Yaponiya xatirəsi

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Alim Qasımov muğam sənətində elə bir zirvədədir ki, hansı dildə oxumağından asılı olmayaraq əcnəbilər də onun sənət sehrinə düşür və bundan böyük zövq alırlar.

1999-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə Yaponiyaya uzunmüddətli səfərə yollanmışdıq. Konsertlərimiz əsasən turistlərin böyük maraq göstərdiyi Kaşivazaki şəhərində keçirilirdi[1]. Məni məxsusi olaraq 1999-cu ilin son gecəsi, dekabrın 31-də gündoğan ölkənin paytaxtı Tokioda keçiriləcək möhtəşəm tədbirə, yəni Yeni ilin qarşılanma şənliyinə solist kimi dəvət etmişdilər. Yaponiyada yaşayan, əslən türk olan Gökhan Ərtoğrulla birgə Tokioya yollandıq. O, səfər boyu məni həm zərb alətində müşayiət edir, həm də tərcüməçilik edirdi.

Biz dekabrın 30-da Tokioya səhər yetişdik, şəhərin mərkəzindəki nəhəng və əzəmətli bir oteldə yerləşdik. Paytaxtı gəzmək üçün əlimə gözəl fürsət düşmüşdü. Doğrudur, 1999-cu il avqustun 4-də Bakıdan Tokioya gəldikdə şəhərdə bir neçə saat olmuşduq. İndi isə şəhəri gəzmək, görməli və tarixi yerlərlə daha yaxından tanış olmaq üçün bir neçə gün vaxtım var idi.

Gökhan bəylə vaxt itirmədən şəhəri gəzməyə çıxdıq. Burada yeni inşa edilən, lakin tamamlanmamış və hələ istifadəyə verilməmiş dünyanın ən nəhəng camilərindən birində olduq. Məscidə yaxın məhəllədə yaşayan sakinlərlə söhbətləşdik. Sonra böyük bir ticarət mərkəzinə yollandıq.

Bu xatirə ilə bağlı Dünya TV-nin aparıcısı Fərqanə Gülağaqızının “Bu bizik” verilişində Alim Qasımovla birgə dəvət olunarkən geniş söhbət açmışıq[2].


[1]Nailə. Azərbaycan musiqiçiləri Yaponiyadan qayıda bilmirlər. “525-ci qəzet”, 4 yanvar 2000, s. 12;

Zöhrə. “Könül” ansamblı Yaponiyada. “Hürriyyət” qəzeti, 15 fevral 2000, s. 15;

Qvami Məhəbbətoğlu. Tokioda cami. “Zaman” qəzeti, 22-23 fevral 2000, s. 10;

Kəbutər. Yaponlar muğamata möcüzə kimi baxırlar. “Dövran” qəzeti, 22-28 fevral 2000, s.12

[2] Dünya TV, Aparıcı: Fərqanə Gülağaqızı, “Bu bizik” verilişi; https://www.youtube.com/watch?v=XC1xqJ7bdCA

Mən, adətən, xarici ölkələrdə olarkən musiqi alətləri və audio-video disklər satılan şöbələrdə alış-veriş etməyi xoşlayıram. Bu nəhəng ticarət mərkəzində insan əlindən tərpənmək olmurdu. Ancaq insanlar o qədər sakit və pıçıltıyla danışırdılar ki, sanki burada kimsə yoxdur.

Uzaqdan qulağıma Alim Qasımovun səsi gəldi və o səsə doğru addımladıq. Yaxınlaşdıqda satıcının əlini çənəsinə qoyub diqqətlə qulaq asdığını müşahidə etdik.

Gökhana dedim: – Soruş görək kimdir oxuyan?

Satıcı da: “Azərbaycan, Alim Kasımoff”, – cavab verdi.

Çox sevindim ki, ölkəmizin adını Yaponiya vətəndaşının dilindən eşidirdim. Çünki etiraf edək ki, sovet dövründə xarici ölkələrdə Azərbaycan adlı məmləkətin olduğundan çoxu xəbərsiz idi. Mənə daha çox satıcının Alimin ifasını dinlədikdə hansı hisslər keçirdiyi maraq doğururdu. O bildirdi:

Mən hər gün bir qayda olaraq Alimin diskini dinləyirəm və bu ifa məndə müsbət aura, enerji yaradır. Gün ərzində yorğunluq hiss etmirəm. Sözləri başa düşməsəm də, burada ilahi sevgi, öyüd-nəsihət, bir sözlə, poetik mətnin maarifləndirici yönümlü olduğunu hiss edirəm.

Bir də Alimi dinlədikdə ruhum dincəlir, deyirlər ki, hər bir insanın özündən əvvəl hansısa şəxsdə ruhu yaşayıb. Düşünürəm ki, bizim də ruhlarımız nə vaxtsa eyni insanlarda olub. Bəlkə onun ifası mənə elə ona görə bu qədər doğma gəlir”.

Bax Alim Qasımov sənətinin sehrini və gücünü belə məqamlarda axtarmaq lazımdır. Onu dinləyən hər bir əcnəbi hansı qitədə məskunlaşmasından asılı olmayaraq eyni hissləri yaşayır.


Abbasqulu Nəcəfzadə: IV məqalə

Alim üçün qurban kəsildi

Abbasqulu Nəcəfzadə: III məqalə

Alimin uğurları…

Abbasqulu Nəcəfzadə: II məqalə

Düşüncə və xatirələr: Kişi sözü…

Abbasqulu Nəcəfzadə: I məqalə

Alim Qasımov – 65-ə doğru…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir