sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Alim Qasımovun uğurları haqqında
Biz xoşbəxt insanlarıq ki, Alim Qasımovla bir əsrdə yaşayırıq. Allah-taala bizə onun səsini canlı dinləmək imkanını bəxş etmişdir. Heyif ki, bizdən əvvəlki nəsillər Alim sənətindən xəbərsiz oldular. 100 il və daha sonra yaşayacaq nəsillər isə bu sənətkarın möcüzəli səsini bizim kimi canlı olaraq deyil, yalnız lent yazılarında dinləyə biləcəklər. Ona görə bir daha təkrar edirəm ki, biz özümüzdən əvvəlki və gələcək nəsillərimizdən bu baxımdan şanslıyıq. Bizə bu zövqü yaşatdığına görə göydə Allah-taalaya, yerdə isə Alim bəyə minnətdarıq.
Alim Qasımov Azərbaycan muğamlarını müxtəlif xarici ölkələrdə uğurla ifa edir, vətənə yüksək mükafatlarla, diplom və medallarla qayıdır və bu uğurların ardı indi də gəlməkdədir.
Alim Qasımov 1982-ci ildə Azərbaycanda keçirilən Cabbar Qaryağdıoğlu adına I Respublika muğam müsabiqəsinin laureatı olmuşdur. 1988-ci ildə isə o, Özbəkistanın tarixi şəhərlərindən biri, vaxtilə bu ölkənin paytaxtı olmuş Səmərqənddə keçirilmiş Beynəlxalq Musiqi Festivalında I dərəcəli mükafata layiq görülmüşdür.
1991-ci ildən Paris Bələdiyyə Teatrının – “Théâtre de la Ville”nin üzvü olan Alim Qasımov 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının (IMC) birinci mükafatını almış və haqqında sənədli film hazırlanmışdır[1]. 2000-ci ildən isə o, Avropa Nadir Səslər Assambleyasına üzv seçilmişdir.
Alim Qasımovun 2000-ci ildə “Love’s deep ocean” adlı diski “Avropa Dünya Musiqi xəritəsi”ndə 9-cu yeri tutmuş və onun ifaları Avropanın 47 ölkəsinin radiosunda mütəmadi olaraq səsləndirilir. Bu məlumat 2000-ci ilə aid edilir, indi isə bu ölkələrin sayı 47 deyil, qat-qat artıqdır. Alimin ifaları dünyanın ən nəhəng ölkələrinin fonotekalarında qorunur.
Hələ 20 il bundan əvvəl Alim Qasımov haqqında yazılmış bir kitabda oxuyuruq: “Beynəlxalq Fransa radiosu “Şərq təranələri” III Beynəlxalq musiqi festivalı adlı disk buraxmışdır. Həmin disk dünyanın müxtəlif ölkələrinin 700 radiostansiyasına göndərilmişdir. Bu barədə AzərTAC-ın müxbirinə “Şərq təranələri” festivalları təşkilat komitəsinin məsul katibi Səidəmin Əhrarov məlumat vermişdir”[2].
Alim Qasımovun kompakt diski Deutschen Schallplattenkritik mükafatına da layiq görülüb. O, Fransada Qrand Prix du Disque mükafatı alıb. “Songlin” musiqi sərgisi onu Top of the world (dünyanın zirvəsi) adı ilə təqdim edib. Fransanın “Le monde” qəzeti onu “ən nadir səs”, “The New York Times” isə “Azərbaycan möcüzəsi” adlandırıb[3].
2001-ci ilin sentyabr ayında Alim Qasımov yenə Səmərqənddə UNESCO-nun təşəbbüsü ilə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi olmuş, “Şərq təranəsinin bülbülü” tituluna layiq görülmüşdür[4].
Alim Qasımovun səsi tanınmış fransız dicey Devid Vendettanın “Vendetta” albomunda 4-cü sırada olan “I’m your Goddess” mahnısına daxil edilmişdir[5].
ABŞ-ın Corctaun Universiteti və İordaniya (Amman şəhəri) Kral İslam Strateji Araşdırmalar Mərkəzi hər il nəşr olunan “The Muslim 500” dərgisində müxtəlif nöminasiyalar üzrə dünyanın ən nüfuzlu 500 müsəlmanının adını elan edir. Dərginin ilk nömrəsindən başlayaraq bugünə kimi nəşr olunmuş bütün nömrələrində (2009–2021) ölkəmizdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Qafqaz Müsəlmanları Ruhani idarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə yanaşı, Alim Qasımovun da adı burada yer almışdır[6].
A.Qasımov 2014-cü ildə Heydər Əliyev fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.
O həm də dövlət səviyyəsində mükafatlandırılmışdır. A.Qasımov 2008-ci ildə “Şöhrət”, 2017-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunmuşdur[7].
Burada Alim Qasımovun uğurlarının bir hissəsini, yəni ən mühümlərini təqdim etmişik. Əslində, dahi sənətkar dünyanın hansı ölkəsində (Yaponiya, Çin, Fransa, Belçika, İsveçrə, Avstriya, İran, Özbəkistan, Rusiya, İngiltərə, ABŞ, Almaniya, İspaniya, İsrail, Hollandiya, Avstraliya, Türkiyə, Rusiya, Polşa, İsveç, Yuqoslaviya, Çexoslovakiya, İordaniya, Braziliya, İtaliya, BƏƏ və s.) çıxış etmişsə, Azərbaycana böyük uğurlarla qayıtmışdır.
[1] Azərbaycan Respublikası – UNESCO əməkdaşlığı. www.mfa.gov.az. www.mfa.gov.az. İstifadə tarixi: 18 January 2016; https://report.az/person/alim-qas%C4%B1mov/
[2] Xəlilov P.İ., Sayılov Ə.Ə. Alim deyil, aləmdi bu. B.: “Araz”, 2002, s. 114
[3] Sayılov Ə.Ə., Xəlilov P.İ. Alim deyil, aləmdi bu. B.: “Araz”, 2002, s. 136
[4] Sayılov Ə.Ə., Xəlilov P.İ. Alim deyil, aləmdi bu. B.: “Araz”, 2002, s. 135
[5] Ülkər Qasımova – APA. Alim Qasımovun səsi tanınmış fransız dicey Devid Vendettanın “Vendetta” albomuna yazılıb; apa.az/az/sou_biznes/-178900
[6] themuslim500.com
[7] 12 avqust 2017, https://president.az/az/articles/view/24947ı