sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Növbəti məqaləni təqdim etməzdən əvvəl bir haşiyə çıxmalıyıq. Bizdən xeyli uzaqda yaşasa da, ürəyi daim bizimlə döyünən, muğama, Alim sənətinə böyük dəyər verən hörmətli dostumuz Tariyel Azərtürkün də aşağıdakı yazısını onun öz razılığı ilə diqqətinizə çatdırmağı məqsədəuyğun hesab etdik.
7 MİN İL YAŞI OLAN AZƏRBAYCAN MUĞAMININ ANATOMİYASINI GÖRMƏK ÜÇÜN ALİMİN İFASINDA “MAHUR”U DİNLƏYİN!
Azərbaycan muğamı Alim Qasım (Şirvani) kimi müğənnilərimiz sayəsində dünya üzrə boy-boy yeriyir, dünya xalqlarının musiqisinə sintez olunur. Öz ecazkar səsi və sənətinin ülviliyi ilə Alim Qasım Şirvani (mən muğamat ustalarını və şair kəslərimizi soy adlarındакı rus postfiksləri ilə qəbul edə bilmirəm) müasir muğamatımıza ifası ilə böyük dinamizm gətirdi.
“Muğam, “Şumer” deyilən Azərbaycan Türkünün Milli Mənəvi Sərvətidir”, Sietl, “Tariyel Vəli Əli” Korporasiyası, 2001, kitabımın üz qabığına o zaman gənc rəssam Emin Elrəngin (Emin Fəxrəddin oğlu Əliyev, Bakı) kətan üzərində işlədiyi “Muğam üçlüyü” rəngli tablosunun surətini verməyi qərara aldım1. Çünki MUĞAM deyəndə ALİM, ALİM deyəndə MUĞAM nəzərə gəlir.
Bir neçə il bundan qabaq Alim qızı Fərqanə ilə Sietlin Vaşinqton Universitetinin min nəfərlik zalında “Leyli və Məcnun” (buradakı afişalarda əsərin adı “Leyla & Majnun” kimi verilmişdi) operasının stilizə olunmuş versiyasını səhnəyə qoymuşdular. Və muğam sözləri səhnənin yuxarı tacında qaçar proyeksiya ilə ingiliscə tərcümə olunurdu.
Gecəyə gələndə təəccübdən yerimdə dondum.
Elə bilirdim ki, bu tamaşaya əsasən bizim muğamsevər həmyerlilər gələcək. Bir neçə nəfər olan bizimkilərdən savayı, tamaşa zalı amerikalılarla doluydu. Və tamaşa əvvəldən axıra kimi gurultulu alqışlarla keçdi. Gecənin sonunda səhnə arxasına keçib, Alimi və Fərqanə xanımı böyük nailiyyətləri eşqinə təbrik etdim və 2001-ci ildə Sietldə nəşrdən buraxdığım üz qabığını burada təqdim etdiyim kitabı onlara hədiyyə verdim 2.
“Mahur”, “Rast”, “Üşşaq”, “Demüzi” (müasir “Segah”ın prototipi), “Dağuna” (şaqraqlığına görə indiki “Heyratı” zərbli muğamı ilə müqayisə etmək olar) muğam adlarına türkcə gil yazılarda rast gəlinir. Və onlar barədəki qısa bilgiləri oxuyandan sonra bu muğamların əsl minillik mahiyyətlərinə varırsan. Məsələn, “Mahur” (Mah – İşıq və Ur – ver, yəni saç; beləliklə “Mahur” sözü İşıq saç deməkdir) muğamının 7 minillik əsl mahiyyətini məhz Alim Şirvaninin ifasında çox dəqiqliklə başa düşürsən.
Başa düşürsən ki, bu Muğam yaranandan ulularımızın İldırım, Şimşək, Dağuna (Vulkan) Allahı sayılmış MƏRDUKA, onun göylərdə çaxdırdığı Şimşəyə, sonuncunun səmalarda çatlattdığı RADa – İldırım gurultusuna həsr edilib. Əslində həsr edilib yox, Muğam, bu cür təbiət hadisələrinin musiqi boyaları ilə təsviridir, inikasıdır. Bütün bu təsviri ALİMin ilahi səsində, yorulamaz nəfəsində, TİZƏ – ən yuxarı səviyyəyə (zilə) qalxa bilən zəngulələrində asanlıqla görmək olur.
Məhz görmək olur – aşağdakı tablodakı kimi – sən “Mahur”un göylərə topladığı leysan buludlarının hərəkətini sanki gözlərinlə görürsən; buludların çaxnaşdıqca boşaltdıqları şimşəyin (bizim dialektdə – şümşürüyün – yazıram ölməsin) qığılcımlarını görürsən; sonda göydən enən və Yerdə dağı-daşı, torpağı, insanın daxili dünyasını lərzəyə gətirən İldırım RADlarını qulaqlarınla eşidirsən.
Bunlar tar, kaman və Alimin qavalı ifaya başlayan kimi hiss olunur. Duyğular göylərdə baş verəcək tüğyan və “fəlakətin” xofunda köklənir. Yerlərə leysanla bərabər dolu tökəcək qara buludların başı üstünü alan hərəkətini hiss etməmək olmur. Musiqi bir anlığa işıq çaxmalarını azacıq söndürüb, rolu ifaçıya verəndə, çaxan şimşəyin ən yüksək voltlu şaqqıltısı göylərdə (insan qavramında) bərq vurub, aləmi işıqlandırır, parlayan ışının (şüanın) səs sürəti ilə gələn nəriltisi isə aşağıdakı qəzəldən enib də qayalara çırpılaraq aləmi zəhminə bürüyən əks-səda verir:
Məni dövri-fələk qoymuş biyabanlarda avarə,
Həbibim gəl, təbibim gəl, qəmi-hicrə edək çarə.
Nə halətdir ki, mən düşdüm nə etdim, bilmədim, yarə,
Həbibim, gəl, təbibim, gəl, qəmi-hicrə edək çarə 3.
Bu qəzəl ilə partlayan ifa hava gurultusunun dalğaları boyunca başlayıb, sonda Alimin “Ha! Ha! Ha!”lar nidasında qayalara çırpılır və dağı-daşı lərzəyə gətirir. Və bu şeirin yaranmasından 3,5–4,5 min il qabaq elə Babildə yaşamış və müqəddəs Göylərdə Şimşək-Od, Rad və yerlərdə Dağuna (vulkan) Allahı kimi inam gətirdikləri uzaq dədələrimizin MƏRDUK Allahlarına (şimşəyə işarədən ona Mərd Ox deyiblər) həsr etdikləri muğamın ilahidən gələn səsi enir.
Bunu görə bilməməklikdəndir ki, mahur sözünü də, özünü də yadınkı sayırıq.
Muğamın sonunda azalaraq həyəcanını, həşirini itirən leysan yavaşıyır, ancaq yüngül ildırım çaxmaları davam edərək evlərin pəncərələrində, eşiklərin uşaq sevinciylə dolu çıqqırtısında bərq vurmağında davam edir. “Mahur” muğamının3 anatomiyasını çılpaq anlamaq istəyən YouTube-da “Mahur-Hindi, Alim Qasımov” yazıb onu diqqətlə dinləsin.
“Mahur” muğamından söz düşmüşkən, onu da qeyd edim ki, o, çoxsaylı Azərbaycan muğamlarından biri olub, iki adda (janrda) ifa olunur: “Mahur-Hindi” və “Orta Mahur”. Bu muğam adına biz təqribən 6 min il yaşı olan şairə BİKƏ XATUNun “Azman” poemasında rast gəlirik:
Çıxaru, restü dan haqqı, ona “Mahur” rəqsi aradı,
Haş huri aradi, Ti-Ti aradı, müzük qannı4.
Yəni bütün edilənlər (gəlirlər, çıxarlar) açılan dana haqq kimi Ona – Mərduk Allahına ithaf olundu. Ona “Mahur” rəqsi, haş-huri (azadlıq) rəqsi həsr edildi və qanı musiqidən yoğrulmuş çalğıçı (ud çalan) hətta bayramın gəlişini (Ti-Ti) də elan etdi.
Bu, bütün əzaları ilə Bahar bayramının gəlişini qarşılayan elit təbəqənin bütün gecəni çalıb oxumaları, rəqs edib, şərab içib şənlənmələrindən bəhs edən poemadan alınmış ikicə sətirdir.
Adı həm muğamın özünün mənşəyini, həm Mahər – İşıqsaçan Mərdukun funksiyasını təyin edən “Mahur” muğamı öz ritmi ilə sübut edir ki, o, doğrudan da, təbiət hadisələrindən yoğrulub, onda tamamilə unutduğumuz Mərduk Allahının bütün hərəkərtləri öz təcəssümünü tapır.
Bu, yəni ağır buludların toplaşması, əks qütblü elektrik ion yükləri ilə yüklənməsi, sonuncuların təsiri altında onların bir-biri ilə toqquşaraq şimşək çaxmaları, ildırım radları (gurultuları), gur yağış, dolutökmə, yerdəki sellər, suların ardıcıllıqla toplusu deməkdir.
MƏRDUK ALLAHININ NÜKƏBBƏRDƏ “OXUTDUĞU” “MAHUR” MUĞAMI
“MAHUR” ŞİMŞƏK VƏ İLDIRIMLARIN, “SƏMAYİ-ŞƏMS” İSƏ ŞƏMƏŞ (GÜNƏŞ) SƏTHİNDƏKİ QASIRĞALARIN “OXUDUĞU” MUĞAMLARDIR.
İndi bəlkə də və yəqin ki, Muğamın nədən yarandığını və nəyə həsr edildiyini bilməsə də, Alim sövq-təbii ilə ona girişir və Muğamı dediyim rənglərdə tabloya mahir fırça ustası kimi çəkməyi bacarır. Çünki bu informasiyaları biz yalnız türkcə4 oxuya bildiyimiz mixi yazılı mənbələrdən ilk dəfədir alırıq.
Məharət də ondadır ki, bütün bunları sona kimi idarə edib boyalayan Alimdir və ona İlahidən elə səs verilib ki, səsin ağ, qara (kölgə) və işıq boyası qurtarmır. Əksinə, ifaçının əlvan günəş qanadları yerlə göy arasında cövlan vuran odlu şimşəkdən, ışılı alovdan yanıb yerə tökülür. Bunu Alim Qasım özünün genetik bacarığı ilə edə bilir”.
Sən əgər Muğamın nədən danışdığını anlamırsansa, üzrlər, qanmırsansa, onu ifa edənin bu rolda hansı ustalıqla çıxış etdiyini və 7 minillik əsəri dinləyiciyə necə çatdırdığını duymursansa, sənin o USTAD barədə söz deməyə haqqın yox!
Dinləyici Müğənninin ardınca gedib Muğam dinləyicisindən Muğam tamaşaçısına çevrilə bilmirsə, onun Muğamdan və onu SƏHNƏDƏ aktyor kimi oynayandan xəbəri olmaz!
Alim muğamı ifa etmir, o, bu sənətin mahir aktyorudur. İndi sənin vəzifən onun oynadığı o səhnənin şöbə-guşələrini, al-əlvan boyalarını, horizontdan horizonta atdığı 7 rəngli göy qurşağını görməkdir. O özü bütün bunları iti fəhmi ilə özünün ecazkar aləmində görə bilir, öz gözləri ilə sezir, bütün bədən əzalari ilə duyur və odur ki, əl-qol hərəkəti ilə o, muğamın öz dinamizmini büruzə verir. Ondan asılı olmayaraq büruzə verir.
Muğamı görə bilməyən, onun şimşək çaxmalarından gözləri qamaşmayan, gurultusundan qulaqları tutulub xofa düşməyən, leysanında islanmayan korafəhmlər, ona qarayaxmalar yaxmaq eşqinə düşənlər qoy əvvəl Azərbaycan muğamının 7 minillik sirli dünyasını anlamağa çalışsınlar. Heç olmasa mənim “Hanki məkandan, hankı zamandan başlanır Muğam?” adlı əsərimi oxusunlar5.
Bu kiçik əsər “facebook”da Alim Şirvaniyə edilən basqılara cavab kimi yazılmışdı. Onu Abbasqulu müəllim Alimin yaradıcılığı barədə yazacağı kitabda oxuculara təqdim etmək üçün bəyənib seçib.
Görkəmli ifaçı, Muğam ustadı, Azərbaycanın Xalq artisti, professor Alim Qasımovun yaradıçılığı barədə monoqrafiya yazan dostum, genişməkanlı musiqi ifaçısı, orqanoloq, Muğam bilicisi, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadəyə təşəkkürlərimlə. Sağolum öz dəyərli kitabında Alim Şirvani və “Mahur” barədə söz deməyimə şərait yaratdığı üçündür.
Tariyel Azərtürk
Biokimya üzrə fəlsəfə doktoru,
Pedaqogika elmləri üzrə master, Gil lövhələrdə Türkizmin tədqiqatçısı.
Sietl, ABŞ, 02/20/2022.
Tariyel Azərtürkün məqaləsinə müəllifdən SÖZARDI
Tariyel Azərtürk gil yazılara istinadən qəzəl janrının da yaradıcısının ulularımıza məxsus olduğunu bildirir.
Orta Asiyalı musiqişünas, müğənni və cəngçalan Dərviş Əli Cəngi (XVI əsrin II yarısı–XVII əsrin əvvəli) “Qəzəl” adlı bir muğam şöbəsinin olduğunu da yazır. Bəzən muğamların X əsrdən etibarən metrik şeir növü olan əruzla oxunduğu haqqında məlumata rast gəlirik.
Elmi ədəbiyyatlarda əruzu isə ilk dəfə VIII əsrdə Bəsrə şəhərində ərəb şairi və alimi Xəlil ibn Əhməd əl-Fərahidi (Əbu Əbdürrəhman əl-Xəlil ibn Əhməd ibn Əmir ibn Təmmam əl-Fərahidi əz-Zadi əl-Yəhmədi, təx. 718–791) tərəfindən yaradıldığı və sistemə salındığı bildirilir. Sonralar əruz müsəlman Şərqinin bir sıra ölkələrinə yayılmışdır.
Lakin Amerikada yaşayan azərbaycanlı alim Tariyel Azərtürk bu deyilənlərlə razılaşmır və mixi yazılarını araşdırarkən ortaya çox maraqlı faktlar qoyur.
O, “Muğam Şumer türkünün mənəvi sərvətidir” adlı kitabında şeiriyyətdə bu janrın VIII əsrdə deyil, 6500 il əvvəl ulularımız tərəfindən yaradıldığını bildirir. Onun araşdırmalarına görə, ilk qəzəlin müəllifi Enlil İsmə Dağandır.
T.Azərtürk yazır:
İndi kəşfçisi ərəb sayılan əruz vəznində 65 əsr qabaq yazılmış bu qəzəllər bizim üçün dörd faktı sübuta yetirir:
- 1. Həmin dövrdə Azər-türk dili mövcud idi;
- 2. 65 əsr öncə muğam ifa edilirdi;
- 3. Əruz vəzni ərəbin kəşfi deyil, şeirin bu cür ritmik vəznli, ölçülü, ləngərli növü konkret tarixi dövrün, konkret şəxsin icadı yox, gil lövhələri yazan əcdadların kəşfidir;
- 4. Qəzəl də, muğam da, əruz vəzni də məhz Azərbaycan türkünün milli ədəbi və musiqi sərvətləridir.
“Qəzəl” ərəb sözüdür və klassik şeirin VIII əsrdə yaradılmış lirik formasıdır. Lakin ABŞ-da yaşayan professor Tariyel Azərtürk gil lövhələr üzərində türk dilində qazılmış mixi yazılara istinadən qəzəlin hələ 6500 il bundan əvvəl mövcud olduğunu elmi əsaslarla bildirir 6.
Bir qayda olaraq xanəndələr muğamları ifa edərkən qəzəldən bədii mətn kimi istifadə edirlər. Bu söz (qəzəl) həm də qadınlara nəvaziş göstərmək kimi də başa düşülür. Ehtimal olunur ki, muğam sənətində “qəzəl” məhz bu mənanı bildirir.
Azərbaycan bəstəkarları yaradıcılıqlarında “qəzəl”dən romans sözünün qarşılığı kimi də istifadə edirlər.
Quruluşçu kinorejissor, Xalq artisti Əbdül Mahmudov da yazır: “Nəhayət, Allah bunu bizə verib, məsələn, söz mədəniyyətini. Və burada da yenə “əruz vəzni bizim deyil, ərəbdən gəlib” deyənlər tapılır. Yaxşı, mən razıyam, onda, əgər əruz vəzni də ərəbdən gəlibsə, niyə ərəb şairləri qəzəl yazmır?”7
Bütün bu deyilənlər, şübhəsiz ki, oxucular üçün də düşünüb-daşınmalı, nəticə çıxarmalı mənəvi qidadır. Fikirləşməyə dəyər.
MUĞAM SƏLTƏNƏTİNİN ŞAHI
Kimsə tar çalır. Hiss olunur ki, ifaçı tarı köksünə sıxaraq onu ürəkdən dilləndirir. Sonra tarı müşayiət edən kamanın yanıqlı səsi eşidilir. Qaval da onlara qoşulur. Dərinin üzərində gəzişən barmaqların təması ilə zınqırovların titrəyişindən əmələ gələn qavalın cingiltili ritmi eşidilir. Birdən həzin bir səs oxumağa başlayır və get-gedə ucalaraq ətrafa yayılır.
İlahi, bu nə səsdir, bu nə avazdır?! Bu səs hansı qərinədən, hansı əsrdən gəlir?! Və birdən bu səs şahə qalxıb yeri-göyü titrədir, təlatümə gətirir. Dərk edirsən ki, bu, Alimdir, Alimin avazıdır cahanı lərzəyə salır. O yenə öz aləminə qapılıb oxuyur, dinləyicini riqqətə gətirib öz sehrli aləminə çəkir.
Mən də o sehrli aləmə düşüb oradan heç cür çıxa bilməyən milyonlardan biriyəm.
Alim Qasımov sənəti haqqında yeni bir söz demək çox çətindir, çünki onun haqqında o qədər deyilib, o qədər yazılıb ki, sanki lüğət fondunda daha başqa layiqli söz qalmayıb.
Ötən əsrin 80–90-cı illərində Alimin ifasını dinlədikdən sonra bir neçə il maqnitofondan demək olar imtina etməli oldum. Qorxurdum ki, birdən onun ifasına tez-tez qulaq asıb doyaram, ayda bir dəfə dinləyirdim onu. Amma sonra dözə bilmədim, tez-tez dinləməyə başladım Alimin ifasını və dərk etdim ki, bu ifa doyulası ifa deyil, bu ifa həyat üçün mənəvi qidadır.
Bax, Alim yenə “Çahargah” oxuyur, sanki səhralara düşüb fəryad eləyir. Əllərini uca Allahın dərgahına qaldıraraq İlahidən mərhəmət, güc-qüdrət diləyir ki, bu ülvi sənətimizi daha da ucalda bilsin. Alim “Mahur” oxuyanda da, “Şikəsteyi-fars” oxuyanda da, xalq mahnısı, bəstəkar mahnısı oxuyanda da, ümumiyyətlə, bütün ifalarında həmişə özüdür, öz sənət yoluna sadiqdir.
Dərgahına əl açan Alimə İlahidən elə bir qüdrət gəldi ki, o, muğamı hələ fəth olunmamış bir zirvəyə qaldırdı. Bu zirvə bir mayak olub təkcə ölkəmizdə deyil, bütün dünyada muğam ifaçılarına yol göstərdi, hara getmək, necə getmək lazım olduğunu açıqladı. Neçə-neçə muğam ifaçıları Alim Qasımovun açdığı bu cığırı indi geniş yola çevirərək irəliləyir, belə bir zirvəyə çatmağa can atırlar.
Alim müəllim bir korifey ifaçı kimi bütün dünyada tanınır, musiqini, muğamı duyanlar tərəfindən sənəti sevilir, rəğbət bəslənilir. Onun müxtəlif ölkələrdə anşlaqla verdiyi konsertlər bu sevginin təcəssümüdür.
Bu yerdə bir haşiyə çıxmaq istəyirəm. Muğamı dərk etməyən birisi var idi, “muğam nədir ey, onu dinləməyə necə səbirləri çatır, bu nə musiqidir ki, onu belə həvəslə dinləyirlər” deyirdi və təbii ki, cavabını da alırdı. Maraqlıdır ki, bu zavallı dərhal öz fikrinə zidd gedərək əlavə edirdi: “Qəribədir, biz xarici ölkələrə gedəndə elə aeroportdaca Azərbaycandan olduğumuzu bilən kimi: “Ooo, sizdə muğam var, sizdə Alim Qasımov var”, – deyirlər”.
Alim sənətinə xaricilərin necə böyük maraq göstərdiklərinə şahidi olduğum daha bir misal. Bakı-Tiflis-Ceyhan terminalının açılışı münasibətilə Bakıda “Gülüstan” sarayında BP Azərbaycan şirkətinin təşkilatçılığı ilə təntənəli konsert keçirilirdi. Konsertdə bu üç ölkənin hərəsi bir musiqi qrupu ilə təmsil olunurdu. Ölkəmizdən Alim və Fərqanə Qasımovlar və onları müşayiət edən ansambl iştirak edirdi. Mən də həmin şirkətdə işlədiyimdən tamaşaçılar arasında idim. Bu şirkətdə işləyən xaricilərlə söhbətlərimdən bilirdim ki, onlar da mədəniyyətimizlə, incəsənətimizlə çox maraqlanırlar. Ona görə də bir gözüm onlarda idi, onların Alimin ifasına olan reaksiyalarını görmək istəyirdim. İnanın, reaksiyaları möhtəşəm idi. Oxunan qəzəllərin mənasını başa düşməsələr də, onların Alimin ifasına, onun təbdən-təbə, haldan-hala düşməsinə necə diqqətlə, heyranlıqla reaksiya vermələrini görmək lazım idi. Və təbii ki, konsertdən sonra da onların təəssüratlarında, verdiyi suallarında Alimin ifasına, onun səs imkanlarına olan heyrətlərini, heyranlıqlarını, sevgilərini görürdük.
2015-ci il, Bakı I Avropa oyunları, Alım oxuya-oxuya uçan xalça üzərində pərvaz eləyir. O təkcə Olimpiya stadionunda uçmurdu, Allahın xalqımıza əta etdiyi Alim Qasımov daha geniş ənginliklərə qalxaraq MUĞAMIN ŞAHI kimi öz səltənətinin üzəri ilə uçurdu, ora şəfəq saçırdı, Azərbaycan muğamının sədasını əngin səmalardan cahana yayırdı.
Qarşıdan bu korifey sənətkarımızın 65 illik yubileyi gəlir, arzu edirəm ki, onun səsi daha uca zirvələrdən gəlsin, daim xalqımızın adını yüksəklərdə tutsun, amin.
Ağacamal Soltanov
SON SÖZ ƏVƏZİ
“Son söz əvəzi”ni kitabın redaktoru, dəyərli dostum Ağacamal Kamiloğlunun məsləhəti ilə yazmalı oldum. Aramızda belə bir söhbət oldu. “Abbasqulu müəllim, nə əcəb kitabda Alim Qasımovun Dubaydakı möhtəşəm çıxışından söz salmırsan, onun Türk dünyasının böyük oğlu Rəcəb Tayyib Ərdoğanla səmimi görüşündən, Alim Qasımova olan hədsiz sevgisindən yazmırsan?”
Dedim: “Ağacamal müəllim, axı kitabın adı “Alim Qasımov haqqında düşüncələrim” adlanır. Girişdə də bildirmişəm ki, kitabda yalnız özümün də iştirak etdiyim və yaddaşımda saxladığım oçerklərə üstünlük vermişəm. Axı Alim müəllimlə mən Dubay səfərində olmamışam”.
Ağacamal müəllim də: “Nə olsun ki sən özün orada iştirak etməmisən. Düşünürəm ki, kadr arxasında olan bu söhbət çox az adama məlumdur. Alim müəllim kimi bir sənətkar haqqında ən kiçicik məlumat belə oxucu üçün çox dəyərlidir. Kitabın yazılması prosesində üzə çıxan digər maraqlı faktları, fikirləri də onlara çatdırmaq yaxşı olar. Bunun haqqında “Son söz əvəzi” başlıqlı oçerkdə yazarsan və bu da sənin fikirlərinə çox böyük bir dəstək olar”.
Elə də etməli oldum. Amerikada yaşayan həmyerlimiz Tariyel Azərtürkün Alim müəllimə həsr olunan və yəqin ki, artıq yuxarıda oxuduğunuz məqaləsini də bu səbəbdən kitaba daxil etmişik. Əvvəla, kitabla tanış olan bütün oxuculara təşəkkür edirəm. Alim Qasımov haqqında çox kitablar yazılıb, yəqin ki, bundan sonra da yazılacaq. Ancaq bu qüdrətli sənətkar haqqında nə qədər əsərlər yazılsa da, yenə də azlıq edir.
Alimin Dubay səfərindəki konserti haqqında söylədiklərindən: “Biz Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olarkən Dubayda keçirilən “Expo-2020” sərgisində Azərbaycan pavilyonunun səhnəsində çıxış edirdik. Öncədən bildirmişdilər ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan pavilyona daxil olub 35 saniyəlik dinləmədən sonra gedəcəkdir. Lakin sayın Ərdoğan bəy 35 saniyə deyil, bizi 35 dəqiqə dinlədi. O əyləşib çox diqqətlə qulaq asırdı. Proqramımızı tamamladıqdan sonra “Sarı gəlin” xalq mahnısını da oxumağı bizdən xahiş etdi. Biz də böyük məmnuniyyətlə onun sifarişini yerinə yetirdik. Cənab Prezident səhnəyə çıxıb bizimlə əlbəəl dostcasına görüşdü. Məni o ki var tərifləyib dedi ki, muğamları çox sevirəm. Muğam dünyasının kralı Alim Qasımovu burada gördükdə çox sevindim, qulaq asıb, böyük zövq aldım, ruhum dincəldi”.
Sonra aramızda kiçik bir dialoq oldu.
Sayın Ərdoğan bəy: – İcazənizlə bir xatirə fotosu çəkdirəyin.
Bu da bütün kollektivimizin ürəyincə oldu.
Mən: – Cənab Prezident, bu bizim ürəyimizcəndir. Amma icazə versəydiniz, xanımım da buradadır, onu da dəvət edərdik.
O:- Buyursun səhnəyə.
Biz pavilyona daxil olanda mühafizəçilərin protokol qaydalarına görə ona icazə vermədiklərini bildirdim. Sayın Ərdoğan bəy də vəziyyəti başa düşüb: “Tez Alim bəyin xanımını içəri dəvət edin”, – dedi.
Sonra Alim bəyin həyat yoldaşı Hacı Tamilla xanım da şəkil çəkdirmək üçün səhnəyə çıxır. Onlar birlikdə xatirə fotosu çəkdirirlər. Sayın Ərdoğan bəy həm Hacı Alimin qızı Fərqanə xanımın, həm də Tamilla xanımın hicablı olduğunu gördükdə çox sevinir. Bilir ki, onların hər üçü namaz əhlidir və deyir: “Namaz qılarkən xalqlarımız üçün də, şəhidlərimiz üçün də, mənim üçün də dualarınızı əskik etməyin”.
Biz də Türk dünyasının böyük oğlu sayın Rəcəb Tayyib Ərdoğan bəyə Türk xalqlarının rifahı naminə göstərdiyi çabalarına görə cansağlığı və uğurlar arzulayırıq. Ulu Tanrı onu qorusun, Amin!
1 Bu rəsm əsəri ilə bağlı mətbuatda geniş bilgi verilib: Sayılov Ə.Ə., Xəlilov P.İ. “Alim deyil, aləmdi bu!” B.: “Araz”, 2002, s. 55-56
2 Bu barədə Dünya TV-nin “Bu bizik” verilişində (44.55-ci dəqiqə) söhbət etmişik.
3 “Azərbaycan xalq mahnıları” II c. B.: “Öndər”, 2005, s. 111
4 Азертюрк Т.В. “Генезис тюрка и тюркского языка (на основе клинописи)” II т. Бишкек: «Улуу Тоолор», 2017, c. 992-993
5 Азертюрк T.В. (Алиев Т.В.) “Где, кода и как родился мугам? Hanki məkandan, hanki zamandan başlanır muğam?” “Tariyel Veli Ali İnc.”, Sietl, Санкт-Петербург: Супер Издательство, 2017, 123 с. (azərbaycanca və rusca)
6 Т.Азертюрк. “Генезис тюрка и тюркского языка (на основе клинописи)” I том. Бишкек: «Улуу Тоолор», 2017, с. 222-224
7 Əliyeva L.V. “Muğamın meracı” (Alim Qasımov sənətinin gizli çalarları haqqında düşüncələr). B.: “Şərq-Qərb”, 2017, s. 70
Yaxın günlərdə oxucuların ixtiyarına veriləcək “Alim Qasımov haqqında düşüncələrim” adlı kitabdan: