Dünya TV: “Bu bizik” verilişi

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Tanınmış teleaparıcı Fərqanə Gülağaqızı mənə zəng edib Dünya TV-də aparıcısı olduğu maarifləndirici “Bu bizik” verilişinə dəvət etdi 1. Verilişin formatına əsasən qonağın da sənət aləmini təmsil edən tanınmış qonağı, tərəf müqabili olmalıdır.

Söhbət əsnasında Fərqanə xanıma bir neçə dostumun (Avtandil İsrafilov, Zakir Mirzəyev, Hacı Aqil Məlikov, Möhlət Müslümov, Kəmalə Rəhimli, Firuzə İbadova, Yusif Mustafayev, Mirməmməd Mircavadov, Mirələm Mirələmov və başqalarının) adlarını xatırlatdım. Fərqanə xanım söylədi ki, həmin sənətkarların bəzisini çəkilişlərə dəvət ediblər, o biriləri isə yaxın verilişlər üçün nəzərdə tutulublar.

Birdən ürkək səslə: “Alim Qasımovla münasibətiniz necədir?”, – deyə soruşdu.

Dedim: “Cavanlıqdan dostluq edirik”.

Fərqanə xanımın sifətinə xoş bir təbəssüm yayıldı, sevincək söylədi: “Nə yaxşı, bəlkə Alim müəllimi dəvət edəsiniz”.

Dedim: “Bir az çətin məsələdir, əvvəla, görək hansı gün işi yoxdursa, çəkilişi həmin günə salaq. İkincisi, onun öz musiqiçiləri var. Bilmirəm, bizimlə oxumağa razılıq verəcəkmi? Hər halda, soruşaram”.

Alim müəllimə fikrimi bildirdikdə: “Səninlə hara desən getməyə hazıram”, – dedi.

Beləcə vədələşdik, həftənin ikinci günü çəkiliş pavilyonunda görüşməli idik. Alim müəllimə dedim ki, biz bir saat tez gələcəyik, səsgücləndiricilər quraşdırılacaq. Siz gələn kimi, həmin anda çəkiliş olacaqdır. Bazar günü Alim müəllim zəng etdi ki, çəkiliş yerindədirmi, bir dəyişiklik yoxdur ki? Hər şeyin qaydasında olduğunu dedim.

Sən demə Alim müəllim elə bilirmiş ki, çəkiliş 1-ci gün olacaq. Ona görə bazar günü zəng edib ki, əgər dəyişiklik olarsa, məlumatlansın.

Səhərisi gün Alim müəllim:

– Axı burada heç kim yoxdur.

Mən:

– Ay qardaş, veriliş sabah olacaq.

Alim müəllim:

– Bunu dünən deyərdin də.

Nə isə, aramızda belə bir anlaşılmazlıq oldu. Səhərisi günü isə Fərqanə Gülağaqızının Dünya TV-nin Bakıdakı pavilyonunda çəkilişə “motor” verildi.

Milli üslubda dizayn verilmiş pavilyonda Alim müəllimlə yerlərimizi tutduq.

Fərqanə Gülağaqızı: – Studiyamızın qonaqları Azərbaycan Respublikasının Xalq artisti, professor, dünya şöhrətli muğam ifaçımız, canlı korifeyimiz, canlı əfsanəmiz xanəndə Alim Qasımov bu gün bizimlə bir yerdədir. Və ikinci dəyərli qonağımız Azərbaycanımızın tanınmış sənətkarı, pedaqoq, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadədir. Hər ikiniz verilişimizə xoş gəlmisiniz, şərəf vermisiniz.

Alim Qasımov: – Xoş günlərinizə gələk, mənim üçün də bir şərəf oldu ki, sizin bu gözəl dizayn olunmuş studiyanızda iştirak edirik. Əsas məsələ odur ki, Abbasqulu mənim dostumdur, sənət yoldaşımdır, sənətin ilk addımlarında onunla bir yerdə qədəmləmişik məclislərdə, tədbirlərdə və Nəcəfzadə qardaşlarının bu gözəl ansambl heyətini də salamlayıram, onları da çoxdandır görmürəm, çox şad oldum. Siz də xoş gəlmisiniz, biz də xoş gəlmişik. Bizim indi çalışmağımız ondan ibarətdir ki, qulaq asanları düzgün məlumatlandıraq və bir az da imkan olsa, Allahın köməkliyi ilə yüksək zövq alsınlar, çünki bu ikisi bir yerdə olmayanda, çox elmi olanda tamaşaçılar yorulurlar. Bir az ikisi bir-birinə qarışmalıdır. Abbasqulu müəllim də tamaşaçıları salamlasın.

F.G.: – Xoş gəlmisiniz, Abbasqulu müəllim.

Abbasqulu Nəcəfzadə: – Təşəkkür edirəm. Mən də “Dünya” TV-nin tamaşaçılarını salamlayıram. Eyni zamanda, kanalın rəhbərliyinə başda siz olmaqla, təşəkkürümü bildirirəm, yəni sizin bu verilişinizin uzunömürlü olmağını arzulayıram. Alim müəllimlə yanaşı oturub yarım saat, bir saat həmsöhbət olmaq hər bir insanın həyatına qızıl hərflərlə yazılır. O cümlədən də mən elə hesab edirəm ki, bu gün bizim bir yerdə olduğumuz bu veriliş çox dəyərli olacaqdır, inşallah!

F.G.: – Alim müəllim, köhnə ab-havada özünüzü necə hiss edirsiniz? Təbii ki, studiyamızda qurulmuş bu auranın, qədimiliyin sizin sənətinizlə də yaxınlığı var. Baxın, kilimlər, xalçalar hamısı bölgələrimizdən gətirilib.

A.Q.: – Yox, bu özümdən asılı deyil, belə deyim ki, lap şəhərin mərkəzində gedəndə, hansı şəhər olursa olsun və qədimi bir yer görəndə özümdən asılı olmayaraq başlayıram zümzümə eləməyə, oxumağa. Elə vaxt olur adama təb gəlir, qərib yerdə çətinliklərdən, dərddən-sərdən bir az da olsa aralanmaq üçün zümzümə etmək istəyir. Hərdən-birdən görürəm baxırlar, ya üzümü qızıma, ya da uşaqların birinə tutub başlayıram oxumağa, guya ona nə isə deyirəm. Xaricilər də baxıb fikirləşirlər ki, bunların yəni danışığı belədir?! Bunu elə tərzdə edirəm ki, həqiqətən, danışığımızın belə olduğuna inanırlar. O ki qaldı buranın aurası, çox gözəldir. Baxmayaraq bir az sərinfasondur, amma yavaş-yavaş ifamızla buranı qızışdıracağıq.

Burada bu sətirlərin müəllifi söhbətə müdaxilə edir və Alimlə bağlı məqam olduğundan Yaponiyadakı uzunmüddətli səfərindən söz açır. Bununla bağlı kitabın “Yaponiya xatirəsi” başlıqlı məqaləsində məlumat deyilmişdir. Təkrarçılıq olmasın deyə o söhbətin üzərindən keçirik.

Daha sonra Alim Qasımov da yapon xalqı haqqında fikirlərini söyləyir.

A.Q.: – Yaponlar o qədər kompüterə bağlı insanlardır ki, sanki özləri də kompüterləşiblər. Tərifçün demirəm, söz gəldi, xatirimə düşdü. Yaponiyada möhtəşəm bir salonda konsertdə olduq, onların ifamıza hönkür-hönkür ağlamağını gördükdə çox təəccübləndik. Başa düşdük ki, ifaçı içindəki yanğını sənəti ilə büruzə verdikdə, eşq və mənəvi tərəfi yüksək səviyyədə təqdim etdikdə orada artıq haralısan, hansı ölkədə oxuyursan, onun dinləyiciyə heç bir fərqi yoxdur. Nəinki biz, başqa ölkələrin də musiqiçiləri o halla, o İlahi eşqlə sənətini təqdim etdikdə biz də təəccüblənirik. Onlara həsədlə qulaq asıb, feyziyab oluruq. Halbuki biz də onların nə dilini bilirik, nə də musiqisini. Amma həmin ifanı ruhən qəbul edirik.

F.G.: – Alim müəllim, bax həmin anda, hala düşəndə özünüz hansı hissləri keçirirsiniz?

A.Q.: – Biz oxuyarkən çalışırıq ki, o eşqə, o hala düşək. Əgər səhnədə səmimi oluruqsa, səslənmə tembr baxımından gözəldirsə, səsgücləndiricilər, mikrofonlar yaxşıdırsa, o hala düşdükdə ayrılmaq çətin olur. Burada artıq hər şey unudulur, özünə qapanırsan. Çox olub ki, mən ekstaz vəziyyətə düşüb içimdə kövrəlmişəm, ağlamışam, amma bunu tamaşaçıya büruzə verməmişəm.

F.G.: – Bəs həmin anlarda ola bilərdi ki, heç oxuya bilməyəsiniz, keyfinizi nə poza bilərdi?

A.Q.: – Allah eləməsin, bir xoş olmayan baxış da sənətkarın əhvalını poza bilər. Musiqiçlərin qəlbi o qədər nazikdir ki, ona ürəklə, səmimiyyətlə baxılmasa, musiqiçinin bütün ifası pozula bilər. Allaha şükür, mən gözümü yumuram, onları görmürəm, özüm qalıram və Allaha dua edirəm ki, mənə kömək olsun, bu insanları, həm də özümü razı sala bilim. Ona görə çalışıram insanların üzünə baxmayım. Həqiqi deyirəm, musiqiçi var gözünü tamaşaçılara zilləyir. Mən necə baxa bilərəm?! Bəlkə o, problemləri haqqında fikirləşir, nə bilim, bəlkə də həyat yoldaşı ilə sözləşib konsertə qanıqara gəlib. Belə insanlar müxtəlif ovqatlarda ola bilərlər. Təbii ki, həmin anda onlar mənfi enerji daşıyırlar. Ona baxarsan, sənin də əhvalın korlana bilər.

A.N.: – Alim müəllim, siz “gözümü yumuram” dediniz, mən istərdim bizim bu söhbətimizə bir az şux ovqat qatım və göz yummaqla bağlı bir yumor danışmaq istəyirəm. Yumor dedikdə olmuş bir hadisədir. Deməli, rəhmətlik meyxana ustası, şair-qəzəlxan, meloman Nizami Rəmzi (1947–1997) ilə “Kubinka” adlanan ərazidə mağar toyunda idik. Toy qurtarana yaxın, bəy tərifindən qabaq cavanlar arasında oynamaq üstündə dava düşdü, aləm bir-birinə qarışdı. Birini də bıçaqladılar. Toy sahibi gəlib dedi ki, marş vurun, toy qurtardı. Nə isə, camaat dağılışdı, biz də alətlərimizi yığışdırıb sağollaşdıq.

Bir neçə gün sonra Nizami Rəmzi dedi:

– Abbasqulu, dəstəni (yəni həmin gün toyda çalan musiqiçiləri) yığ. Milis 2 şöbəsinə gedib, müstəntiqə izahat verməliyik.

Hərəmiz müstəntiqə bir bəhanə söylədik, təbii ki, N.Rəmzi ona “hörmət” eləmişdi.

Həsən dayıya növbə çatanda müstəntiq dedi:

– Ağsaqqal, bunlar deyəsən qorxur həqiqəti danışmağa. Sən söylə, kim-kiminlə vuruşurdu? Zərərçəkən şəxsi kim bıçaqla vurdu?

Həsən dayı bir az fikirləşib cavab verdi:

– Bacıoğlu, mən heç nə görməmişəm, heç nə eşitməmişəm. Bütün camaat, el-oba bilir ki, mən balaban çalanda gözlərimi yumuram. Çalıb qurtaranda, yəni gözlərimi açanda isə dalaşanları ayırmışdılar.

Bu yumorla bağlı “Həsən dayının gülməcələri” kitabında da “Gözüyumulu çalıram” başlıqlı bir məqalə də yazmışıq 3 .

F.G.: – Abbasqulu müəllim, burada masanın üzərində musiqi alətlərinizi də görürəm. Müsahibələrinizin birində qeyd eləmisiniz ki, evinizdə 80-ə yaxın çalğı alətləriniz var. İstərdim onlar barədə danışasınız, onlardan necə və haralarda
istifadə edirsiniz? Bu suala aydınlıq gətirərdiniz.

A.N.: – Çox maraqlı sualdır, artıq şəxsi kolleksiyamdakı musiqi alətlərinin sayı 80-ni ötmüşdür.

Abbasqulu Nəcəfzadənin şəxsi müsiqi alətləri kolleksiyası

 

A.Q.: – Məgər bunların hər biri müstəqil alətlərdir?

A.N.: – Yox, bəzi alətlərin bir neçə növü var, məsələn, tütək, balaban, ney və s.kimi alətlərin cürə adlanan növləri də vardır. Bunlarla birlikdə 80-dən artıq alət toplamışam. Bu alətlərin arasında özümüzün bərpa etdiyimiz musiqi alətləri də vardır. Elə çalğı alətləri var ki, məsələn, çaqanaq, ərğənun, əlvah, kos, burmalı boru, çəlik ney və sairəni özümüz bərpa etdiyimizdən bu alətlərə yalnız bizim kolleksiyada rast gəlmək olur. Bunlar haqqında qədim risalələrdən, klassik şairlərin əsərlərindən və b. qaynaqlardan bilgi əldə edib öncə eskizini çəkdirir, daha sonra
çalğı alətləri hazırlayan ustalarla birgə bərpaya başlayırıq. Məsələn, unudulmuş ərğənun alətinin quruluşu haqqında məlumata Nizami Gəncəvinin “İskəndərnamə” məsnəvisində rast gəlirik. Nizami babamız poetik tərzdə ərğənunun alətinin forması, quruluşu, hazırlanma texnologiyası barədə ətraflı bilgi vermişdir.

Əbdülqadir Marağalının icad etdiyi əlvah aləti də unudulmuşdu, onu da bərpa etmişik. Bu gün bütün dünyada geniş yayılmış ksilofon deyilən bir alət vardır. Ksilofon əlvahın əsasında icad edilmişdir. Deməli, əlvah bu alətin prototipi, ulu babasıdır. Beləliklə, kolleksiyamdakı alətlərin bir qrupunu bərpa olunmuş alətlər təşkil edir. Bir neçə alətim də var ki, onları dostlar hədiyyə veriblər.

Alim Qasımov tarçalan Məhərrəm Nəcəfzadə və kamançaçalan Abbasqulu Nəcəfzadənin müşayiəti ilə Əliağa Vahidin bir qəzəlini ixtisarla oxuyur:

Sevgilim, əksin düşüb peymanədən-peymanəyə,
Artırıbdır zövqümü meyxanədən-meyxanəyə.
Leylinin divanəsi Məcnun olubdur, mən sənin,
Fərq qoya aqil qərək divanədən-divanəyə.
Söylənir dillərdə çox aşiqlərin əfsanəsi,
Düşməmişlər mən kimi əfsanədən-əfsanəyə.
Kəbədən bütxanəni hərgiz ayırmaz haqpərəst,
Eşqdir yol göstərən cananədən-cananəyə.
Tapmadı, Vahid, hələ heç kəs bu xəttin sahibin:
“Qaldı bu dünya evi divanədən-divanəyə” 4 .

Alim Qasımov muğamdan sonra “Günaydın” ansamblının müşayiəti ilə “Ay sallanıb gələn yar” xalq mahnısını ifa edir. Mahnının poetik mətni belədir:

Ay sallanıb gələn yar,
Ayaq saxla, sözüm var.
Qoy bir baxım doyunca

Gözlərində gözüm var.

Nəqərat:

Hey!..
Yerişinə, balam,
Gülüşünə, balam,
Baxışına qurban!
Bağrımı qan eyləmə,
Gəl, sevgili canan!
Gəl, ay qaragözlü!
Gəl, ay şirindilli!
Gəl, ay qaragözlü!
Gəl, ay şirindilli!

Sənin kimi yar hanı,
Azərbaycan ceyranı?
Qara qaşın, gözlərin
Mən aşiqin dərmanı.

Nəqərat

F.G.: – Alim müəllim, hər hansı bir ifanın, musiqinin tarixçəsinin təsdiqlənməsi üçün, yəni insanlar tərəfindən sevilib qorunması üçün o ifada nə olmalıdır? Yəni nəyə bağlı olmalıdır ki, o ifanın, o musiqinin tarixçəsi təsdiqlənsin.

A.Q.: – Sizin bu sualınıza mən təxmini cavab verə bilərəm. Yəqin ki, Abbasqulu müəlim də fikirlərimi təsdiqləyər və bu barədə daha ətraflı danışar.

Belə ki, mahnının özü, bəstəkarın özü, ifaçı və söz, şair, yəni bunlar hamısı bir yerdə gərək bir can olsun, bir nöqtəyə vursunlar, onda o mahnı tarixə düşə bilər. Onlar fikirləşsələr ki, biz bu mahnı ilə tarix yaradaq, bu, ömür boyu mümkün deyil.

Bu, bədahətən yaranan bir şeydir, qurban olduğum Allahın istəyi, izni ilə baş verməlidir. Mən deyirəmsə ki, bir dəstgah oxuyum tarixə yazılsın, bu alınan iş deyil. Mən heç vaxt belə düşünməmişəm ki, oxuduğum tarixə düşəcək. Amma eşidənlər tərifləyir, deyir ki, bunu nə yaxşı oxumusan.

Hərdən fikirləşirəm nə yaxşı ki, tarixin “dayısı” yoxdur, yəni o, pulla həll olunmur. Yaranan hər hansı tarixi əsərin gözəl alınmasında hər şeydən öncə Allahın sevgisi, istəyi olmalıdır. Mən varam, tarixə nə isə töhfəm ola bilər. Amma bunun həqiqi qiymətini, dəyərini tarix mən olmayandan, 100 ildən sonra verə bilər, ya da əksinə.

Bütün yaradıcı insanlar zəmanəsini düşünüb yaradıblar. Ola bilsin ki, öz dövründə həmin insanlar başa düşülməyib, olsun ki, istədikləri səviyyədə tamaşaçıları da olmayıb. Amma biliblər ki, inşallah 50-100 il sonra necə ki bizim dahi sənətkarlarımızın qədim qrammofon vallarında Əbdülqədir Cabbarov 5 (1871–1906), Cabbar Qaryağdıoğlu (1861–1944), Şəkili Ələsgərdən (1866–1929) tutmuş Seyid Şuşinski, Xan Şuşinski, Mütəllim Mütəllimova (1909–1981) qədər, başqa çoxlarının da adlarını çəkə bilərəm. Allah ruhlarını şad eləsin, onlar ifa etdikdə demirdilər ki, tarixə düşək. Sadəcə, bizim kimi 5-10 manat çörəkpulu qazanmaq üçün sənətlərini işlədirdilər. Bu gün həmin
sənətkarların ifaları araşdırılır, öyrənilir, yüksək dəyər verilir.

F.G.: – Deməli, yüksək sənət əsərinin yaranması üçün mütləq Allahın izni olmalıdır.

A.N.: – Elə ifalar da vardır ki, deyək bu hansısa bir xalq mahnısıdır, illər uzunu oxunub. Və yaxud heç xalq mahnısı deyil, illər əvvəl yazılıb, bəstələnib. Amma mahnının möhürünü vuran sənətkar, yarandığı vaxt deyil, illər sonra,
məsələn, 40-50 ildən sonra ortaya çıxır.

  • Deyək ki, Xalq artisti Niyaməddin Musayev “Şahnaz” təsnifini oxudu və mahnıya öz sənət möhürünü vurdu. Halbuki ondan əvvəl bu təsnifi bir çox tanınmış sənətkarlar oxumuşdular.
  • Xalq artisti Qədir Rüstəmovun (1935–2011) “Sona bülbüllər”, “Olmaz olmaz” mahnıları da illər öncə yaranmış mahnılar olub. Amma bu mahnılar elə yüksək səviyyədə ifa edildi ki, hər kəs elə bildi bu mahnılar yeni yazılıb.
  • Xalq artisti Zaur Rzayevin ifa etdiyi “Dilbərim” xalq mahnısı da belələrindəndir. Ona görə də belə məqamlarda çox şey ifaçının özündən asılıdır.

Mahnının da bəxti olmalıdır. Mahnı var ki, elə yarananda bəxti gətirir, ifaçı da, melodiyanın müəllifi də bir günün içində məşhurlaşır. Mahnı da var ki, dediyimiz kimi, illər ötəndən conra Allahın izni ilə öz ifaçısını tapır, sevilir və geniş yayılır.

F.G.: – Abbasqulu müəllim, nə qədər inanırsınız o kimi inanclara, yəni Allahın izni olamadan heç nə etmək olmaz? Bir ifanın təsdiqlənməsi üçün, tarixiləşməsi üçün bir musiqiçinin, xanəndənin ilahi qüvvə olmasa, sənət əsərinin yaradılması mümkün deyil?

A.Q.: – Belə məqamlarda Allahın izni həmin anda olur, yəni yaradıcılıq əhvali-ruhiyyəsində, prosesində olur ki, o da düşür tarixə. Allah-taala durub camaatı tarixə yazan deyil ki. Yəni o iş görüləndə “bismillah” deyiblər, ürəklərində bir Allah xofu olub, ya ürəklərində bir pak niyyətləri olub ki, belə əsərlər yaranıb.

A.N.: – Bilirsiniz, indi biz mənim bir klipimə tamaşa edəcəyik.

F.G.: – Bəli, o mövzuya aydınlıq gətirəcəyik.

A.N.: – Yəni söhbəti klipə gətirmək istəyirəm.

F.G.: – Həmin klip Azərbaycanımızın dilbər guşələrində çəkilmişdir. Onunla bağlı açıqlama verməyinizi istərdik. Çəkiliş zamanı neçə yerdə olmusunuz?

A.N.: – Deməli, klipin, daha doğrusu, kompozisiyanın adı “Təbrizim” adlanır. Bu melodiyanı gecə 3-ün yarısında lentə almışıq. Toydan yorğun gəlmişdik, fikirləşirdim ki, ifa alınmayacaq. Fonoqram təcili lazım idi, səhər tezdən Moskvaya göndərilməli idi. 1985-ci ildə Moskvada keçiriləcək Tələbə və Gənclərin XII Ümumdünya festivalında iştirak edəcəkdik. Tədbirin rejissorları iştirakçıların melodiyalarına uyğun pavilyonları müəyyəşdirməli idilər. Nə isə, toydan birbaşa Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun akt zalına gəldik. Həmin illərdə institutun “Arzu” xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyirdim.

Sonralar Azərbaycanın Milli Qəhrəmanı olacaq I Qarabağ müharibəsinin şəhid operatoru rəhmətlik Çingiz Mustafayev (1960–1992) bizi gözləyirdi. Əslində ixtisasca həkim olan Çingiz bəy “Ozan” qrupunun səs rejissoru və səs operatoru məni müşayiət edəcək fonoqramını hazırlamışdı. Mənim də həmin fonoqrama müxtəlif milli alətlər ilə ifam əlavə olunmalı idi.

Heç ağlıma gəlməzdi ki, bu iş birnəfəsə alınacaq. Çünki səsyazma aparatı adi maqnitofon idi. İşin ən çətin məsələsi də o idi ki, montaj etmək mümkün deyildi və ifa canlı alınmalı idi. İkinci çətinlik isə Rasim müəllimin aranjimanını ilk dəfə orada eşitməyimdə idi, belə ki, müşayiət məşq etdiyimizdən çox fərqlənirdi. Nə isə, Alim müəllimin bayaq dediyi kimi, niyyət pak, təmiz olanda Allah-taala adama yardımçı olur. Demək istəyirəm, Allahın izni olanda, Allah sənə təb verəndə özün də gözləmədiyin uğuru əldə edirsən.

F.G: – Abbasqulu müəllim, təbii ki, bu klipə az sonra tamaşaçılarla birgə baxacağıq. Amma öncə canlı-canlı ifanızı eşitmək istərdik, ansamblın üzvləri burada sizi gözləyirlər.

A.Nəcəfzadə balabanda popurri melodiyalar (“Kimlər gəldi, kimlər getdi”, “Sarı gəlin”, “Ay dili-dili”, “Dağlarda çiçək”) ifa edir.

F.G.: – Alim müəllim, sənətdə sözünü demiş ifaçıların, xanəndələrin qulaqlarında bəzən sonradan problemlər yaranır, eşitmək qabiliyyətləri zəifləyir. Bu səbəbdən bəzən xaric oxuyurlar, buna münasibətiniz necədir?

A.Q.: – Onu bilirəm ki, insan zülmə tabedir. Sənətkar içində biri var aşiq, öz sənətinin aşiqi, biri də var sənətkara tabe olub ona qulluq eyləyən. Əlbəttə, ona lazım oldu-olmadı o, mənəvi dəyərlərin, insanın qəlbinə təsir edən musiqilərin və qəzəlin aşiqidir. Məsələn, Hacıbaba Hüseynov, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov kimi, onlar sənət aşiqi idilər. Onlara o qəzəl lazım oldu-olmadı, onu öyrənirdilər, qəzəl baxımından da repertuarlarını zənginləşdirirdilər. Bu, ayrı bir şeydir.

Amma indi ki bu cavanlar gəlib sənət meydanına onlarda təqsir yoxdur, onlar qəzəl aşiqi deyillər, onların tələbkar dinləyiciləri, məclisləri də yoxdur. Yəni qəzəl sevən məclis yoxdur ki, onlar da buna meyil etsinlər. Məsələn, mən sənətə təzə gələndə qəzəl aşiqi olmamışam. Məcburiyyət qarşısında qalıb müxtəlif qəzəlləri öyrənirdim. Camaata oxumağım, səsim xoş gəlmişdi, ən ağır məclisləri idarə etməyə dəvət olunurdum.

Abşeron camaatı sözü-qəzəli çox gözəl bilir. Eyni bir dəstgahı iki dəfə, hətta üç dəfə oxumuş olsam da, mən hər dəfə qəzəlləri dəyişməli idim. Çünki orada böyük məsuliyyət var idi, ağsaqqallar qarşısına çıxırdım, bir qəzəli təkrar oxusaydım, söz xiridarları olan həmin ağsaqqalların bir baxışı ilə nə demək istədikləri xanəndəyə bəlli olurdu. Ona görə, hər gün olmasa da, həftədə ən azı bir qəzəli əzbərləyib öyrənirdim.

Öyrənmək o deməkdir ki, qəzəlxan hər beytində nə demək istədiyini bilməli idim. Bir də görürsən dəstgah  tamamlanandan sonra: “Alim, oxuduğun filan beytin mənasını zəhmət olmasa, bizə açıqla”, – deyirdilər. Mənim ixtiyarım yox idi ki, deyim bilmirəm. Adama deyərlər, bilmədiyin qəzəli niyə oxuyursan? Belə hallarla üzləşdikdə yavaş-yavaş başlayırsan sənətüvü sevməyə. Əvvəl hamı sənətə çörəkpulu qazanmaq üçün gəlir.

Sonra sənətə aşiq olursan və başlayırsan sənəti daha dərindən öyrənməyə.

Ona görə cavanları qınamaq olmaz ki, niyə aşiq ola bilmirlər. Aşiq olmaq üçün çox əziyyətlərdən keçməlisən, çox çətin məclisləri görməlisən. Bunları keçdikdən sonra əsil aşiq, sənət aşiqi ola bilərsən. Ona görə mən bu cavanları qınamıram. Çünki biz gördüyümüz həmin dinləyici yoxdur.

Xanəndələr məclisə gəlir, bir dənə təsnif, bir mahnı, bir dənə də qəzəl oxuyur: “Allah mübarək eləsin”, – deyib,
pullarını alıb gedirlər.

Biz isə, 6-7 saat, 10 saat, bəzən səhərə qədər oxuyurduq, kim hansı qəzəli istəsə, o da oxunmalıydı. Mən yarızarafat, yarıgerçək belə toyları üzləşdiyimiz “qaydasız döyüşlər” adlandırıram.

  • Toylardakı bu üzləşdiyimiz “qaydasız döyüşləri” biz görmüşük, cavanlar isə belə toyları görməyiblər.

A.N.: – Deyirlər ki, hər nəsil öz zəmanəsinə bənzəyir. Alim müəllimin sənətə gəldiyi vaxtlar çox ağır idi, muğam sənəti, milli üçlük tənəzzülə uğrayırdı. Açıq deyək də, gitara tarı, skripka kamançanı üstələmişdi. Buna görə tar, kamança
ifaçıları demək olar ki, yoxa çıxır, bu alətlərə maraq azalırdı. Nə yaxşı ki, həmin illərdə Allah-taala Alim Qasımovu yetirdi bizə. O, cavan yaşından elə bil ki, öz fəaliyyəti ilə muğam sənətinin inkişafına bir təkan verdi. Onun ardınca çoxlu gənclər muğam sənətinə meyil saldılar, onun ifalarından bəhrələnməyə başladılar.

Bu gün də Alim müəllimin ifa üslubundan çoxları bəhrələnirlər, yetərincə tələbələri peşəkar səhnələrdə fəaliyyət göstərirlər. Alim müəllimdən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif bölgələrində yaşayan xanəndələr də
öyrənirlər. Fərqanə xanım, Alim müəllim haqqında çox danışmaq olar. Siz bayaq xaric oxumaqdan söz açdınız.

F.G.: – Təkcə gənclər deyil, hətta sənətdə sözünü demiş xanəndələr də bəzən xaric oxuyurlar.

A.N.: – Xaric oxumağın müxtəlif səbəbləri olur. Adam var ki, xəstələnib xaric oxuyur, yəni xanəndənin boğazı alət deyil ki onu kökləsin. Belə hallar qaçılmazdır, hər kəsdə ola bilər.

A.Q.: – Qulaqda anadangəlmə problem də ola bilir. Səsləri yaxşı eşitməsən, xaric oxuyacaqsan.

A.N.: – Bəli, qulaqlarda anadangəlmə naqislik də ola bilər. Bugünkü oxuyanların, mən xanəndələri nəzərdə tuturam, bəxti gətirib ki, muğam sənətinə yüksək səviyyədə qayğı göstərilir.

Muğam sənəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun reprezentativ siyahısında dünyanın ən şah əsərlərindən biri kimi qeydiyyata alınıb.

Artıq ölkəmizdə tez-tez muğam müsabiqələri, simpoziumlar keçirilir. Yeni-yeni istedadlar üzə çıxır. Amma onlar Alim müəllimin bayaq dediyi kimi, 7-10 saatlıq toyları görmürlər. Toyda yarım saat oxuyurlar. Bu heç də o demək deyil ki, bu xanəndələr muğam bilmirlər. Onlara musiqi yönlü təhsil ocaqlarında tədris proqramlarına uyğun olaraq bütün muğamlar dəstgah şəklində öyrədilir. Amma gənc xanəndələrə toylarda muğamları dəstgah şəklində oxumağa imkan, meydan verilmir.

F.G.: – Gənc xanəndələr bir neçə muğama daha çox müraciət edirlər. “Bayatı-Şiraz”, “Şur”, “Segah” kimi muğamlar tez-tez oxunur. Kifayət qədər başqa muğamlarımız da vardır. Amma nədənsə digər çətin muğamlar çox az ifa olunur.
Alim müəllim, bu fikirlərlə razılaşırsınızmı?

A.Q.: – Nəinki çətin muğamlara, elə çətin alətlərə də meyil istədiyimiz səviyyədə deyildir. Abbasqulu müəllim bayaq balabanda ifa etdi. Balaban da çox çətin alətdir, Abbasqulu müəllim onu eşqlə çalır, onunla ruzi-bərəkət qazanır. Bir sıra alətlər var ki, məsələn, balaban, ud və s. onlarla pul qazanmaq çətindir. Bu səbəbdən onun ifaçıları da az yetişir.

A.N.: – Fərqanə xanım, Alim müəllim, indi isə istərdim mənim bir “Siqnal” kompozisiyam var, onu ifa edim. Bilirsiniz də bir arada musiqili maşın siqnalları dəbdə idi. Biz onları ritmə salmışıq və arada da qədim aşıq havası “Ruhani”ni ifa edəcəyik. Buyurub dinləyə bilərsiniz.

F.G.: – Təşəkkürümü bildirirəm hər birinizə, Alim müəllim, sonda verilişmizlə bağlı fikirlərinizi bilmək istərdik.

A.Q.: – Fikrim budur ki, sizin bu verilişinizdə iştirak etməyimə çox şadam. Verilişiniz həmişə şərəfli və uğurlu olsun. Həmişə gözəl musiqiçilər burada çalıb oxusunlar.

A.N.: Mən verilişin əvvəlində dediyim kimi bir daha, Fərqanə xanım, sizə can sağlığı, xoşbəxtlik arzulayıram. Sizin bu adınızdan Alim müəllimin çox xoşu gəlir. Çünkü onun da qızının adı Fərqanədir.

A.Q.: (zarafatyana) – Fərqanə adı gələndə yaman diksinirəm.

A.N.: – Respublikamızın Əməkdar artisti Fərqanə xanım atası ilə çiyin-çiyinə bizim musiqi mədəniyyətimizi nəinki ölkəmizdə, onun hüdudlarından çox-çox uzaqlarda təbliğ edirlər. Dünən elə ABŞ-da yaşayan mixi yazıları üzrə bizim
tanınmış alimimiz Tariyel Azərtürklə söhbət etdik, dedi ki, Alim müəllimə xüsusi salamlarımı yetirərsiniz. Onu da əlavə etdi ki, mixi yazılarında rast gəldiyi muğamlarla bağlı məqamları toplayıb kitab nəşr etdirmiş və həmin kitabı Alim müəllimə ABŞ-da konsertdə olarkən hədiyyə edib.

Fərqanə xanım, bir daha sizə minnətdarlığımı bildirirəm ki, belə gözəl, baxımlı, maarifləndirici bir verilişə bizi dəvət etmisiniz. Alim müəllim də çox sağ olsun ki, dəvətimizi qəbul etdi. Yenə deyirəm, Alim müəllimlə yarım saat, bir saat bir yerdə oturub söhbətləşmək, musiqilər ifa etmək bizim üçün tarixi bir gün sayılır.

F.G.: – Bir daha təşəkkürümü bildirirəm, gələn ayaqlarınız var olsun. Belə, əziz tamaşaçılar, “Bu bizik” verilişi Fərqanə Gülağaqızı ilə inşallah Allah ömür versə, gələn həftənin bu günündə, bu saatında yenə evlərinizə qonaq gələcək. Sağ olun, gələn görüşlərədək.


1 Dünya TV, “Bu bizik” verilişi, aparıcı: Fərqanə Gülağaqızı;
youtube.com/watch?v=XC1xqJ7bdCA

2 Sovet dövründə polis milis adlanırdı.

3 Nəcəfzadə A.İ. “Balabançı Həsən dayının gülməcələri”. B.: “Min bir mahnı” MMC, 2004, s. 35-
36

4 Əliağa Vahid. Seçilmiş əsərləri. B.: “Lider”, 2005, s. 79

5 Qədirbala ləqəbli Əbdülqədir Cabbarov Azərbaycan ifaçıları sırasında ilk xanəndə olub ki, 1903-cü ildə Riqa şəhərində “Qrammofon-Rekord” firması səsini qrammofon valına yazmışdır. Xanəndə “Heyratı” zərbli muğamını oxuyub və həmin qrammofon valı birüzlüdür. Xronometrajı 3.00 dəqiqədir. Mənbə: Azərbaycan Dövlət Səsyazıları Arxivi İdarəsinin arxiv materialları (№1068).


Abbasqulu Nəcəfzadə: XIII məqalə

Alim Qasımovun yaradıcılığında şikəstələr

Abbasqulu Nəcəfzadə: XII məqalə

Uçub gedib

Abbasqulu Nəcəfzadə: XI məqalə

Gənc rejissor Xəyyam Aslanın toyunun sərgüzəştləri

Abbasqulu Nəcəfzadə: X məqalə

Afərin belə dinləyiciyə!

Abbasqulu Nəcəfzadə: IX məqalə

Göylər kəndi heç də Nardarandan geri qalmır

Abbasqulu Nəcəfzadə: VIII məqalə

Habil Əliyev: “Xanəndə olsaydım, Alim kimi oxuyardım”

Abbasqulu Nəcəfzadə: VII məqalə

Alim Qasımov Hacı kimi

Abbasqulu Nəcəfzadə: VI məqalə

Məhəllədə ad günü

Abbasqulu Nəcəfzadə: V məqalə

Yaponiya xatirəsi

Abbasqulu Nəcəfzadə: IV məqalə

Alim üçün qurban kəsildi

Abbasqulu Nəcəfzadə: III məqalə

Alimin uğurları…

Abbasqulu Nəcəfzadə: II məqalə

Düşüncə və xatirələr: Kişi sözü…

Abbasqulu Nəcəfzadə: I məqalə

Alim Qasımov – 65-ə doğru…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir