Habil Əliyev: “Xanəndə olsaydım, Alim kimi oxuyardım”

 

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Habil Əliyev indi olmasın, xətrimi çox istəyirdi. Bir dəfə Güney Azərbaycanın (indiki İran ərazisi) Ərdəbil şəhərindən tanınmış ney ifaçısı Bəhram İbadi Bakıya gəlmişdi. Habil müəllim mənə zəng etdi ki, belə bir qonağı gəlib:

AzTV-nin əməkdaşları ilə danışmışam “Muğam Teatrı”nda (İçərişəhərdə) çəkiliş olacaq. Aparıcılığı da siz edin, çünki həm mənim “dilimi” (kamança çalmağı), həm də qonağımızın “dilini” (ney çalmağı nəzərdə tutur) gözəl bilirsiniz”.

Razılaşdıq, gözəl çəkiliş də oldu. Nədənsə, efirə vermədilər, Habil müəllim də hər dəfə o verilişi xatırlayanda mane olanları doyunca söyürdü.

Nə isə, həmin verilişdə Habil müəllimdən soruşdum: “Siz yeniyetmə yaşlarından Məşədi Süleyman Mənsurov (1872–1955), Qurban Pirimov (1880–1965), Mirzə Mənsur Mənsurov (1887–1967), Məmmədxan Bakıxanov (1890–1957), Əhmədxan Bakıxanov (1892–1973), Xan Şuşinskinin kiçik qardaşı Allahyar Cavanşirov (1907–1972), Bəhram Mənsurov (1911–1985), Məşədi Nəriman Mehrəliyev (1916–1983), Əliağa Quliyev (1917–1998), Hacı Məmmədov (1920–1981), Kamil Əhmədov (1920–1997), Məmmədağa Muradov (1921–1969), Baba Salahov (1923–1982), Əhsən Dadaşov (1924–1976), Həbib Bayramov (1926–1994), Sərvər İbrahimov (1930–2002) və bu kimi qüdrətli tar ifaçıları ilə görüşmüsünüz. Onlardan ən çox ürəyinizə yatan kim olub, daha dəqiqi, ürəyinizi oxşayan kim olub?

Habil müəllim dedi: “Hər gülün öz ətri olduğu kimi, hər sənətkarın da özünəməxsus gözəllikləri vardır. Amma məndən soruşsaydın ki, tarçalan olsaydın, necə ifa edərdin? Fikirləşmədən “Möhlət Müslümov kimi” deyərdim. Çünki o, tarı elə bil mənim ürəyimlə ifa edir, sanki mənim ürəyimin tellərini tarda səsləndirir”. Xatırladaq ki, Habil Əliyev müxtəlif tədbirlərdə Möhlət Müslümov haqqında bu fikirləri dəfələrlə dilə gətirmişdi.

Bu məqamda Habil müəllimdən: “Bəs oxuyan olsaydınız necə?”, – deyə soruşdum. Axı siz İslam Abdullayev (1876–1964), Bahadır Mehralıoğlu (1883–1962), Əhməd Ağdamski (1884–1954), Zülfü Adıgözəlov (1898–1963), Xan Şuşinski (1901–1979), Ağabala Abdullayev (1910–1976), Hacıbaba Hüseynov (1919–1993) və başqa bu kimi xanəndələri görmüş, bir çox hallada onları müşayiət etmisiniz”.

Habil müəllim cavab verdi:

İndi kiminsə adını çəksəm, hazırda yaşayan xanəndə dostlarım məndən inciyə bilər. Yəqin ki, xanəndə olsaydım, elə Alim Qasımov kimi oxuyardım. Çünki onun ifa tərzi mənim ruhumcadır”.

Doğrudan da, əfsanəvi sənətkar Habil Əliyev ecazkar səsli Alim Qasımovun ifaçılıq sənətinə yüksək dəyər verirdi. O, filologiya elmləri doktoru Vaqif Yusifli ilə bir müsahibəsində qəzəl oxuyanlardan söz açarkən bildirir: “Nə yaxşı ki, Hacıbaba var, Yaqub, Arif, Ağaxan, Canəli, Alim var”. Habil Əliyevin həmin müsahibəsindən:

Amma Alim Qasımovdan haçan söz düşsə, onun bənzərsiz bir xanəndə olduğunu mütləq qeyd etməliyəm. Muğam dünyasında Xanın da, Seyidin də, Cabbarın da, Mütəllimin də, Zülfünün də öz yeri var.

Vaxt gələcək, Alim Qasımovun da adı bu ustadlar sırasında çəkiləcək. Amma onun istedadını indidən qiymətləndirməliyik. Alimin səsindəki incəliklər özünə məxsusdur və heç kimdə yoxdur”.

Axırıncı, Fransa səfərimizi xatırlayıram. Kaş Alimin orada necə böyük uğur qazandığının şahidi olaydınız. Konsertin əvvəlində mən çaldım. İki muğamdan ayrı-ayrı hissələr ifa etdim. Çünki bir alətdə bütöv muğam ifa eləmək yoruculuğa səbəb olur. Alimdən ötrü elə buna görə yaman narahat oldum. Fikirləşdim ki, elə bizdə – Azərbaycanda çox az adam bir muğamı axıracan səbirlə dinləyir, indi gör Fransada necə olar? Mənə elə gəlirdi ki, Alim “Çahargah”ı bitirəndə zalda ancaq azərbaycanlılar qalacaq, qeyri-millətlər dözməyib gedəcəklər.

Bircə tez qurtaraydı deyə fikirləşirdim, bir saat iyirmi dəqiqədən sonra zalda elə bil top atıldı. Bütün zal ayağa durub Alimi alqışlayırdı.

Yarım saatlıq fasilədən sonra konsert davam etdi. Yenə əvvəlcə mən çaldım. Sonra Alim “Şur” oxudu. Bir saat yarım. Bu dəfə tamaşaçılar elə dəstgahın ayrı-ayrı hissələrində ayağa durur, o bənzərsiz səsi alqışa tuturdular. Konsert qurtaranda bizi gizlətdilər ki, axın, basabas olmasın.

Səhərisi şəhərdə gəzəndə iki zənci (onlar da konsertə baxırmışlar) bizə yanaşdı. Onlar Alimin papağına dörd ulduz yapışdırdılar. Sən demə, hansı ayda hansı konsert tamaşaçıların xoşuna gəlibsə, yekdilliklə “dördulduzlu konsert” sayılırmış.

Alim Qasımov başqa ölkələrdə də belə alqışlar qazanıb, xaricə məhz onun kimi usta xanəndələri göndərmək lazımdır. Amma bayaq siz deyəndə ki, dekabrın 1-də televiziyada Alimin konsertini yarımçıq kəsdilər, çox məyus oldum. Heç olmasa, xaricilərdən ibrət götürsünlər. Heç adam da o gözəl səsə qıyıb yarıda kəsərmi?[1]

Müsahibədən göründüyü kimi, böyük sənətkar Habil müəllim Alim Qasımovun muğam ifaçılığına necə də yüksək dəyər vermişdir.


[1] Yusifli V.Ə. Habil Əliyev: musiqidə, təbabətdə güzəşt olmasın gərək… “İlham” qəzeti, 15 dekabr 1990, s. 2-3

 

Abbasqulu Nəcəfzadə: VII məqalə

Alim Qasımov Hacı kimi

Abbasqulu Nəcəfzadə: VI məqalə

Məhəllədə ad günü

Abbasqulu Nəcəfzadə: V məqalə

Yaponiya xatirəsi

Abbasqulu Nəcəfzadə: IV məqalə

Alim üçün qurban kəsildi

Abbasqulu Nəcəfzadə: III məqalə

Alimin uğurları…

Abbasqulu Nəcəfzadə: II məqalə

Düşüncə və xatirələr: Kişi sözü…

Abbasqulu Nəcəfzadə: I məqalə

Alim Qasımov – 65-ə doğru…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir