sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Mən deyərdim ki, Allah-taala Alimi muğamlarımızın tənəzzülə uğramaqda olduğu bir dövrdə Azərbaycana bu qədim mədəniyyət nümunəsini qorumaq üçün göndərdi. O, günəş kimi parıldadı, muğamatı sovet ideologiyasından və qaragüruhlardan xilas etdi.
Sovet dövründə konservatoriyada muğamatın tədrisi qadağan edilmişdi, muğamla bağlı nə bilgi əldə edirdiksə, yalnız musiqi texnikumlarında alırdıq. 1983-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında sonuncu, yəni V kursda oxuyurdum. Süleyman müəllimdən niyə konservatoriyada muğamlarımızın tədris edilmədiyini soruşdum. Axı musiqi texnikumlarında 4 il ərzində bütün muğamlarımız öyrədilmir. Muğamlarımızdan yalnız 16 muğam və 8 zərbli muğam tədris proqramına daxil edilmişdir. Bəs digər muğamlar unudulmalıdırmı?
Süleyman müəllim də bildirdi ki, dəfələrlə əlaqədar təşkilatlara müraciət ediblər, amma razılıq vermirlər.
Mən 1983-cü ildə Azərbaycan Respublikasının xalq maarifi naziri Kamran Rəhimova konservatoriyada muğamların niyə tədris olunmadığı ilə bağlı şikayət məzmunlu məktub yazdım. Məktuba xalq çalğı alətləri üzrə təhsil alan 50-dən artıq tələbənin ad-soyadını yazıb onlara imzalatdırdım.
Həmin illərdə tələbənin tədrislə bağlı nazirliyə şikayət məzmunlu məktub yazması, həmin tələbənin sonrakı aqibəti, taleyi hər kəsə bəlli idi. O tələbə gözümçıxdıya salınacaq, müxtəlif bəhanələrlə incidiləcəkdi. Mən isə əlaçı
olduğum və sonuncu kursda oxuduğum üçün kimsədən çəkinmirdim.
Məktubu nazirliyə yolladıqdan təxminən bir həftə sonra Süleyman müəllimin növbəti dərsinə gəlmişdim. Onunla salamlaşdıqdan sonra məni qucaqlayıb dedi:
Ağayi Abbasqulu, gəl səni bir öpüm. Nazirə yolladığın məktub müsbət qarşılanıb və üstünü yazıb mənə göndəriblər. Bildirirlər ki, əgər muğamların tədrisini konservatoriyada vacib bilirsinizsə, növbəti ildən bu işə başlamaq olar”.
Sonra Süleyman müəllim bunu da əlavə etdi ki, sənin məktubun, deyəsən, mənim xahişlərimdən təsirli oldu.
Beləcə, 1984-cü ildən muğamlarımız Azərbaycan Dövlət Konservatoriyasında həm instrumental, həm də vokal şəkildə tədris olunmağa başlanıldı. Bu işdə kiçik xidmətim oduğundan böyük qürur duyuram.
Doğrudur, həmin illərdə (1983–1989) Alim Qasımov M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsi idi. Daha sonralar, 1999-cu ildə Alimin ifa etdiyi muğamlar UNESCO-nun Musiqi Şurasının marağına səbəb oldu və o, bu mötəbər qurumun Beynəlxalq Musiqi müsabiqəsində qalib gələrək yüksək dərəcəli mükafatını aldı.
Xatırladaq ki, dünyada bu ödül dəyərinə görə musiqi üzrə Nobel mükafatına bərabər tutulur. Bu ali mükafat Alimdən öncə bir neçə dünya şöhrətli sənətkara – rusiyalı Dmitri Şostakoviçə (1906–1975), fransalı Olivye Messiana (1908–1992), ukraynalı Svyatoslav Rixterə (1915–1997), amerikalılar Benni Qudman (1909–1986), Uequdi Menuxin (1916–1999) və Leonard Bernşteynə (1918–1990), hindistanlı Ravi Şankara (1920–2012), Cənubi Afrikadan Miriam Makebaya (1932–2008), polşalı Kşiştof Penderetskiyə (1933–2020), israilli Daniel Barenboyma və ilahi musiqilərin ən məşhur ifaçısı pakistanlı Nüsrət Fateh Əli Xana (1948–1997) qismət olmuşdur.
Söhbətin bu məqamında Alim Qasımovun bir müsahibəsinə diqqət yetirməliyik. Kitabımızın qəhrəmanı deyir ki, iki ustad sənətkardan daha çox öyrənmişəm.
- Birincisi Ağaxan Abdullayev olub. O, məni sirli muğam dünyası ilə tanış etmiş, həmçinin mənə öyrənməyi və müəllimliyi öyrətmişdir.
- İkincisi Nüsrət Fateh Əli Xan. Ondan isə “hal”a düşməyi öyrəndim. Doğrudur, onunla tanış olanacan bu “hal” məndə var idi, sanki o otağa pəncərədən baxırdım, Nüsrət Fateh Əli Xan həmin otağın qapısını üzümə açdı 1.
Möhtərəm oxucu! Mən Alimin uğurlarını sadalasam, yazmaqla qurtaran deyil. İnşallah 2022-ci il sənətkarın 65 yaşının qeyd edilməsi ilə əlamətdar olacaqdır. Deyildiyi kimi, bu münasibətlə Alim Qasımovla bağlı xatirələrimi qələmə almışam. Az müddət də olsa, onu toyda-düyündə, müxtəlif tədbirlərdə müşayiət etmişəm. Bu məclislərdə elə hadisələr olub ki, onları Alim təvazökarlığından heç vaxt, heç yerdə dilə gətirməyib.
Mən əslən Xızıdanam, Xəzər dənizi sahillərindən başlayan bu rayon Şirvanın qapısı sayılır. Həmin qapıdan daxil olub şimalda Dərbəndə, cənubda isə Kürün Xəzərə qovuşduğu yerdən qərb istiqamətində çayın sol sahili boyunca Mingəçevirə qədər, eləcə də dağ yolu ilə Şəkiyəcən uzanan bütün yurd yerləri Şirvan ərazisi sayılır.
Tarixçi-alim Tərlan Ağayev 1946-cı il tarixli arxiv sənədlərinə istinadən, Naburun Xızıya aid edildiyini bildirir. Deməli, Alimin doğulduğu Nabur da bir vaxtlar Xızının kəndi kimi qeydə alınıb 2.
Nabur kəndində 1727-ci il dekabrın 12-də Osmanlı və Rusiya imperiyaları arasında “Nabur müqaviləsi” adlanan tarixi saziş də imzalanmışdır. Həmin müqaviləyə əsasən Azərbaycanın Cavad, Salyan, Şeşpara və Rustov əraziləri ruslara, ölkəmizin qərb hissəsi isə Osmanlı imperiyasına tabe edildi.
Deməli, Alim təkcə Şirvanın oğlu deyil, Türk dünyasının ulduzudur, ümumilikdə bəşəriyyətin yetişdirdiyi dahi sənətkarlardan biridir.
Bu sətirlərin müəllifinin Özbəkistan incəsənət xadimləri ilə uzun illərdir davamlı əlaqələri var. Tez-tez bizi müxtəlif tədbirlərə dəvət edirlər. 2021-ci ilin yay aylarında Özbəkistandan bizə zəng edib dedilər ki, orada muğam müsabiqəsi
keçiriləcək, yüksək qonorar vermək şərti ilə Alim Qasımovu münsiflər heyətinə dəvət etmək istəyirlər. Nə vaxtdır onunla əlaqə saxlaya bilmədiklərini söylədilər. Onu da əlavə etdilər ki, Alim müəllim Azərbaycanda olmadığından onun əvəzinə başqa bir xanəndəni məsləhət görürlər. Pandemiya olduğundan səfərlərin dayandırıldığını, Alim müəllimlə mütəmadi əlaqə saxladığımı bildirdim. Ustadın nömrəsini onlara verdim. Alim müəllimlə də danışdım, dedi:
Bilirəm kimlər ələ-ayağa düşüb…”
Alim Qasımov sənətindən vəcdə gələn şairlər yüzdən artıq şeirlər yazmışlar. Alimə edilən haqsız tənqidlərdən hiddətlənən əziz şair dostum Əli Vahid Çaylı da o cür insanlara müraciətlə gözəl bir şeir yazmışdır. Həmin şeiri ixtisarla diqqətinizə çatdırırıq:
Nə biləsən şahlıq nədi,
Aran nədi, dağlıq nədi,
Məclis nədi, sağlıq nədi,
Bir nöqtəsən görünməyən.
Səmanın ay, ulduzu var,
Tulanın səy, quduzu var,
Təkənin də buynuzu var,
Bir keçisən sürülməyən.
Alimin alimliyi var,
Dəryanın dərinliyi var,
Suyun da sərinliyi var,
Bir höccəsən sevilməyən.
Mən Çaylıyam, Şirvanlıyam,
Beyni qanlı, dumanlıyam.
Həm Türkəm, həm Turanlıyam,
Bir millətəm bölünməyən.
Bu şeiri oxuduqdan sonra Əli Vahid Çaylıya dərin təşəkkürümü bildirdim: “Sizin şeiriniz Alim müəllim demişkən, “ələ-ayağa düşənlərə” həm də tərs bir sillədir. Tərs və qəfil sillənin təsiri uzun müddət yaddan çıxmır.
Biz Alimi ayağından çəkənlərin, həmçinin onun sənətini aşağılamaq istəyənlərin adlarını burada qəsdən yazmırıq. Həmin adamlara fikirlərimizi çatdırmışıq. O adamların adlarının kitabımızda çəkilməsini məqsəduyğun hesab etmirik.
Deyirlər ki, professor Alim müəllim 1992-ci ildən sonra guya özünün də nə oxuduğunu bilmir. İnanmıram ki, hər hansı ciddi, tələbkar musiqiçi və ya dinləyici bu fikirlərlə razılaşsın.
Sual edirəm: “Telekanallarda, toyda-düyündə və ya dövlət tədbirlərində kimsə Alim Qasımovun yaxın illərdə dəstgah oxuduğunu eşidibmi?”
Təbii ki, hər kəs “yox” deyəcək. Çünki uzun illərdir Alim Qasımov mağar, çadır toylarına getməkdən imtina etmişdir. Fikrimizcə, onun bu qərarı da düzgündür, yoxsa, o da bir çox xanəndələr kimi səsinə xələl yetirəcəkdi, ya batacaqdı, ya da cavanlıq səsi qalmayacaqdı.
Alim müəllim səsini pula satmadı, maddi cəhətdən özünə zərər yetirsə də, səhnə fəaliyyəti ilə heç bir xanəndənin edə bilmədiklərini etdi və Azərbaycana böyük şöhrət gətirdi.
Opponentlərin bu iradına bir neçə aspektdən cavab verirəm:
- 1. Alim müəllimi bütün mötəbər dövlət tədbirlərinə 5-6 dəqiqəlik çıxış üçün dəvət edirlər. Sizcə burada dəstgah oxumalıdırmı? Alim müəllim bir neçə mahnını popurri şəklində ifa edir. Dərhal muğam bilməyənlər hay-küy salırlar ki, bu nə oxumaqdır?
- 2. Deyirlər Alim səhnədə yerdə oturub ifa edir. Bu nəyə lazımdır?
Başa düşmürsünüzmü ki, musiqiçi dədə-babalarımız elə həmişə yerdə ifa ediblər də. Bunun əksini virtuoz tarçalan rəhmətlik Həmid Vəkilov (1949–2020) etmişdir. O, səhnələrdə tarı ayaqüstə ifa edirdi. Gözügötürməyən tarçılar Həmid müəllimin arxasınca gileylənirdilər. Əslində, Həmid müəllimin mükəmməl ifası gileylənən tarçıların gözünə ox kimi batırdı. Alim müəllimin yerdə bardaş qurub oxumasının ifaçılıq sənətinə heç bir zərəri yoxdur, əksinə estetik baxımdan səhnədə gözəllik yaradır.
- 3. Deyirlər səhnədə akrobatik əl-qol hərəkətləri edir.
Əvvəla, bu hərəkətlərin heç biri səbəbsiz deyil, xanəndə Allahı tərənnüm edərkən əllərini göyə qaldırıb bizi yaradana şükranlığını bildirir. İnsan robot deyil ki, bütün xanəndələrin, o cümlədən xanəndəlik sənətinin akademiki Hacıbaba Hüseynovun əl-qol hərəkətləri məgər yadınızdan çıxıbmı?
Tədbirin bədii rəhbəri yunanıstanlı rejissor Dimitris Papaioannou 2015-ci il iyunun 12-də Bakıda Olimpiya oyunlarının açılışında Alim Qasımovu nağıllarda olduğu kimi “uçan sehirli xalça” üzərində mütəkkə üstündə əyləşdirib, onun bütün musiqiçilərdən zirvədə dayandığını nümayiş etdirdi.
Alimi səhnədə akrobata bənzədənlərə isə akrobat forması geyindirib, əllərinə məşəl verib qaçırtdılar. İndi deyin, akrobat kimlərdir?
- 4. “Alim indi oxuya bilmir” deyənlərə bildirirəm:
Məgər dünya musiqi bilicilərinin ağılları yoxdur ki, Alim Qasımova yüksək qonorar ödəməklə öz ölkələrinə müxtəlif tədbirlərə, konsertlərə dəvət edirlər?!
Rejissorun baxışı belə idi ki, Alim Qasımov Şərq mifologiyasında geniş yayılan “uçan xalça” üzərində bardaş qurub oxumalıdır. Digər tanınmış xanəndələr isə idmançı (akrobat da demək olar) formasında olimpiya simvolu olan məşəli qaça-qaça bir-birinə ötürməlidir.
Görürsünüzmü, Allah-taalanın hökmü ilə məsələdən xəbərsiz rejissorun sayəsində kimin akrobat, kimin əsl xanəndə olduğu təkcə ölkəmizdə deyil, bütün dünyada geniş tamaşaçı auditoriyasına nümayiş etdirildi…
Nə isə, Alim müəllimə qarşı haqsız gileylər çoxdur. Sadəcə, bir neçəsinə münasibət bildirdik…
1 Əliyeva L.V. “Muğamın meracı” B.: “Şərq-Qərb”, 2017, s. 16-17
2 Ağayev T.M. “Divan” B.: “Afpoliqraf”, 2021, s. 52, 71, 79, 83, 84
Yaxın günlərdə oxucuların ixtiyarına veriləcək “Alim Qasımov haqqında düşüncələrim” adlı kitabdan: