sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Cabbar Qaryağdıoğlu adına muğam müsabiqəsindən öncə verilən kişi sözü
1982-ci ildə bəstəkar, Xalq artisti, professor Süleyman Ələsgərovun (1924 –2000) təşəbbüsü ilə Azərbaycanda Cabbar Qaryağdıoğlu adına ilk muğam müsabiqəsi keçirilirdi və bununla bağlı ciddi təşkilati işlər aparılırdı. Müsabiqənin keçiriləcəyi il, gün, ay və məkan haqqında AzTV-də və KİV-də yetərincə məlumat verilmişdi. Müsabiqədə iştirak etmək istəyən xanəndələr sənədlərini təşkilat komitəsinə təqdim etmişdilər.
Mən həmin il Ü.Hacıbəyov[1] adına Azərbaycan Dövlət Konservatoriyasında IV kurs tələbəsi idim və paralel olaraq iki ixtisas – kamança və dirijorluq üzrə təhsil alırdım. Kamança üzrə bəstəkar, Xalq artisti, professor Ramiz Mirişli (1934–2015), dirijorluq ixtisası üzrə isə Süleyman Ələsgərovun tələbəsi idim.
Süleyman müəllim dərslərini tələbələrinə Ü.Hacıbəylinin vaxtilə çalışdığı kabinetdə keçirdi. Növbəti dərs zamanı konsertmeyster Sevda Əsgərova fortepianoda Süleyman Ələsgərovun “Vətənimdir” əsərini çalır, mən isə dirijorluq edirdim. Bu zaman qapı döyüldü. Süleyman müəllim: “Buyurun”, – dedi. İçəri artıq həmin illərdə kifayət qədər tanınmış və öz sənət möhürünü vurmuş muğam ifaçısı Alim Qasımov daxil oldu, salamlaşıb ona təklif olunan yerdə əyləşdi. Sən demə, Alimi Süleyman müəllimin özü çağırtdırıbmış. O, muğam müsabiqəsinə sənəd verənlərin arasında Alimin olmadığını bilib məsələni aydınlaşdırmaq istəyirmiş. Süleyman müəllim konsertmeysterə və mənə dedi: “Siz hələlik əyləşin, 5-10 dəqiqə fasilə edin, Alimlə kiçik söhbətim var”.
Süleyman müəllim: “Alim, a bala, sən niyə müsabiqədə iştirak etmək üçün sənədlərini verməmisən?”, – sualını verdi.
Alim narazılıqla cavab verdi: – Süleyman müəllim, qərara gəlmişəm ki, bu müsabiqədə iştirak etməyim.
Süleyman müəllim: – Səbəbi nədir?
Alim: – Səbəbi odur ki, mənə bu müsabiqə lazım deyil.
Süleyman müəllim: – Sənə lazım deyil, amma iştirakın Azərbaycan xalqına, musiqi mədəniyyətimizə çox lazımdır.
Alim: – Süleyman müəllim, açığı ona görə iştirak etmək istəmirəm ki, münsiflər heyətində qərəzli mövqeyi ilə tanınan Səlim Ağayarov (1941–1998) da var.
Süleyman müəllim: – O kimdir, mən tanımadım?!
Alim: – Səlim Ağayarov Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunun xanəndə sinfi üzrə müəllimidir.
Süleyman müəllim: “Olsun da, bunun məsələyə nə aidiyyəti var?”, – dedi.
Alim: – Aidiyyəti odur ki, 1977-ci ildə sənədlərimi Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumuna vermişdim. Qəbul imtahanında söz sahibi Səlim Ağayarov idi. Oxudum, məni tarda müşayiət edən texnikumun müəllimi Böyükağa Dadaşov idi. O çala-çala məni ruhlandırır, ifamdan çox məmnun qaldığını baxışı, mimikası ilə büruzə verir və üzümə elə baxırdı ki, sanki Şəkili Ələsgəri (1866–1929), Cabbar Qaryağdıoğlunu (1861–1944), Seyid Şuşinskini (1889–1965), Xan Şuşinskini (1901–1979), Hacıbaba Hüseynovu (1919–1993) müşayiət edir. Hətta mən otaqdan çıxanda durub üzümdən öpdü və dedi ki, halal olsun. Səlim müəllim isə bildirdi: “Sən get özünə başqa peşə seç, belə oxumaq olmaz, ayıbdır”.
– Məsələ bəlli idi, dedilər ki, sən kəsildin. İndi Süleyman müəllim, kim zəmanət verə bilər ki, bu adam, eləcə də digərləri müsabiqədə yenidən haqsızlıq etməyəcəklər?
Süleyman müəllim: – Alim, səni başa düşdüm, fikrində çox haqlısan. Amma bil ki, münsiflər heyətinin sədri mənəm. Respublikamızda hazırda səndən qüvvətli xanəndə yoxdur, inşallah müsabiqənin qalibi də sən olarsan. Get, təcili sənədlərini ver və yekunda yəqin ki, səni qalib kimi təbrik edərik. Bir daha deyirəm, sənin müsabiqədə iştirakın bizə çox vacibdir, həm də sənin sayəndə yarışma daha sanballı olacaq.
Alim də razılıqla sağollaşıb otaqdan çıxdı. Bu söhbətdən sonra Alim Qasımov C.Qaryağdıoğlu adına müsabiqədə iştirak edərək birinci yeri qazandı. Növbəti, 1983-cü ildə isə o, Səmərqənddə keçirilən II Beynəlxalq Musiqi Simpoziumuna tarçalan Bəhram Mənsurov və kamançaçı Tələt Bakıxanovla birgə qatılıb, ecazkar səsi ilə muğam xiridarlarını heyrətləndirdi, 1988-ci ildə həmin müsabiqədə ən yüksək yerə layiq görüldü.
Haşiyə: 1978-ci ildə, Alim Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna qəbul olur. Həmin ildə mən Sumqayıt Musiqi Texnikumunun IV kurs tələbəsi idim. Xanəndələri semestr imtahanlarında kamança ilə müşayiət edirdim. Dərslərdə hər dəfə söhbət Alim Qasımovdan düşürdü. Böyükağa müəllim də deyirdi: “Dünən Alim Qasımovu televizorda gördünüz necə oxudu?! Allah saxlamış vergili sənətkardır da”. Səlim Ağayarov da bir qayda olaraq bildirirdi: “Ay qardaş, bu, xanəndə səsi deyil, tezliklə onun olan-qalan səsi də batacaq. Belə səslər çox eşitmişik, bu cür səslərin 3-4 il ömrü olur. Nə olsun ki, indi Asəf Zeynallı adına texnikumda oxuyur, görərsiniz, bu adam oranı heç bitirə də bilməyəcək”.
Amma indi 2022-ci ildir, həmin hadisədən 45 il ötüb, Alim Qasımov isə yenə gənclik eşqi ilə oxuyur, yaradır. Səlim Ağayarov isə deyirdi ki, Alimin 3-4 ilə səsi batacaq…
Hörmətli oxucu, Alim Qasımovun müsabiqədə iştirak etməsinin səbəblərini bir şahid kimi sizə təqdim etdim. İndi Aslan Kənan adlı bir nəfər Alimin bu uğurunda, onun laureat olmağında guya Firidun Şuşinskinin rolu olduğunu heç bir mənbə göstərmədən yazır: “F.Şuşinski gənc istedadların qayğısına qalar, onların inkişafında mühüm rol oynayardı. Onun ən cox sevdiyi, gələcəyinə inandığı Azərbaycanın Xalq artisti, xalqımızın sevimli sənətkarı, muğamlarımızı öz bənzərsiz ifası ilə dünyanın hər yerində tanıtdıran Alim Qasımov olub. İlk dəfə Cabbar Qaryağdıoğluna həsr olunmuş müsabiqədə Alim Qasımova münsiflər heyətinin bir neçə üzvü birinci yeri vermək istəmirdi. Yalnız Firidun müəllimin təkidli müdaxiləsindən sonra musabiqənin qalibi Alim Qasımov oldu. Tarix göstərdi ki, F.Şuşinski düzgün seçim etmişdir. Alim haqqında söhbət düşəndə deyirdi ki, o, böyük istedad sahibidir, gələcəkdə Azərbaycanın adını yüksəklərə qaldıracağına əminəm. F.Şuşinski Alim Qasımovun oxumağı ilə bərabər, qaval vurmağına da yüksək qiymət verirdi”[2].
F.Şuşinskinin Alim Qasımovun sənətinə olan sevgisi kimsədə şübhə doğurmur. Lakin F.Şuşinskinin təkidli müdaxiləsindən sonra musabiqənin qalibi Alim Qasımovun olması fikri çox gülüncdür və onun bu uğuruna kölgə salır.
- Əvvəla, belə bir söhbətin olduğunu Alim Qasımov təkzib edir, əksinə ona mane olanların başında məhz Firidun Şuşinskinin dayandığını söyləyir.
- İkincisi, Alim Qasımov müsabiqədə yerlibazlıq ediləcəyini öncədən duymuşdu, bu səbəbdən ona belə bir hadisənin olmayacağı və müsabiqənin obyektiv aparılacağı barədə kişi sözü verilmişdi. Hansı ki, həmin kişi sözünün də canlı şahidi olan yuxarıda bildirildiyi kimi, bu sətirləri yazan bəndənizdir.
“Kişi sözü” demişkən, Dağıstan və Çeçenistanda çar müstəmləkəçilərinə qarşı mübarizənin rəhbəri imam Şeyx Şamilin (1797–1871) kişilik haqqında dediyi bütün dövrlər üçün aktual olan fikirlərinə diqqət yetirək:
Kişiyə üz gözəlliyi lazım deyil, gözəllik qadın üçündür. Kişini gözəl edən onun əsl kişiliyidir, cəsarətidir və verdiyi sözün üstündə ölənədək durmasıdır”.
Beləliklə, Süleyman Ələsgərov da təzyiqlərə baxmayaraq, ədalətin tərəfində durdu və kişi kimi verdiyi sözə də əməl etdi. Bəzən belə kişi sözünü və əməlini həzm etməyənlər də olur. Həmin nadanlar tərəfindən sonradan Süleyman müəllimə qarşı bəzi haqsızlıqlar edildi…
[1] Üzeyir bəyin soyadının Hacıbəyliyə çevrilməsində kiçik də olsa, xidmət göstərmişik. Məhz, 2003–2004-cü illərdə mətbuatda ilk dəfə bu problem tərəfimizdən qabardılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin (5 avqust 2004-cü il, 108 saylı) qərarı ilə öz müsbət həllini tapmışdır (bax: Nəcəfzadə A.İ. Musiqi. / Azərbaycan incəsənət tarixi. Beş cilddə, II c. B.: “Şərq-Qərb”, 2018, s. 72-74).
[2] Kənan A. Firidun Şuşinskinin xatirəsinə. “Respublika” qəzeti, 2018, 14 oktyrabr, s. 7; Şuşaya həsrət qoyulan Şuşinski… // Azpolitika.info, 16 oktyabr 2018; https://azpolitika.info/?p=458853