Afərin belə dinləyiciyə!

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Goranboy (sovet dövründə Qasım İsmayılov adlanırdı) rayonunun Qızılhacılı kəndi muğamsevər yurd yerlərimizdən biridir. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ovaxtkı rektoru tələbə Alim Qasımovdan xahiş edir: “Dostumuzun övladının toyudur, arzusudur ki, məclisi sən idarə edəsən, hansı gün sifarişin yoxdursa, həmin günə toyu təyin edək”. Nə isə, günü dəqiqləşdirirlər.

Toy günü milli üçlüklə yola düşdük. Yola düşməzdən əvvəl Alim mənə demişdi: “Qızılhacılıya gedəndə kamança ilə yanaşı, o biri çalğı alətlərini də götürərsən. Rayon yerində səhərdən axşama kimi toy davam edir, dəyişik səslənmə olsun deyə arada digər alətlərdə də ifa edərsən”.

Qızılhacılıda iri toy çadırı qurulmuşdu, toyxananın ucu-bucağı görünmürdü. Bəlli oldu ki, toya bizdən başqa musiqiçi dəvət olunmayıb. Adətən, getdiyimiz toylara zurnaçı və yaxud klarnet ifaçıları da öz dəstəsi ilə dəvət olunur ki, toy boyu rəqsləri ifa etsinlər. Alim sərpayıdan soruşdu ki, bəs oynayanlar üçün kim çalacaq? Sərpayı: “Bu gün oynamaq olmayacaq, yalnız sənə qulaq asacağıq”, – dedi. Nə isə, toyun elə siftəsindən sərpayı dedi ki, qonaqlar toyu “Qatar” muğamı ilə başlamağı xahiş edirlər. Bu sifariş Alimin ürəyincə olmasa da, çarəsi yox idi. Bilirdi ki, həmişə olduğu kimi, onu məcbur edib oxudacaqlar.

Alim, eləcə də digər xanəndələr toyların açılışında zil notlarla başlayan muğamları ifa etməyi xoşlamırlar. Xüsusilə bəzi uzaq rayonlara getdikdə yol yorğunluğu canlarından çıxsın deyə, adətən, bir az aşağı pərdələrdə oxuyurlar ki, səs “özünə gəlsin”. Buna bəzən Alim müəllim zarafatla “boğaz gimnastikası” da deyir.

Dəstgahın dəramədini instrumental şəkildə bitirib “Qatar”ı (bəzən “Qatari-Bərdaşt” da adlanır 1) ifa etdik. Alim muğamı, Kürdəxanı kənd sakini Dadaş Vasifin 2 (1880–1960) “Bir vətən mülkünə bax, gör nə gülüstanım var”3 qəzəlinin ilk beytini yenicə oxumağa başlamışdı ki, sərpayı çalğını saxlatdı:

Alim müəllim, sifarişçi xahiş edir ki, muğamı öz kökündə oxuyasınız”.

Alim həm də gözəl tar ifaçısıdır, bilir ki, “Qatar” açıq kökdə, yəni “do” səsində oxunur. Təəccüblə sərpayıya dedi: “Muğamı öz tonallığında oxuyuram, ola bilsin ki, bir az fərqli olsun. Burada fortepiano və yaxud qarmon yoxdur ki, onunla alətləri dəqiq kökləyək“.

Sərpayı bir qarmon gətizdirdi, onunla alətləri kökləyərkən tarçalan suraxanılı Ramiz İsmayılov qımışaraq dedi:

Düz deyirlər, dünən Hacıbaba Hüseynovla toyda olmuşam, o, tarı bir ton bəm, yəni “si bemol” köklətmişdi”.

Əslində, burada geniş diapazonlu səsə malik olan Alim Qasımovun “Qatar”ı “si”də və ya “do”da oxumağının bir o qədər də fərqi yoxdur. Alim həmin muğamı hətta “re” səsində də rahatlıqla oxuya bilərdi.

Bu faktın gözəlliyi musiqiçi olmayan sifarişçinin mütləq musiqi duyumuna (ruslar demişkən, “obsalyutnıy slux”) malik olması, muğamı adət etdiyi tonallıqda dinləmək istəməsindədir.

Alim Qasımov sifarişçinin bu iradından çox məmnun qalıb:

Afərin belə dinləyiciyə!”

, – deyib “Qatar”ı böyük şövqlə oxudu.

Ustadın “Qatar”da oxuduğu qəzəl və zildə vurduğu zəngulələr indi də qulağımda səslənir:

Bir vətən mülkünə bax, gör nə gülüstanım var,
Nərgizim, yasəmənim, sünbülü reyhanım var.
Vətən eşqilə yaşar indi bütün insanlar,
Verməyə can kimi məndə ona qurbanım var.
Vətənimdir mənə məşuqə, onun aşiqiyəm,
Deməsin Qeys ki, Leyla kimi cananım var.
Məni şam yandıra bilməz oda pərvanə kimi,
Yurdum Odlar vətəni çün Azəristanım var.
Qədəmin düşmən əgər qoysa vətən torpağına,
Onu məhv eyləməyə lazımi imkanım var.

Kim ki, sevmir Vətəni, bir də əziz torpağını –
Həqqi yoxdur belə insan deyə vicdanım var.
Vasifa varlığını sərf elə öz xəlqin üçün,
Fəxr edib xəlq desin Hatəmi-dövranım var. 4

Toy boyu bəzən eyniadlı dəstgahı 3-4 dəfə sifariş verirdilər. Məsələn, deyək ki, “Mirzə Hüseyn segahı”nı toyun əvvəlində, orta hissəsində və axırında da ifa etmişdik. Belə məqamlarda Alim müəllim oxuduğu qəzəlləri və təsnifləri yeniləyirdi ki, dinləyicilərdə maraq oyatsın. Ramiz müəllim və mənə də eyniadlı muğamı təkrar ifa edərkən deyirdi ki, dəyişik dəraməd, rəng və diringilər çalaq.

Alim Qasımova təkcə Qızılhacılıda deyil, Azərbaycanın istənilən bölgəsindəki toylarda təkrar dəstgahlar sifariş verildikdə repertuarında da yuxarıdakı dəyişiklikləri edirdi.

Qızılhacılıda bir maraqlı olay da oldu. Həmin illərdə toylarda “Onu bağışlamaq olarmı?” filmindən musiqisi Tofiq Quliyevə, sözləri Zeynal Cabbarzadəyə aid edilən lirik mahnı çox dəbdə idi. Alim müəllimdən də bu mahnını oxumağı xahiş etdilər. O da repertuarında belə bir mahnı olmadığını söylədi. Sifariş verən möhkəm sərxoş idi, Alimə yalvarıb-yaxardı: “Sənə qurban olum, oxumasan ürəyim buradaca dayanacaq”.

Alim şirin Şirvan ləhcəsiylə: “Qadoyu alım, bu mahnının sözlərini də bilmirəm, əvəzində başqa bir təsnif və ya xalq mahnısı oxuyum”, – dedi. Sifariş verən cibindən qələm çıxardı, mahnının sözlərini yazıb Alim müəllimə verdi. Çarəsiz qalan Alim müəllim həmin mahnını oxudu.

Oxudu yox ey, mahnıya sənət möhürünü vurdu. Yəni o, standartçılıqdan kənara çıxaraq, mahnının nəqərat hissəsini zil-bəm oxuyurdu. Mahnı bitdikdə bütün məclis əhli Alim müəllimi ayaq üstə alqışladılar.

Ümumiyyətlə, Alim müəllim xanəndə olsa da, oxuduğu hər bir təsnif, xalq və bəstəkar mahnılarına yeni həyat verir. Dəfələrlə eşitdiyin hər hansı bir mahnını Alim müəllimin ifasında dinlədikdə sanki yeni bir nəğmə canına, qanına, iliyinə hopur, həmin mahnının ən nadir nüsxəsi ortaya çıxır…


1 Faseh R.M. (Paşayev). Azərbaycan muğamlarında söz və musiqinin əlaqəsi. B.: “Çıraq”, 2004, s. 64
2Tam soyadı: Dadaş Əbdürrəhim oğlu Qasımov
3 Cəfər Rəmzi (İsmayılzadə C.B., toplayan və tərtibçi). Deyilən söz yadigardır. Bakı: “Yazıçı”, 1981, s. 179

4 Cəfər Rəmzi (İsmayılzadə C.B., toplayan və tərtibçi). Deyilən söz yadigardır. Bakı: “Yazıçı”, 1981, s. 179


Abbasqulu Nəcəfzadə: IX məqalə

Göylər kəndi heç də Nardarandan geri qalmır

Abbasqulu Nəcəfzadə: VIII məqalə

Habil Əliyev: “Xanəndə olsaydım, Alim kimi oxuyardım”

Abbasqulu Nəcəfzadə: VII məqalə

Alim Qasımov Hacı kimi

Abbasqulu Nəcəfzadə: VI məqalə

Məhəllədə ad günü

Abbasqulu Nəcəfzadə: V məqalə

Yaponiya xatirəsi

Abbasqulu Nəcəfzadə: IV məqalə

Alim üçün qurban kəsildi

Abbasqulu Nəcəfzadə: III məqalə

Alimin uğurları…

Abbasqulu Nəcəfzadə: II məqalə

Düşüncə və xatirələr: Kişi sözü…

Abbasqulu Nəcəfzadə: I məqalə

Alim Qasımov – 65-ə doğru…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir