sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Zərb alətlərinin tanınmış ifaçısı, sonralar isə kinorejissor kimi fəaliyyət göstərən, hazırda Fransanın Strasburq şəhərində yaşayan Xəyyam Yaşar oğlunun (Aslanov) 1986-cı il aprelin 29-u tarixində Güzdək kəndində keçirilən toyunda Alim Qasımovun milli üçlüyündə kamança ifaçısı kimi iştirak edirdim. Tar ifaçısı isə dərin muğam bilicisi, AMK-nın baş müəllimi, Əməkdar artist, Kurmanqazı adına Alma-Atı Milli Konservatoriyasının fəxri professoru Valeh Rəhimov idi.
Bu toyun bir sıra izləri xatirimə əbədi həkk olunub və bunlar haqqında geniş danışmaq istəyirəm. Öncə Valeh Rəhimovdan başlayaq. Valeh müəllim dərin və güclü yaddaşa, hafizəyə malik olan, Azərbaycan muğamlarını dürüst bilən azsaylı sənətkarlarımızdan biridir. O, eyni zamanda, başqa tarçılardan fərqli olaraq, muğamlarımızın poetik sütunu olan qəzəliyyatı da mükəmməl bilir. Valeh müəllimə görə, hər hansı qəzəlin mahiyyətini bilmədən onu oxuduqda o muğamın, qəzəlin ruhunu dinləyiciyə istənilən səviyyədə çatdırmaq mümkün deyildir. Bu ruhu çatdırmaq təkcə xanəndənin üzərinə düşmür, instrumental ifaçılar da həmin hiss-həyəcanı, emosiyanı öz ifa və mimikalarında yaşamalıdırlar, yoxsa belə ifa natamam, yarımçıq, qeyri-mükəmməl alınacaqdır. Valeh müəllimin bu fikirləri ilə tam razılaşırıq.
Opponentlər sual verə bilər: “İnstrumentalçının qəzəliyyata nə aidiyyəti vardır?”
Əslində, bu məsələyə aidiyyəti olmalıdır. Fikrimizcə, hər bir tarçalan və ya kamançaçı xanəndənin oxuduğu qəzəlin təsiri altında aləti çalmalı, bir sözlə, xanəndəni eyni ovqatla müşayiət etməlidir. Fikrimizin izahını belə veririk: əgər xanəndə şəhidlərlə bağlı bir qəzəl oxuyursa, müşayiətçilər də araçalğı zamanı eyni ruhu yaşatmalıdırlar. Deyək ki, həmin anda müşayiətçilər mimikalarında nikbin təbəssüm və xoş ovqat yaratsalar, ümumi ifaya xələl gətirmiş olacaqlar.
Valeh Rəhimovun fəxri ad alması ilə də bağlı kiçik arayış vermək istəyirəm. Bəllidir ki, Azərbaycanda fəxri ad almaq üçün təkcə ustad sənətkar olmaq kifayət etmir. Bəzən fəxri ad alanlar bir sıra neqativ hallarla üzləşir: qohumbazlıq, yerlibazlıq, rüşvət və s. Valeh müəllimdə də sənətdən savayı bunların heç biri yoxdur.
Sual yaranır: evi olmayan, kirayədə yaşayan ustad, yaşlı tar ifaçısı fəxri adı necə aldı?
Deməli, ölkəmizdə muğam müsabiqələri keçirildikdən sonra UNESCO-ya hesabat kimi nəticələr və videomateriallar göndərilir. UNESCO-nun Musiqi Şurası da həmin materiallarla tanış olur. 2009-cu ildə Nuriyyə Hüseynova “Şüştər” dəstgahını oxuyarkən onu tarda Valeh Rəhimov, kamançada isə sonralar Xalq artisti adını almış Munis Şərifov müşayiət edirlər.
“Şüştər” muğamını dinləyən Musiqi Şurasının üzvləri Valeh müəllimin tarda klassik ənənələri qoruyub saxladığından və mükəmməl ifasından vəcdə gəlirlər və heyranlıqlarını gizlədə bilmirlər. Onlar dinləyişlərdən sonra Heydər Əliyev fondunun rəhbərliyinə məktub yollayır, ifalardan çox məmnun olduqlarını bildirirlər. Xüsusən tar ifaçısı Valeh Rəhimovun ifaçılıq üslubunu çox bəyəndiklərini yazmış və Valeh Rəhimova UNESCO-nun Musiqi Şurasının nüfuzlu üzvlərinin salamlarını çatdırmağı xahiş etmişlər.
Məktubu oxuduqdan sonra Mehriban xanım dərhal Valeh Rəhimovla maraqlanır. O, həmin illərdə mədəniyyət naziri olmuş Əbülfəs Qarayevdən Valeh müəllimin kimliyini soruşur. Nazir də belə bir adamı tanımadığını bildirir. Müvafiq tapşırıqlardan sonra, nəhayət, Mehriban xanım nazirə Valeh müəllimə fəxri ad vermək üçün sənədlərini hazırlayıb Prezident Administrasiyasına təcili göndərməsi ilə bağlı göstəriş verir.
Və cənab Prezidentimiz İlham Əliyev Valeh Rəhimova Əməkdar artist Fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayır. Deməli, Mehriban xanım Valeh Rəhimova UNESCO-nun Musiqi Şurası üzvlərinin salamlarını ona Fəxri ad verməklə çatdırır.
Amma Musiqi Şurası üzvləri, eləcə də Mehriban xanım hələ də Valeh Rəhimovun evinin olmaması, kirayədə qalmasından xəbərsizdirlər…
Xəyyamın toyunun gur məqamında Alimin o vaxt 7 yaşında olan qızı Fərqanəni mikrofon qarşısında əyləşdirdilər. Balaca xanəndə qavalı götürüb “Şahnaz” oxuyacağını bildirdi. Biz “Şahnaz” muğamını çalmağa başladıq, Fərqanə yaşına uyğun olmayan tərzdə, peşəkarlıqla muğamı oxudu. Toya gələn qonaqlar balaca xanəndəni ayaq üstə alqışladılar. Bu, Fərqanə xanımın tələbkar tamaşaçı qarşısında ilk çıxışı idi.
Həmin toyda daha bir yaddaqalan məqam da oldu. Toya rövnəq verən, dinamik çalarlar aşılayan digər musiqiçilər də dəvət olunmuşdular. Bu dəstəyə bizimlə üzbəüz oturmuş virtuoz nağara ifaçısı Zöhrab Məmmədov (1947–2021) rəhbərlik edirdi. Ona qonaqlar dəfələrlə nağarada solo ifa etməyi sifariş verirdilər. Zöhrab nağarada müxtəlif ritmləri elə ustalıqla bir-birinə pərçim edirdi ki, dinləyicilər ritmlərin nə vaxt dəyişdiyini belə hiss etmirdi. O, nağaranı sıradan bir alət kimi səsləndirmirdi, sanki ritmlər sənətkarın sehrkar ifası ilə dil açıb danışırdı.
Həmin toyda musiqiçilərin şam etməsi üçün kiçik fasilə oldu. Zöhrab Məmmədov gülərüzlə yarızarafat, yarıgerçək Alim müəllimə baxıb dedi:
Qardaş, toy boyu oxumaqla müğənnimizi, qaval çalmaqla da məni məhv etmisən”.
Haşiyə: Bir neçə il ötdükdən sonra Zöhrab Azərbaycandan didərgin düşür. Səbəbinin izahını verək. Hələ çox gənc yaşlarından Zöhrab müəllim nağara çalmaqla çox zəngin bir musiqiçiyə çevrilir. O, mütəmadi olaraq dünya şöhrətli müğənni Rəşid Behbudovla (1915–1989) xarici ölkələrdə musiqi mədəniyyətimizi layiqincə təbliğ edir. Özünə hər cür şərait yaradır: ev-eşik sahibi olur, o dövrdə ən bahalı maşın alır, restoran işlədir və s.
Son illərdə müşahidə edirik ki, ifaçılıq sənətinin bəzi nümayəndələri yaramaz vərdişlərə (sərxoşluq, narkomanlıq, qumarbazlıq və s.) sövq edilirlər. Həmin insanların aqibəti də acınacaqlı sonluqla nəticələnir. Onlardan Vaqif Mustafazadə (1940–1979), əslən Astaradan olan Məhərrəm Hüseynov (1955–2016), Zahid Sabirabadlı (1972–2018) və başqalarının adlarını qeyd etmək olar. Heyif ki, zamanında onları qoruya bilmədik. Axı bu sənətkarlar Azərbaycanın sərvəti və seçilmiş sənətkarları idi…
Günlərin birində qumarbazlar Zöhrabı da yoldan çıxarıb onu bu oyuna sövq edirlər. Nəticədə o, bütün var-dövlətini bir günün içində uduzur. Hətta boyun olduğu və uduzduğu əlavə pulu (borcu) deyilən vaxtda çatdıra bilmir. Qarşısına belə bir şərt qoyulur ki, sağ qalmaq istəyirsə, 24 saat ərzində Azərbaycanı tərk etməlidir…
Beləliklə, Zöhrab məcburən Özbəkistana köçür, əvvəlcə Səmərqənd şəhərində, daha sonra Daşkənddə yaşamalı olur.
2003-cü ildə AzTV-də aparıcısı olduğum “Yallı” verilişinin növbəti sayını müxtəlif növlü çəlik (əsa) alətlərinə həsr etmişdim1. Qonaqlarımız – ən uzunömürlü tarçalan, Əməkdar artist Firudin Ələkbərov (1921–2021) çəlik tarda və Özbəkistanda yaşayan İlham Abdullayev çəlik sazda ifa etdilər. Verilişdə bu alətlərin yaranma tarixi, etimologiyası, morfologiyası və s. xüsusiyyətləri haqqında tamaşaçılara bilgi verdik. Daha sonra İlham Abdullayevdən musiqi mədəniyyətimizin Özbəkistanda necə təbliğ olunduğundan söhbət açdıq. O, virtuoz nağara ifaçısı Zöhrab Məmmədovun oradakı uğurlarından bəhs etdi.
Xatırladaq ki, 2003-cü ildə “Azərbaycan çalğı alətlərinin izahlı lüğəti” adlı kitab hazırlayarkən Zöhrab müəllimdən nağara ilə şəklini çəkdirib mənə göndərməyini xahiş etmişdim. Zöhrab müəllim, eləcə də bu verilişdəki qonaqlarımızın da fotoları həmin kitabda verilmişdir2. Zöhrab müəllim haqqında söhbət edərkən onun şəkli də ekrana gətirilirdi.
Burada nağaranın digər tanınmış ifaçılarının adlarını sadaladıq: Ağasüleyman İmanov (1925–1998), Çingiz Mehdiyev (1932–1992), Böyükağa Muradov(1932–2007), Azər Əliyev (1934–1989), Ramiz Həsənov (1942–2010), Səlim Quliyev (1944–2005), Hüseynağa Yəhyayev (1945–1999), Hüseynağa Əliquliyev (1951–1979), Rafiq Balabəyov (1952–2014), Gülağa Quliyev(1958–2021), Almas Quliyev, Şirzad Həsənov, Rafiq Budaqov, Natiq Şirinov və başqaları.
Verilişin səhərisi günü baş redaktor, Əməkdar incəsənət xadimi Ağalar Mirzə (1954–2008) mənə zəng edib dedi ki, AzTV-nin sədri Nizami Xudiyevin (1949–2021) verilişdən çox xoşu gəlib, soruşub ki, niyə Zöhrab müəllimin özü efirə dəvət edilməyib?
Ağalar Mirzə: – Musiqiçi qonaqlarla Abbasqulu Nəcəfzadə məşğul olur.
Nizami müəllim: – Nağaradan bir veriliş hazırlayın, bu dəfə mütləq Zöhrabın özü də olsun. Dünəndən hər yerdən zəng edib onun adını çəkdiyinizə və şəklini göstərdiyinizə görə teleşirkətə təşəkkür edirlər, bu böyük sənətkarı dinləmək istədiklərini bildirirlər.
Deməli, həm Nizami Xudiyevin, həm də Ağalar Mirzənin Zöhrabın macəralarından xəbərləri yox idi. Ağalar müəllimə bildirdim: “Zöhrab müəllim Azərbaycanda deyil, gələndə veriliş hazırlayarıq. Həm də ard-arda verilişlərdə
nağaradan bəhs etməyək”.
Ağalar müəllim mənimlə razılaşdı və Zöhrabla danışıqlara başladım. Zöhrab dedi: “Abbascan, bilirsən də məlum səbəbdən mən Azərbaycana gələ bilmirəm”. Razılaşdıq: “Həmin adamlarla söhbət edəcəyəm, bir həftəlik icazə alacağam, gəl çəkiliş edək, dost-aşnalarla görüş, yenidən Daşkəndə qayıt”.
Əslən Xızıdan olan bir dostuma fikrimi söylədim, o da dedi:
Zöhraba de gəlsin, onun təhlükəsizliyi mənlikdir”.
Nə isə, dostum Zöhrabın “dost”u ilə danışar və dediyi şərtlərlə razılaşarlar.
Zöhrab müəllim bir qədər gec də olsa Bakıya gəldi. Onu telli-mizrablı alətlərin mahir ifaçısı Behbud Ağakişioğlu (1954–2021) və tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu ilə birgə “Yallı” verilişinə dəvət etdik. Çox gözəl, baxımlı və
maarifləndirici veriliş alındı 3 .
Danışdığımız kimi, Zöhrab müəllim bir həftədən sonra Daşkəndə qayıtdı. Xızılı dostum on gün keçdikdən sonra dedi: “Zöhrabla sizi bağ evimə qonaq dəvət edirəm”. Ona: “Zöhrab axı bir həftəlik gəlmişdi, həftəsi tamam olan kimi geri döndü”, – cavab verdim. Dostum çox kövrəldi, Zöhrabın “dost”unun verilişə baxıb xeyli ağladığını və onu həmişəlik bağışladığını bildirdi.
Zöhraba bu xəbəri çatdırdıqda çox sevindi və həmişəlik Azərbaycana köçdü…
1 AzTV, “Yallı” verilişi, 2003, baş redaktor Ağalar Mirzə, aparıcı Abbasqulu Nəcəfzadə, əsa tar və əsa saz alətləri, qonaqlar: Firudin Ələkbərov (əsa tar), Vaqif Qafarlı (usta-ekspert), İlham Abdullayev (əsa saz). youtube.com/watch?v=p7RkZLliaGw
2 Nəcəfzadə A.İ. “Azərbaycan çalğı alətlərinin izahlı lüğəti” I nəşr. B.: “MBM”, 2003, s. 146
3 AzTV, “Yallı” verilişi, 2004, Ağalar Mirzə (baş redaktor), Abbasqulu Nəcəfzadə (aparıcı),
qonaqlar: Zöhrab Məmmədov (nağara), Behbud Ağakişioğlu (ud, saz), Hacı Həmidoğlu
(klarnet). youtube.com/watch?v=nCDUg4ZHHtg