəyimlə ifa edir, sanki mənim ürəyimin tellərini tarda səsləndirir”.

Bu məqamda Habil müəllimə belə bir sual verdim: “Bəs oxuyan olsaydınız necə? Axı siz İslam Abdullayev (1876–1964), Bahadır Mehralıoğlu (1883–1962), Əhməd Ağdamski (1884–1954), Zülfü Adıgözəlov (1898–1963), Xan Şuşinski (1901–1979), Ağabala Abdullayev (1910–1976), Hacıbaba Hüseynov (1919–1993) və b. bu kimi xanəndələri görmüş, bir çox hallada onları müşayiət etmisiniz”.

Habil müəllim dedi: “İndi kiminsə adını çəksəm, hazırda yaşayan xanəndə dostlarım məndən inciyə bilər. Yəqin ki, xanəndə olsaydım, elə Alim Qasımov kimi oxuyardım. Çünki onun ifa tərzi mənim ruhumcadır“.

Habil müəllim muğam müsabiqələrində yetişən gənc xanəndələrdən isə Babək Niftəlioğlunu bəyənirdi.

Alimin isə ayağı altında “gecikdiyinə görə” qurban kəsirlər

Ötən yazılarımızda Habil müəllimin  Alim Qasımovla bağlı Bilgəh kəndindəki toydan bir xatirəsini təqdim etmişdik.

Həmin toya dövlət tədbirində olduğumuzdan çox gec – 22.30-da gəlib çıxmışdıq. Gəlib toy yerinə çatdıq. Toy nə toy: elə bil qurultaydır, hər yan çilçıraqban. Maşından düşəndə cavan bir oğlanın çığırtısını eşitdim: “Muştuluğmu verin, Alim gəldi”.

Toyun sahibi ağsaqqal, nurani bir kişi idi. Alimə yaxınlaşıb üzündən öpdü, kövrək səslə cavanlara dedi: “Oradan nəzir etdiyim qurbanlıq qoçu bura gətirin”. Qoçu Alimin ayağı altında kəsdilər. Toy sahibi  “Aparın ətini kasıb-küsuba paylayın” dedi.

Alim gecikmə səbəbini ağsaqqala izah edirdi. Toy sahibi kövrək və titrək səslə: “Alim, Bilgəh yolunda biz toya gələn virtuoz klarnetçalan Əşrəf Əşrəfzadəni itirdik, o, avtomobil qəzasında dünyasını dəyişdi. Bayaqdan düşünürəm ki, indi bəd xəbər gələcək ki, Alimgil qəzaya düşüb. Ona görə Allaha dua elədim ki, Alim sağ-salamat gəlib çıxsın, ayaqları altında qurban kəsdirim. Allaha qurban olum, dualarımı qəbul etdi”  söylədi.

Bu hadisə ilə  bağlı Habil müəllim deyirdi:

Abşeronda Alim qədər sevilən ikinci xanəndə tanımıram. İstənilən başqa xanəndə toy qurtarana yaxın məclisə gəlsəydi, onu daş-qalaq edərdilər. Alimin isə ayağı altında “gecikdiyinə görə” qurban kəsirlər”

Korporativ maddi maraqlar milli-mənəvi dəyərləri üstələməməlidir

Göründüyü kimi, aparıcılar reytinq toplamaq üçün mötəbər və ciddi mənbə hesab olunmayan “wikipedia”da (açıq elektron ensiklopediyada) yazılanları – həqiqətdən uzaq  “məlumat”ları Habil Əliyevə yaraşmayan və onun layiq olmadığı üslubda təqdim edirlər…

Başqa bir verilişdə, “Racool Studio”  “YouTube” kanalında adını bilmədiyim aparıcı deyir:

O, on yaşı olanda qonşu kəndlərdən birində yaşayan bir nəfərin öz kamançasını 600 manata satdığını eşidir” (?).

Deyildiyi kimi, Habil Əliyev 11 yaşında musiqi məktəbinə gedib.

Habilin atası Mustafa kişi müharibədə ölməyib

Aparıcının daha sonrakı düşük sözlərinə fikir verin: “Kamançanın qiymətini öyrəndikdə anası deyibmiş: Ay bala, bizim heç nəslimizdə o qədər pul yoxdur”.

Aparıcı söyləyir ki, sonra da atası kamançanı qaytarmadığına görə Habili elə döyür ki, guya bir qolu  sınır. Nə qədər də aşağılayıcı sözlərdir. Habil Əliyevin mənsub olduğu böyük bir nəslin nümayəndələri ona bir kamança ala bilmirdimi?

Eyni zamanda burada deyilir ki: “İkinci Dünya müharibəsi illərində Habil Əliyevin atası və qardaşı cəbhəyə yollanır. Amma heç biri geri qayıtmır”.

Habil Əliyevin atasının və anasının Ağdaşdakı məzarları

 

 

Halbuki, Habilin atası Mustafa kişi müharibədə ölməyib. O, 1942-ci il mayın 24-də 64 yaşında rəhmətə gedib və Ağdaşda  dəfn olunub.

Əvvəla, aparıcı anlamır ki, 62-63 yaşda kişini müharibəyə aparmazlar. Bir də ki, məgər,  İkinci Dünya müharibəsində həlak olanları dəfn edilməyə ölkələrinə göndərirdilər?

Aparıcı iddia edir ki: “Şərqiyyə xanım universiteti başa vurduqdan sonra, 1954-cü ildə onlar ailə həyatı qururlar”.

Maraqlıdır, bu necə olub – 1954-cü ildə Şərqiyyə xanımın 17 yaşı vardı, sizcə, bu yaşda universitet bitirmək olardımı?

Aparıcı Yaqub Məmmədovu nəzərdə tutaraq belə bir fikir də söyləyir:

Çayxanada olanlar 13 yaşlı Habili göstərərək deyirlər ki, bu oğlan kamançada çox yaxşı ifa edir, onu da özünlə apar

Ay aparıcı, Habil Yaqubdan 3 yaş böyük olub –  onu 10 yaşlı Yaqub özü ilə məclislərə aparmalı idimi?

Aparıcı mətni oxuyarkən deyir:

Habil bəylə Nisə xanımın evliliyindən üç qız, bir oğul övladları dünyaya gəlir

Ay aparıcı, Nisəxanım Habilin anasının adıdır, ana ilə bala evlənərmi? Aparıcı Əlibaba Məmmədovun da adını bəzən Əlibala deyir. Belə verilişmi hazırlayarlar?

Ustadlardan – klassiklərdən, korifeylərdən veriliş hazırlayarkən  jurnalistlər son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Xüsusilə faktların yoxlanılması, iddiaların dəqiqləşdirilməsi və təbii ki, həm də sərlövhə seçimi zamanı…

Yuxarıda təqdim edilən verilişlərin yanlış olan bir çox hissəsinin Habil Əliyevə aid “wikipedia” səhifəsindən götürüldüyünü və bunun törədə biləcəyi fəsadlardan bəhs etmişik.

Bir daha vurğulamaqda fayda var: nəzərə almaq lazımdır ki, bu sayaq qüsurlu mənbələr gənc tədqiqatçıları, eləcə də sadə oxucunu, Habil Əliyev haqqında məlumat almaq istəyən hər kəsi yanlış istiqamətə yönəldir. Bu səbəbdən “wikipedia” redaksiyasının və bu platformada fəaliyyət göstərən könüllülərin Habil Əliyev səhifəsini mötəbər və etibarlı mənbələrə istinadən yenidən redaktə etməsinə ciddi ehtiyac duyulur.

Jurnalistlərə təkrarən xatırladıram:  Habil Əliyev kimi korifey sənətkarlardan yazanda (və ya başqalarının yazdıqlarını kor-koranə təkrarlayanda) ehtiyatlı və diqqətli olun – ruhunu incitməyin. Faktları və iddiaları müxtəlif mənbələrdən istifadə etməklə yoxlayıb dəqiqləşdirin. Təkcə böyük şəxsiyyətlərin adlarını, tarixlərini, xatirələrini qorumaq naminə deyil, həm də öz imzalarınıza ləkə gətirməmək üçün…


Sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu NƏCƏFZADƏnin  digər MƏQALƏLƏRİ


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir