sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Günlərin bir günü Alim Qasımov zəng vurub bildirdi ki, Şeyx Əbdül (görkəmli rejissor, aktyor, Xalq artisti Əbdül Mahmudov) bizi bir məclisə dəvət edib.
Şənbə günü saat 18:00-da Yasamal bazarının qabağında görüşək, həyətdə bir xudmani məclis olacaq, ora getməliyik”.
Deyilən vaxtda görüşdük. Alim öz maşınına minib dedi: “Sür dalımca!” Mən də öz maşınımla idim, əyləşib sürdüm. Gethaget, gethaget, gəldik çıxdıq bizim məhəlləyə. O vaxta qədər Alim harada yaşadığımı bilmirdi.
Alim müəllimdən soruşdum: “Qardaş, axı bu küçədə mağar yoxdur?”
Dedi ki, maşınları həyətə salacağıq, məclis də həyətdə olacaq.
Nə isə, ev yiyəsi olan qonşumuz muğam aşiqi, söz-qəzəl xiridarı Ağaqədeş kişi çıxıb bizi qarşıladı. Alim: “Maşını həyətə sal da”, – dedi. Cavab verdim:
Alim müəllim, bura elə mənim yaşadığım küçədir də. İcazə ver maşınımı öz həyətimizdə saxlayım. Elə deyərdin ki, öz qapınızda gözlə, sizin məhəlləyə gəlirik”.
Alim də başını bulayıb: “Mən haradan bilim ki, sizin məhəlləyə gəlirik”, – dedi.
Bəlli oldu ki, Ağaqədeş kişinin doğum günüdür.
Alim Qasımov dostu Əbdül müəllimlə tez-tez kinostudiyada görüşür, sənət söhbətləri edirdilər. Kinostudiyanın əməkdaşları da Alim Qasımova maraqla baxırdılar. Ağaqədeş kişinin bacısı qızı Firuzə xanım da burada işləyirdi. Onun ad günü ərəfəsində bacıqızı Firuzə xanım iş yoldaşı Əbdül müəllimdən xahiş edir ki, imkan varsa, filan gün Alim müəllimi bizim məclisə dəvət edin. O da Alimlə söhbətləşir və razılaşırlar.
Beləcə, məclis başlandı. Qonaqların hərəsi əlində bir maqnitofon tutub Alimin ifalarını yazırdılar.
Haşiyə: Maqnitofondan söz düşmüşkən bir məqama da toxunmaq istəyirəm. Mən olduğum bütün toylarda Alimin səsgücləndirici aparatını quraşdıran operator onun bütün ifalarını maqnitofon lentinə yazırdı. Bəzən eyni dəstgahı bir neçə dəfə sifariş verirdilər, hər biri də lentə alınırdı. Alimdən soruşurdum ki, eyni muğamı bir neçə dəfə niyə yazdırır? Cavab verirdi ki, bəzən bədahətən elə xallar vururam, sonra ha çalışıram, o “boğazı” yadıma sala bilmirəm. Bu ifaları lentə aldıqdan sonra evdə dəfələrlə qulaq asıram, həmin xoşladığım “boğazı” əzbərləyirəm ki, istədiyim vaxt onu ifa edə bilim.
Alim həmişə olduğu kimi qonaqları öz ecazkar səsi ilə ovsunlayaraq məst eləmişdi. Məclisin şirin məqamında Ağaqədeş kişi çox sevdiyi və az xanəndənin bildiyi bir qəzəli oxumağa başladı. Sonra da Alimə dedi ki, imkan varsa, ardını o oxusun. Sözün düzü, Ağaqədeş kişi Alimi, bir növ, imtahana çəkirdi. Gözləyirdi ki, Alim: “Bu qəzəli ilk dəfə eşidirəm, ona görə oxuya bilməyəcəyəm”, – deyəcək. Amma bunun tam əksi oldu, Alim böyük şövqlə həmin qəzəli tamamladı. Ağaqədeş kişi gəlib Alimin alnından öpüb dedi:
Sən adın kimi muğam sənətinin alimisən”.
Məclis tamamlandı. Ağaqədeş kişinin bacısı qızı Alim müəllimə 500 manat zəhməthaqqı pul verdi. Alim də pulu götürmürdü və dedi ki, biz Şeyx Əbdülün dostları kimi məclisdə iştirak edirik. Şeyx Əbdülün təkidindən sonra Alim pulu aldı və tarçalan Oqtayla mənə də pul verib bizimlə xudahafizləşdi.
Şeyx Əbdül indi həmin günləri xatırlayıb danışır ki, məclisdən bir neçə gün sonra Ağaqədeş bacısı qızına deyib: “Eşitmişəm, musiqiçiləri, xanəndə Alim Qasımovu mənim ad günümə hədiyyə etmisən. Çox sağ ol, amma həmin gün şoka düşmüşdüm, hələ indi də özümə gələ bilmirəm, elə bil yuxu görürdüm, həmin günün təsirindən ayrıla bilmirəm. Bu 1000 manatı da Alim müəllimə ver, mənim adımdan təşəkkür etginən”.
Şeyx Əbdül də deyib: “İnanmıram Alim bu pulu götürsün”. Elə də olur, Alim deyir ki, həmin gün bacıqızının verdiyi qonorar artıqlaması ilə bəs etdi. Söhbət pulun az-çoxluğundan getmir, o yerdə ki əsl muğam aşiqləri ilə görüşürük, pul arxa plana keçir…