“Şərq musiqisində yeni ixtiralar” məqaləsini kim yazıb?

Abbasqulu Nəcəfzadə

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Tədqiqata cəlb olunmayan məqalə haqqında 

Material “Musiqi” adlı kitabdandır [1])

Tarın təkmilləşdirilməsi ilə bağlı indiyədək tədqiqata cəlb olunmayan bir məqalə diqqətimizi çəkdi: “M.A” imzası ilə yazılan “Şərq musiqisində yeni ixtiralar” (iki yarımbaşlıqla “Mükəmməl ahəngli tar” və “İqmal edilmiş yeni piyano”) adlı məqalədə tarla bağlı deyilir:

Azərbaycan musi­qişünası və bəstəkarlarından Zülfüqar bəy Hacıbəyli yeni bir musiqi aləti, mükəmməl ahəngli tar ixtira etmişdir. Bu ta­rın çanağı gördüyümüz tarların çanağından bir verşok qədər böyük ola­caq­dır. Bu bö­yüklüyün sə­bə­bi isə bir çox yeni tellərin bu tara əlavə olunmasıdır. Bu tellər mu­­­si­qi nəğ­mə­lə­ri­nin ahəngində lazım olan ən əhəmiyyətli səsləri havidir[2]. Belə ki bu səslər indiyə qədər bi­zim Şərq musiqisinin tar alətində hələ yox idi. Bu isə Şərq sə­na­yei-nəfisəsində böyük bir nöqsanlıq törədirdi. Məsələn, hər bölgüsü 12-dən iba­rət olaraq səs takımlarının ölçüsünü təyin edən oktavaları bizim Şərq musiqisində haman əldə iş­lədilən tarlar vasitəsilə yetirmək olmurdu. Bu səbəbə tar çalan tellərin səslərini hə­mişə oxuyanın səsinə müvafiq uydurmağa məcbur olurdu.

Bu cəhətdən bizim tar bardağı səslər “malıy ton”, yəni zəif səsli idilər. Necə ki yük­sək ortanim səslərin ahəngini təşkil edən “akkordu” meydana çıxartmağa hazırkı tar alətləri aciz idi. İndi isə Hacıbəyovun yeni ixtira etdiyi bu mükəmməl ahəng­li tar – müstəqil bir quruluşla əsasla­na­raq zil-bəm və yaxud orta səslərin oktava­sı üzərinə hər bir müxtəlifsəsli xanəndələri oxuda bilə­cək­dir. İndiyə qədər bizim əldə olan tarlarımız iki oktavadan və bir də 3-cü saxta oktavadan iba­rət idi. Bu sə­bə­bə hər bir səsi yetirə bil­məzdi. Ancaq ən başlıca bəm və zil səsləri bundan yetir­mək müm­kün olurdu. Yəni ixtira olunan mükəmməl ahəngli tar isə 6 oktavadan ibarət olub, hər cür müxtəlif səsləri yetirməyə ma­lik­dir. Bundan əlavə, həmin yeni tar vasitəsilə nota üsulu üzrə də asan vəcəhlə (vəchlə – A.N.) çalğı öyrənmək mümkündür.

Fortepiano quruluşu kibi bunun da bütün və yarım səsləri mü­əy­­yən olmuşdur. Şərq nəğmələri­ni ikmal üçün isə bütün yarım, 1/4 və 8-lik səslər mülahizə edilmişdir. Yeni tarın modeli ixtira sa­­hibinin özündə hazırlanıb, mövcuddur”[3].

Müəllif daha sonra Şərq səsdüzümlü pianinodan söhbət açır. “İq­­mal edilmiş ye­ni pi­ya­no” adla­nan məqaləni, bu gün də öz ak­tu­­allığını saxladığını nəzərə alaraq, olduğu kimi təqdim edirəm:

“Əl­də mövcud hazırkı Avropa üsulu ilə qurulmuş olan piyano alət­ləri Şərq nəğmələrini, xüsusilə makamatını ətraflıca surətdə ye­­tirməyə acizdirlər. Şərq makamatında mövcud bir çox səsləri ye­­­tirə bilmirlər. Çünki bunlar­da olan hər bir oktava 12 səsdən iba­rətdür. Şərq muğamatı isə hök­mən 18 səs tələb edir. Bu səbəbə hər oktavada 6 səs nöqsan qalır. Buna görə Şərq makamlarında “Çar­gah”, “Bayatı-Şiraz” və daha bu kibi makamlar baykı vəchlə yetirilmir. Məzkur piyanoları Şərq nəğmələrinə uydurmaq və Şərq makamlarını nöqsansız halda yetirə bilmək üçün Hacıbəyov Zülfüqar xüsusi və yeni bir plan düzəltmişdir. Bu plan üzrə bir piyano tərtib edilərsə, həm Şərq ha­vaları nöqsansız olaraq çalına bilər, həm də nota vasitəsilə Avropa musiqiçiləri Şərq havalarını nöqsansız çala bi­lər­lər”  [4].

Öncə gizli imza ilə yazılmış bu məqalənin müəllifini ay­dın­laş­dır­mağa çalışdıq, la­kin konkret nə­­ticə əldə edə bilmədik.

Qulam Məmmədli “İmzalar” adlı kitabında XX əsrin əvvəl­lə­rində “M.A.” imzası ilə yazan bir neçə ədi­­bin adını çəkir: Mirzə Mə­həm­­məd Axundov [5] (“Açıq söz”, 1917), Məm­məd Arif Dadaşzadə [6] (“Ma­­arif və mədəniyyət”, 1927), Mir Abbas Mirbağırov [7] (“Kom­mu­nist”, 1924) [8].

  •  Mirzə Məhəmməd Axundov həmin mə­qa­ləni yaza bilməzdi, çünki 1924-cü ildə qəzet nəşr olunarkən o ar­tıq dünyasını dəyişmişdi.
  • Mir Abbas Mirbağırov isə 1923-cü ildə “Kommunist” qəzetində, 1924-cü ildə “Yeni yol” qəze­tində, 1925-ci ildən 1929-cu ilə qədər də “Maarif işçisi” jurnalında rəsmi olaraq jurnalist kimi çalışmşdır. O dövrün qanunlarına gö­rə, jurnalist rəsmi olaraq yalnız bir mətbu orqanla əməkdaşlıq edə bilərdi, ya da heç bir qəzet və ya jurnalda çalışmadan sərbəst şəkildə istədiyi qəzet-jurnallarda məqalələrini nəşr etdirmək ixtiyarında idi.
Məmməd Arif

Bu səbəblərdən həmin məqaləni Məmməd Arifin yazdığını düşünürük. O, 1920–1930-cu illərdə Bakıda I dərəcə­li 5-ci sovet məktəbində müəllim iş­lə­miş­dir.

Məqalə həcmcə kiçik olsa da, musiqi alətşünaslığı baxımından böyük əhəmiyyət kəsb edir. Burada Zülfüqar Hacıbəylinin yeni növ tar ixtira etməsi və ya təkmilləşdirmə­sindən söhbət açılır.

X əsrdən istifadə olunan tar üzərində ən bö­yük təkmilləşdirmə işini Sadıqcan görüb.

Ondan əvvəl də, sonra da tarda təkmilləşdirmə işləri aparılmış, elə ya­şadığımız dövrdə də belə iş­lər görülməkdədir.

Z.Hacıbəyli alətin çana­ğını iri öl­çü­də hazırlamışdı. Məqalədə tellərin artırıldığı qeyd edilir. Bilindiyi kimi, XX əsrin 20-ci illərində Şərq musiqisində geniş istifadə olunan “çərək”, “koron”, “soru” və yaxud “komma” adlanan səsləri tardan yığış­dırmışdılar. Bəl­­kə də, Z.Hacıbəyli bu səsləri ifa etmək üçün tarın qoluna Orta əsr­lərdə ge­niş istifadə edilən həmin pər­də­ləri yenidən bağlamış, onları əvvəlki vəziyyətinə qaytarmışdı. Görünür ki, o dövrdə bu yenillik müqavimətlə qarşılanmış, müdafiə olunmamışdı. Ancaq müasir dövrdə də bəzi sənətkarlar həmin səslərin yenidən bərpa edilməsinə çalışırlar.

Abbasqulu Nəcəfzadənin şəxsi müsiqi alətləri kolleksiyası

Ümumilikdə, tarda “koron” səslərin problemi hələ də həll olun­ma­yıb: kiçik oktavadakı “koron” səslər birinci okta­vada yox­dur. Eyni melodiyanı bəm-zil çalmaq mümkün deyil.

Onu da bildirək ki, Məmməd Arif çox gənc ikən, hələ repressiya illərində tarın tədrisdən çıxarılmasına qarşı mətbuatda kəskin etiraz səsini ucaltmışdı. O, 1930-cu ildə “Gənc işçi” qəzetinin 10 illiyinə ithaf edilmiş “Aprel alovları” toplusunda tarı gündəmə gətirmişdi [9].

Professor Zümrüd Dadaşzadə bununla bağlı yazır: qatar qəzaya uğrayır, burada salamat qalmış gənc tarçalan qəzaya düşmüş və sarsılmış digər sərnişinlərə bəlalarını unutdurmaq, onları ümidsizlik və bədbinlik ovqatından xilas etmək üçün tarını dilə gətirir. Məmməd Arif sanki özü də musiqinin yaratdığı möcüzədən heyrətə gəlib qürurla bəyan edir: əsrlərin yadigarı tarımız, milli musiqimiz necə də böyük qüdrətə malikdir! [10]


[1] Nəcəfzadə A.İ. Musiqi. / Azərbaycan incəsənət tarixi. Beş cilddə, II c. B.: “Şərq-Qərb”, 2018, s. 132-134 (328 s.)

[2] Havi ərəb sözüdür, “əhatə edən”, “ehtiva edən”, “içinə alan” mənalarını bildirir (Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lü­ğəti. Tərtibçilər: Abdullayev B.M., Əsgərli M.Ə, Zərinəzadə H.H. İki cilddə, I c. B.: “Şərq-Qərb”, 2005, s. 224).

[3] M.A. (Məmməd Arif – A.N.) Şərq musiqisində yeni ixtiralar (“Mükəmməl ahəngli tar”, “İqmal edil­miş yeni piyano”). “Yeni yol” qəzeti, 1924, 4 avqust, №22 (76), s. 1

[4] M.A. (Məmməd Arif – A.N.) Şərq musiqisində yeni ixtiralar (“Mükəmməl ahəngli tar”, “İqmal edil­miş yeni piyano”). “Yeni yol” qəzeti, 1924, 4 avqust, №22 (76), s. 1

[5] Axundzadə Məhəmməd Mirzə Kazım oğlu (1875–1923) – maarif xadimi, şair, pub­li­sist, tərcüməçi, folklorşünas, dramaturq

[6] Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (1904–1975) – böyük tənqidçi, ədəbiy­yat­şünas, tərcü­mə­çi, pedaqoq, nasir, Azər­baycan Yazıçılar Birliyinin üzvü, akademik, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı

[7] Mirbağırov Mirabbas Mirhüseyn oğlu (1880–1930) – iqtisadçı, etnoqraf, coğ­ra­­fiyaçı, sənətşünas, ədəbiyyatşünas, dilçi, pedaqoq, tarixçi kimi ensiklo­pe­dik biliyə malik olmuşdur.

[8] Məmmədli Q.M. İm­za­lar. B.: “Xatun Plyus”, 2010, s. 69

[9] Arif M. (Dadaşzadə M.M.). Tar çalınır. // Aprel alovları. (“Gənc işçi” qəzetinin 10 illiyinə ithaf olunmuş məcmuə). B.: “Azərnəşr”, 1930, s. 18-21

[10] Dadaşzadə Z.A. Nəhəng olan uzaqdan daha aydın görünər… // “Azərbaycan” jurnalı, 2015, №1, s. 133-144

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir