sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Bir dəfə Alim Qasımovu Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin binasında keçirilən dövlət tədbirinə dəvət etmişdilər. Tədbirə Alimin qatılacağı öncədən planlaşdırılmadığına görə bir problem yaranmışdı.
Həmin gün Alim Bilgəhdə mötəbər bir toya dəvət olunmuşdu. Akademiyadakı tədbir isə saat 19:00-da başlanmalı idi. Ona görə də o, tarçalan, sənətşünaslıq elmləri doktoru, professor Faiq Çələbiyevə (1948–2020) və mənə dedi:
Təşkilatçılarla danışmışam, tədbir başlayan kimi birinci bizə söz verəcəklər, 5-10 dəqiqəlik çıxış edib oradan toya gedərik. Bir az gecikəcəyik, kənd toyları onsuz da axşam saat 7-dən sonra qızışır”.
Nə isə, dövlət tədbiri olduğundan hər kəsi (alimləri, qonaqları, musiqiçiləri) ciddi yoxlayıb içəri buraxırdılar. Tədbir tam bitməmiş kimsəyə binadan çıxmağa icazə vermirdilər. Bəlli oldu ki, əvvəlcə iclas keçiriləcək, nəyinsə müzakirəsi və çıxışlar bitdikdən sonra isə konsert başlanacaq. Həmin illərdə mobil telefonlar olmadığından Alim toy sahibi ilə əlaqə saxlaya bilmirdi və çox gərgin vəziyyətdə idi. Tədbir xeyli uzandı, 21:45-də biz binadan çıxdıq və Bilgəh kəndinə yollandıq.
Alimin cavan vaxtlarından pirani qocalara məxsus, təmkinli keyfiyyətləri vardı. Biz həmyaşıd olsaq da (məndən bir neçə ay böyükdür), onun həm yaşına uyğun olmayan ecazkar sənəti, həm də müəyyən məsələlərdə obyektiv qərarlar qəbul etməsi məni heyrətləndirirdi. Təkcə yaşıdları deyil, hətta ağsaqqallar, ondan yaşca çox böyük olan Bəhram Mənsurov (1911–1985), Hacı Məmmədov (1920–1981), Tələt Bakıxanov (1927–2000), Elman Bədələov (1929–1991) kimi sənətkarlar Alimlə söhbətləşdikdə, ünsiyyət qurduqda ona böyük ehtiramla yanaşırdılar.
Belə məqamlarda Alim sanki yaşca həmin insanlardan böyük görünürdü. Məni əsas təəccübləndirən o idi ki, bütün bunlara rəğmən Alimdə heç bir özündənrazılıq, müvəffəqiyyətdən başgicələnmə, xarakterində dəyişiklik yaranmırdı. Doğrudur, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu mənada Alim Qasımovla xarakterimizdə bir uyğunluq vardı.
Həmin illərdə az da olsa mən də tanınırdım. İndiki dillə desək, toy biznesim vardı, müştərilərim toya dəvət etmək üçün növbə tuturdular. Həmin illərdə instrumental ifaçılar arasında çox az təsadüf edilən dövrün ən bahalı QAZ-24 “Volqa” markalı maşınım vardı. Televerilişlərə mütəmadi olaraq solist kimi dəvət olunurdum. AzTV-nin nəzdində ölkədə yaradılan ilk folklor kollektivlərindən biri – “Dastan” ansamblının (bədii rəhbər Xalq artisti Baba Mahmudoğlu) musiqi rəhbəri idim. Özümü bütün parametrlərlə Alimlə müqayisə etmək istəmirəm, bu, heç mümkün də deyil…
Alim Qasımov maşınını iti sürətlə sürür və deyinə-deyinə bizə də məsləhətlər verirdi:
Nə qədər bərk sürsəm, toya 11-in yarısından tez çatmayacağıq. Xahiş edirəm toy sahibi təhqiramiz sözlər işlətsə, heç bir cavab verməyin. Bunun sizə heç bir aidiyyəti yoxdur, deyiləcək bütün xoşagəlməz ifadələr, söyüşlər mənə çatacaq. Təmkinli olun, görək başımıza nə gəlir”.
Gəlib toy yerinə çatdıq. Toy nə toy, elə bil qurultaydır, hər yan çilçıraqban. Maşından düşəndə cavan bir oğlanın çığırtısını eşitdim: “Muştuluğmu verin, Alim gəldi”.
Haşiyə: Doğrusunu deyim ki, üstündən illər keçdiyindən toy sahibinin adı yadımdan çıxmışdı, heç Alimin özü də dəqiq xatırlamırdı. Buna görə də əslən bilgəhli olan peşəkar tarçalan, Xalq artisti, professor Hacı Ağaverdi Paşayevə müraciət etməli olduq. Ağaverdi müəllim də hadisəni xatırladığını, lakin toy sahibinin adını unutduğunu dedi, söz verdi ki, öyrənib deyəcək. Az sonra Ağaverdi müəllim məlumat verdi ki, kənd ağsaqqalı Hacı Vaqifdən məsələni öyrənib: toy sahibinin adı Əlikram Məşədi Qədeşoğlu, bəydadaşın adı isə Hacıbaladır. Biz də öz tərəfimizdən bu məlumatı verdiklərinə görə həm Ağaverdi müəllimə, həm də Hacı Vaqifə öz dərin təşəkkür və ehtiramımızı bildiririk.
Toyun sahibi Əlikram Məşədi Qədeşoğlu ağsaqqal, nurani bir kişi idi. O, Alimə yaxınlaşıb üzündən öpdü, kövrək səslə cavanlara dedi:
Oradan nəzir etdiyim qurbanlıq qoçu buraya gətirin”.
Qoçu Alimin ayağı altında kəsdilər. Toy sahibi: “Aparın ətini kasıb-küsuba paylayın”, – dedi.
Alim gecikmə səbəbini ağsaqqala izah edirdi. Toy sahibi yenə kövrək və titrək səslə: “Alim, Bilgəh yolunda biz toya gedən virtuoz klarnetçalan Əşrəf Əşrəfzadəni (1940–1973) itirdik, o, avtomobil qəzasında dünyasını dəyişdi. Bayaqdan düşünürdüm ki, indi bəd xəbər gələcək, Alimgil qəzaya düşüb. Ona görə Allaha dua elədim ki, Alim sağ-salamat gəlib çıxsın, ayaqları altında qurban kəsdirim. Allaha qurban olum, dualarımı qəbul etdi”, – söylədi.
Bu hadisə ilə bağlı həmin toyun iştirakçısı olmuş dünya şöhrətli musiqiçi Habil Əliyev deyirdi:
Abşeronda Alim qədər sevilən ikinci xanəndə tanımıram. İstənilən başqa xanəndə toy qurtarana yaxın məclisə gəlsəydi, onu daşqalaq edərdilər. Alimin isə ayağı altında “gecikdiyinə görə” qurban kəsirlər”.
Maşından çalğı alətlərimizi götürüb toy mağarına getmək istədikdə Əlkram kişi: “Əvvəlcə gəlin birlikdə bir tikə yemək təam edək. Sonra işinizə başlayarsınız”, – dedi.
Alim: – Ay əmi, heç bizim boğazımızdan yemək keçər? Toy qurtarır, millət də bizi gözləyir.
Ağsaqqal: – Darıxma, elə mən də bayaqdan üzülmüşdüm, bərk acmışam, indiyəcən sarsıldığımdan heç nə yeməmişəm, boğazımdan su da keçmirdi. Gəlin birgə şam edək.
Şam etdikdən sonra toy mağarına daxil olduq. Toyxananın baş hissəsində Alim üçün şahlara layiq məxsusi səhnə qurmuşdular.
Toy öz axarı ilə gedirdi. Bir neçə dəstə növbə ilə çalıb-oxuyurdu. Rəhmətlik, Xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli Habil Əliyev də ayrıca öz dəstəsi ilə qonaqları feyziyab edirdi. Digər dəstə Bilgəh kəndinin musiqiçiləri idilər və başqa bir masa ətrafında isə virtuoz gitaraçı, Xalq artisti Rəmiş ləqəbli Rafiq Hüseynov (1944–2021) öz dəstəsi ilə əyləşmişdi. Nə isə, möcüzəli bir aləm idi.
Mağarda bütün musiqiçilər ayağa durub Alimlə qucaqlaşıb öpüşürdülər. Alim ustad Habil müəllimə xüsusi rəğbətlə yanaşdı. Mən də Habil müəllimə: “Bəlkə Alimi siz müşayiət edəsiniz”, – söylədikdə dedi: “Qətiyyən olmaz, dincəlmək istəyirəm”. Mən ustada bildirdim: “Onda gərək məni bağışlayasınız, sizintək böyük sənətkarın yanında əlimə kamança almağıma görə çox-çox üzr istəyirəm”.
Alətlərimizi kökləyib hazırladıq. Sərpayı ucadan soruşdu: “Alim müəllim, çıxışa hazırsınız?” Alim: “Bəli”, – deyə cavab verdi. Sərpayı toy sahibi adından digər musiqiçilərə təşəkkür edib: “Sizin ifanız bitdi, oturub qulaq asa da bilərsiniz, gedə də”, – dedi . Bütün musiqiçilər bir ağızdan Alimə qulaq asmamış heç hara getməyəcəklərini söylədilər.
Sərpayı üzünü Alimə tutub: “Ya Allah, başlayın”, – dedi. Alim “Şur” dəstgahını ifa etməyə başladı. Şöbədən-şöbəyə keçdikcə sərpayı qonaqların ona verdikləri pulları ikiəlli, ovucları ilə xışmalayıb Alimin qabağına qoyurdu. O qədər pul yığılmışdı ki, sayı-hesabı yox idi. Sərpayı Alimin qulağına nə isə pıçıldadı və Alim cavab verdi: “Mütləq lazımdır, halalları olsun”.
Sən demə, sərpayı Alimdən: “Sənə verilən pullardan halallıqla icazə verirsənsə, o biri dəstələrə də verim”, – soruşurmuş. Bundan sonra o, toy boyu hər dəfə Alim üçün toplanılan pulların bir hissəsini Habil Əliyevə, bir hissəsini Rəmişə, bir hissəsini də kənd musiqiçilərinə verdi.
Hacırcavab Habil Əliyev toy qurtarandan sonra Alimə: “Mən heç vaxt ifa etməyə-etməyə belə pul qazanmamışam. Sənə görə gör nə qədər bizə pul verdilər”,– dedi. Sonra Habil müəllim mənə göz vurub, gülə-gülə, zarafatyana Alimə:
Qaqa, sabahkı toyunuz haradadır? Mən də gəlib oturum yanında, eləcə qulaq asım, millət də bizə pul versin”
, – söylədi.
Alim də cavabında: “Sizin kimi nəhəng sənətkarla bir yerdə çalıb-oxumaq bizə çox böyük şərəfdir…”, – dedi.
Bildiyimə görə Habil müəllimlə Alim Qasımovun birgə ifası heç zaman baş tutmayıb. Bundan da çox təəssüflənirəm.
Muğamsevər Abşeron kəndlərində gözəl bir adət var. Kənddə toy günü kimin oğlu olurdusa, övladına dəvət edilən xanəndənin adını qoyurlar. Toy bitdikdə bir cavan oğlan Alimə yaxınlaşıb dedi ki, bu gün oğlum dünyaya gəldi, adını Alim qoyduq. Alim də səsgücləndiriciyə baxan köməkçisinə dedi:
Bunları qeyd edirsən də, neçənci Alimdir?”
Sən demə, mən onunla olmadığım toylarda da ona dəfələrlə belə müraciətlər edilib və Alim üçün bu, adi hal almışdı. Demək olar ki, Abşeronda xanəndə Alimin iştirak etdiyi hər toy günündə bir Alim adında körpə dünyaya gəlirdi.