Alim Qasımov Hacı kimi

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

Alim Qasımovun 65 illik yubileyi münasibətilə hazırladığımız bu kitabın giriş hissəsində onun bugünədək qazandığı ən mühüm nailiyyətlərindən bəhs etmiş, müxtəlif orden, medal, diplom və fəxri adlara layiq görüldüyünü bildirmişik. Lakin Alim Qasımovun bu adlardan daha yüksəkdə duran ilahi bir titulu da var – Hacı Alim.

2005-ci ilin yanvar ayında azərbaycanlılardan ibarət böyük bir qrup müqəddəs Həcc ziyarətində olmuşdu. Onların arasında müxtəlif peşə sahibləri, o cümlədən ifaçılıq sənətimizin görkəmli nümayəndəsi olan Alim Qasımov da var idi. Hacı Alim Qasımov müqəddəs yerləri ziyarət etmiş, hər bir müsəlmanın ulu Tanrı qarşısında boynuna gəlmiş olan borcunu da yerinə yetirmişdir.

Bu məqamda qeyd etmək borcumuzdur ki, kitab üzərində işləyərkən ən çox bu hissədə çətinlik çəkmişik. Təbii ki, hər hansı bir adam haqqında məqalə, kitab yazarkən o şəxsin özündən, ailə üzvlərindən, qohumlarından, dostlarından müəyyən məlumat toplamalı olursan. Bir Hacı kimi, dünyaca tanınmış bir sənətkar kimi, lap elə adi bir insan kimi Alim müəllimin xeyirxahlığı haqqında yuxarıda sadaladığım insanların heç birindən, hətta xaricdə yaşayan qohumlarından belə zəng edib heç bir məlumat ala bilmədik. Uzun illər dostluq münasibətimizə baxmayaraq, bizim də bir informasiyamız yox idi. Öyrəndiyimiz isə o oldu ki, Hacı Alim ərki çatan hamıya bu haqda danışmağı yasaq edib. Lakin yerin də qulağı var, deyiblər. Nə qədər çətin olsa da, bəzi məlumatlar toplaya bildik.

İndi deyə bilərik ki, Alim Qasımovun Hacı kimi gördüyü xeyirxah işlərin cüzi bir qismindən xəbərdarıq, bu baxımdan bilmədiklərimiz isə qat-qat çoxdur. Axı o, əsl Hacıdır, etdiyi, gördüyü işləri bir özü bilir, bir də Allahı. Amma özündən asılı olmayaraq ictimaiyyətə sızan bəzilərini sizinlə bölüşmək istəyirik.

İran İslam Respublikasından olan fotojurnalist Paşa Təbrizli şəxsi təşəbbüsü ilə Azərbaycana gəlir. O, burada bir müddət qalıb sənətkarlar, yaradıcı insanlarla görüşüb onlar haqqında film hazırlamaq niyyətində idi. Bu iş uzunmüddətli olduğundan, bir neçə aydan sonra Paşa bəyin pulu tükənir, ovaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevə, tanıdığı bir neçə imkanlı, əlində səlahiyyət olan şəxslərə ona yardımçı olmaq üçün müraciət etsə də, heç kim Paşa bəyə əl tutmur. Paşa bəy qərara gəlir ki, işi yarımçıq qoyub İrana qayıtsın.

Filmə aldığı qəhrəmanlarından biri olan Alim Qasımova zəng edir ki, sağolaşsın, o da soruşur ki, işi nə tez qurtardı, yəni bütün sənətkarlarla görüşə bildi? Paşa bəy də bildirir ki, otel pulu, yeyib-içmək kimi məsrəflərim tükəndiyindən, geri dönməlidir. Alim tanıdığı otel sahiblərinin biri ilə danışıb xahiş edir ki, belə bir xeyirxah iş görən, Təbrizdən gələn yaradıcı soydaşımıza otaq ayırsın. O da bu xahişi qəbul edir və Paşa bəy bir ildən artıq həmin oteldə qalır. Bundan əlavə, Alim Paşa bəyin başqa məsrəflərinin həlli ilə də məşğul olur.

Kitabımızın redaktoru Ağacamal müəllim də əldə etdiyi bir məlumatı bizimlə bölüşdü. Bakıətrafı kəndlərin birində (etik baxımdan kəndin adını yazmırıq) evsiz, həm də uşaqları qüsurlu olan, çox çətin vəziyyətdə yaşayan bir ailə var idi. Bu ailənin vəziyyəti haqqında xəbər Hacı Alimə çatır. Hacı bələdiyyəyə gedib ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirir. Təbii ki, hamının tanıyıb hörmət etdiyi Hacının bu torpağı almaqda bir çətinliyi olmur. O, orada hər bir şəraiti olan bir ev tikdirir, evə lazım olan avadanlıqları da alır. Sonra həmin ailəni ora gətirib evin açarlarını onlara təqdim edir və bu ailənin bütün ehtiyaclarını öz üzərinə götürərək onları müntəzəm qarşılayır.

Bax əsl Hacılıq belə olur. Bu, heç də hamıya qismət olmayan, hər kəsin cəsarət edə bilməyəcəyi Hacılıq, böyük hərflə yazılası İNSANLIQ nümunəsidir”.

Bilindiyi kimi, Alim müəllimin rəsmi ustadı Xalq artisti rəhmətlik Hacı Ağaxan Abdullayev (1950–2016) olub. Bu məqamda onun da bir xeyirxah əməlindən söz açmaq istəyirik.

Hacı Ağaxan əməli ilə bütün Hacı adını daşıyanlara örnək olan sənətkar idi. Belə bir hadisə olur. Konservatoriyada tələbəlik dostum, rəhmətlik tarçalan Zöhrab Musabəyov (1959–2013) danışırdı ki, Biləcəridə musiqi məktəbində Ağaxan müəllimin konsertmeysteri işləyirdi. Bir gün yaşlı bir qadın sinfin qapısını açıb içəri daxil oldu: “Hacı Ağaxan, oğlum, dolana bilmirəm, imkanın varsa, mənə çörək pulu ver”, – dedi. Hacı Ağaxanın gözü yaşardı, durub nənənin üzündən öpdü: “Anam, gedək”, – deyib sinifdən çıxdılar. Fikirləşdim ki, onu tələbəsinin və mənim yanında utandırmamaq üçün bayırda 5-10 manat pul verib yola salacaq. Sən demə o, nənəni mühasibin yanına aparıb deyir: “Bu mənim mənəvi anamdır, işdə hər ay alacağım maaşı mənim əvəzimə o gəlib qol çəkib alacaqdır”. Mühasib də söyləyir: “Notariusda ananın adına təsdiqlənmiş etibarnamə gətir, heç bir problem yoxdur“.

Hacı da ərizə yazıb sənədləri qaydasına salır, ananın cibinə də çörəkpulu qoyur. Hacı Ağaxan sinfə gözlədiyimizdən xeyli gec qayıtdı. Soruşanda “nə gec gəldin?”, – cavab verdi ki, ananı maşınla aparıb evinə düşürdüb.
Zöhrab Musabəyov söyləyirdi: “Ayın sonunda maaş alarkən həmin ananı qol çəkib pul alanda gördükdə çox təəccübləndim“. Mühasibdən soruşdum: “Ananı işə götürmüsünüz?” Dedi: “Yox, Ağaxan müəllimin maaşını hər ay bu ana gəlib alacaq”.

Hacı Ağaxan belə Hacılardan olub. Xızı Rayon İcra Hakimiyyətinin başçısı olmuş Bafadar Muradovun (1936–2007) oğlunun toyunu idarə edirdik. Toyda bizimlə bərabər populyar müğənni Səyyad Əlizadə (1959–2021) oxuyurdu. Xanəndə Hacı Ağaxan da öz dəstəsi ilə bizimlə üzbəüz əyləşib qonaqları feyziyab edirdilər. O, tarda tanınmış sənətkar Firuz Əliyev, kamançada isə virtuoz ifaçı, Əməkdar artist Hacı Ədalət Vəzirovun (1951–2002) müşayiəti ilə sənət möcüzəsi yaradırdı.

Arada musiqiçilərə şam etmək üçün fasilə verildi. Yadıma Zöhrab müəllimin dedikləri düşdü, soruşdum: “Hacı, sənin maaşını kimsəsiz, bivaris bir ana alır?” Cavab verdi:

Yəqin Zöhrab müəllim deyib. Amma yalandır”.

Görünür, Hacı “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipinə əməl edirmiş.

Beləcə, Hacı Ağaxan orada işlədiyi müddətdə həmin ana hər ay musiqi məktəbindən “maaş” alırdı. Fikrimizcə, Hacı Ağaxan düşünürmüş ki, anaya 5-10 manat verməklə onun qarnı bir gün doyacaq. Sabahısı gün yenə ac qalacaq, utanacaq gəlib desin ki, Hacı, çörəkpulu ver. Ona görə Hacı Ağaxan bu addımı atmışdır.


Abbasqulu Nəcəfzadə: VI məqalə

Məhəllədə ad günü

Abbasqulu Nəcəfzadə: V məqalə

Yaponiya xatirəsi

Abbasqulu Nəcəfzadə: IV məqalə

Alim üçün qurban kəsildi

Abbasqulu Nəcəfzadə: III məqalə

Alimin uğurları…

Abbasqulu Nəcəfzadə: II məqalə

Düşüncə və xatirələr: Kişi sözü…

Abbasqulu Nəcəfzadə: I məqalə

Alim Qasımov – 65-ə doğru…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir