Alim Qasımov – 65-ə doğru…

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Azərbaycan xalqının musiqi mədəniyyətində ən çox sevilən və diqqətçəkən janrlardan biri də muğam və xanəndə sənətidir. Ümumiyyətlə, muğam sənəti uzun illərdir xalqımızın yaşam tərzinə çevrilmişdir desək, heç də yanılmarıq. Səsi dünyanın ən möhtəşəm konsert salonlarından gələn xanəndələrin və instrumental ifaçıların yaşatdıqları muğam sənəti haqqında nə qədər çoxçeşidli elmi əsərlər, monoqrafiyalar yazılsa da, yenə azlıq edir. Bu xüsusda, sənət möhürü vurmuş ayrı-ayrı xanəndə və instrumental muğam ifaçıları haqqında məxsusi kitabların yazılması təqdirəlayiq haldır.

Alim Qasımov da onlarla bir cərgədədir. Ən əsası isə odur ki, muğam sənətimizdə hələ belə qeyri-adi güclü səs tembrinə malik digər bir xanəndəmiz olmayıb. Alim Qasımov öz ecazkar səsi ilə bir çox musiqi alimlərinin diqqətini özünə cəlb edib. Bu səs araşdırıcılarının tədqiqat obyektinə çevrilib. Beləcə, onun sənət dünyası haqqında neçə-neçə sanballı əsərlər ərsəyə gəlib.

Həmin əsərlərdən bir neçəsini diqqətinizə çatdırırıq:

  • Əzimli F.N. Muğamat dünyasının sultanı. B.: “Göytürk”, 1997, 200 s.
  • Sayılov Ə.Ə., Xəlilov P.İ. Alim deyil, aləmdi bu. B.: “Araz”, 2002, 160 s.
  • Natəvan Faiq (Mustafayeva N.F.) Alim Qasımov fenomeni. B.: 2007, 110 s.
  • Əliyeva L.V. Muğamın meracı. (Alim Qasımov sənətinin gizli çalarları haqqında düşüncələr). B.: “Şərq-Qərb”, 2017, 168 s.

Biz də dünya şöhrətli xanəndənin 65 illiyinə hədiyyə olaraq “Alim Qasımov haqqında düşüncələrim” adlı kitab hazırlamışıq və yaxın günlərdə oxucuların ixtiyarına verəcəyik. Bu monoqrafiya sənətkar haqqında yazılan digər kitabların təkrarı deyil və bu baxımdan oxucularda böyük maraq doğuracağına çox inanırıq.

Görkəmli sənətkar demək olar həmişə müxtəlif səfərlərdə, qastrollarda olmasına baxmayaraq, özü də vaxt tapıb muğam sənətinin tədrisi ilə bağlı qiymətli fikir və tövsiyələrini qələmə almışdır. Onun yazdığı “Xanəndəlik ixtisasının tədrisində tələb olunan şərtlərin izahı” adlı metodik vəsait xanəndəlik sənəti ilə məşğul olanlar üçün sanballı əsərdir[1].

Qırx ildən də artıq bir dövrdə yaxından tanıdığım Xalq artisti, professor Hacı Alim Qasımovun elm və sənət aləminə musiqişünas-alim kimi dərindən bələdəm. Ümumiyyətlə, sənətkarlar, xüsusən də xanəndələr haqqında çox yazılıb, dissertasiya işləri, monoqrafiyalar hazırlanıb. Alim Qasımov haqqında da yazılmış belə kitablar, məqalələr yetərincədir. Onun adı müxtəlif mövzulu elmi işlərdə hörmətlə hallandırılır, haqqında yazılmış monoqrafiyaların adı elmi işlərin və kitabların “İstifadə edilmiş ədəbiyyat siyahısı” bölmələrinə daxil edilir. Müasir musiqi mədəniyyətimizin mühüm simalarından biri olan Alim Qasımovun yaradıcılığı bu gün də bir çox alim və tədqiqatçının araşdırma predmetidir, onun ifalarına dönə-dönə müraciət olunur. Ən son belə nümunələrdən biri də müxtəlif konsert tədbirlərində onunla birgə, eləcə də tək çıxışlar edən, sənətkarın qızı Fərqanə Qasımovanın yazmaqda olduğu, atasından bəhs edən “Azərbaycan muğam sənətində Alim Qasımov fenomeni” adlı dissertasiya işidir. Xatırladaq ki, bu sətirlərin müəllifi (red: Abbasqulu Nəcəfzadə) Fərqanə Qasımovanın dissertasiya işinin elmi rəhbəridir.

Hörmətli oxucu, hazırladığımız kitabda Alim müəllimin yaradıcılığının məziyyətləri deyil, əsasən özümüzün iştirakçısı olduğumuz məqamları xatırlayaraq  ən maraqlı hadisələrə diqqət yetirmişik.

Allah hər bir insana  müəyyən istedad verir. Amma Allah-taala seçdiyi nadir insanlara  bu  istedaddan sanki bir  “pay” artıq bəxş edir. Bu səbəbdən də bəzi şəxslərə “istedadlı”, bəzilərinə “fitri istedadlı”, bəzilərinə isə əlavə olaraq “Allah vergisidir” deyirik.

Alim Qasımov da Ulu Tanrının sevdiyi   belə şəxslərdəndir. Amma Alim Qasımov o bəxtəvər şəxslərdəndir ki, Allah-taala ona normadan xeyli artıq fitri istedad payı vermişdir. Bu dahi sənətkarın digər istedadlılardan əsas fərqi də ondadır ki, o, “istedadım var” deyib sinəsinə döymür, özünü gözə soxmur.

Buna rəğmən Alim Qasımov daim öz üzərində çalışır, axtarıb-arayır, repertuarını genişləndirir, biliyini zənginləşdirir. Bu məqamda görkəmli şair Bəxtiyar Vahabzadənin (1925–2009) 1960-cı ildə yazdığı və artıq aforizmə çevrilmiş misraları yada düşür:

Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə ondan razıyam ki,

Özümdən narazıyam[2].

Hər bir sənət sahəsində olduğu kimi əsl sənətkar, yaradıcı insan üçün xanəndəlik sənətində də zirvə yoxdur. Bu, ucalığına görə bir-birindən fərqlənən silsiləli sıra dağlarına bənzəyir: birinin yüksək zirvəsinə qalxdıqda, digəri görünür və həmin səmtə irəliləyirsən. Amma bir insan ömrü bütün zirvələri fəth etməyə yetərli deyildir. Yaradıcı insan övladı öyrəndikcə, biliyini artırdıqca sonu görünməyən zirvələri fəth edir. Alim Qasımov da öndə gedən belə sənətkarlarımızdandır.

Kitabımızın rəyçilərindən biri olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Əhsən Rəhmanlı bizimlə olan söhbətində demişkən:

İstedadı özbaşına buraxmaq olmaz, onu cücərtmək, yetişdirmək, cilalamaq, inkişaf etdirmək, qanadlandırmaq, ucaltmaq lazımdır ki, bu da birbaşa istedad sahibinin özünə aiddir və həmin şəxsin bacarığından, əzmindən, yorulmazlığından, çalışqanlığından asılıdır. İstedad öz yerində, gərək sənət adamının bəxti də qətirsin. Bu işdə, yəni sənət aləmində parıldamaq məsələsində bəxt, qismət və tale də xüsusi əhəmiyyət daşıyır”.

Düşünürük ki, bəxt məsələsində də Ulu Tanrının nəzəri Alim Qasımovun üzərindən əskik olmamışdır. Sənət aləmində demək olar ki, bütün istəklərinə, arzularına çatmışdır. Dünya şöhrətli Zeynəb Xanlarovanın oxuduğu (sözləri Nəriman Həsənzadə, musiqisi Emin Sabitoğluya aiddir) “Dünyanın xoşbəxti mənəm dünyada!” mahnısı elə Alim Qasımova da çox yaraşır[3]. Bəli, Alim müəllim möcüzələr yaradan ecazkar sənəti ilə dünyanın xoşbəxti sayıla bilər!

Alim Qasımov təkcə xanəndə deyil, həm də instrumental ifaçıdır. O, hələ uşaq yaşlarından zərb çalğı alətlərinə meyil salmışdı. Bu da səbəbsiz deyildi, körpəlikdən ritm və melodiya onun canına, qanına hopmuşdu. Alim uşaqlıqdan qoşanağara, nağara, qaval, sonralar tar, fortepiano, qarmon və saz da çalmağı öyrənib, üstəlik gözəl rəqs də edir. Xanəndənin ayrılmaz aləti olan qavalın isə peşəkar, unikal, usta ifaçısıdır.

Ümumiyyətlə, Alim Qasımovun yaradıcılğı bir sıra sahələri əhatə edir: gözəl və ustad xanəndə, instrumental ifaçı və həmçinin təcrübəli müəllim, professional bir maarifpərvər. O, milli musiqi mədəniyyətimizin bütün sahələrini – xanəndə, muğam, aşıq, rəqs, instrumental ifaçılıq, hətta meyxana sənətini də çox dərindən bilən həssas, güclü məntiqə və maraqlı düşüncə qabiliyyətinə malik olan əvəzolunmaz bir ifaçıdır.

Alim Qasımovun pedaqoji sahədə püxtələşməsində onun A.Zeynallı adına Musiqi Kollecində və ali təhsil ocaqlarındakı müəllimlik fəaliyyətinin böyük rolu olmuşdur.

A.Qasımov öz peşəsini çox sevir və bu işə milli təəssübkeşliklə yanaşır. O, bütün bilik və bacarığını öz tələbələrinə də aşılayır. Alimin çalışdığı tədris ocaqlarında təhsil alan hər kəs onun sinfində oxumağa can atır.

Kitabımızın bədii tərtibatında Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı fırça ustası Seyran Bədəloğlunun böyük əməyi qeyd olunmalıdır.

Ümumiyyətlə, kitabın ərsəyə gəlməsində bütün yaradıcı heyətə: elmi redaktor – AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Rəna Məmmədova, məsləhətçi – pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov, redaktor – “Qızıl qələm” mükafatı laureatı, jurnalist, tərcüməçi, ssenarist Ağacamal Kamiloğlu, rəyçilər – sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı, eyni zamanda “Afpoliqraf” mətbəəsinin direktoru Fuad Hüseynov başda olmaqla bütün nəşriyyat əməkdaşlarına öz dərin minnətdarlığımızı bildiririk.

Beləliklə, düşünürük ki, təqdim etdiyimiz “Alim Qasımov haqqında düşüncələrim” kitabı  ictimaiyyət tərəfindən maraqla qarşılanacaq, muğam mədəniyyətinin və xanəndə sənətinin öyrənilməsi istiqamətində irəliyə doğru atılmış daha bir mühüm addım olacaq. Bu kitab bir çox sahələrdə, o cümlədən etnomusiqişünaslıq, etnoqrafiya, folklorşünaslıq, mədəniyyət və incəsənətin başqa sahələrində də gələcək elmi araşdırmalar üçün dəyərli mənbə sayıla bilər.

Müəllif kimi ötən illərdə Alim Qasımovla bağlı yaddaşımızda qalmış bir sıra düşüncə və xatirələri bu kitaba daxil etməklə muğamşünaslara, elmi ictimaiyyətə xeyirli-uğurlu bir töhfə bəxş etmiş olacağımıza inanır və oxucularımıza cansağlığı arzulayırıq.


[1] Qasımov A.H. Xanəndəlik ixtisasının tədrisində tələb olunan şərtlərin izahı (Metodik vəsait). B.: “Nurlan”, 2008, 20 s.

[2] Vahabzadə B. Seçilmiş əsərləri (“Özümdən narazıyam” şeiri). İki cilddə, I c. B.: “Öndər”, 2004, s. 15

[3] Zeynəb Xanlarova. Dünyanın xoşbəxti mənəm dünyada! 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir