Görkəmli ifaçı, muğam bilicisi, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadənin yeni kitabı – “Alim Qasımov haqqında düşüncələrim” işıq üzü görüb.
Bu haqda məlumat verən müəllif kitabını dünya şöhrətli sənətkarımız Alim Qasımovun 65 yaşı münasibətilə hazırladığını qeyd edib.
“Aspoliqraf” mətbəəsində nəfis tərtibatla çap edilmiş nəşrdə öz ecazkar səsi və sənətinin ülviliyi, insani keyfiyyətləri ilə könülləri fəth edən muğam ustadımız haqqında oçerklər oxuculara təqdim olunub.
Yeni nəşr haqqında məlumat verən Abbasqulu Nəcəfzadə bu kitabın ərsəyə gəlməsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovun və görkəmli yazıçı-şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımovun rollarını da qeyd edib.
Xatırladaq ki, kitabdakı məqalələr 7-gun.com saytında silsilə ilə dərc olunub.
Əminik ki:
- “Alim Qasımov – 65-ə doğru”
- “Düşüncə və xatirələr: Kişi sözü”
- “Alimin uğurları”
- “Alim üçün qurban kəsildi”
- “Yaponiya xatirəsi”
- “Məhəllədə ad günü”
- “Alim Qasımov Hacı kimi”
- “Habil Əliyev: “Xanəndə olsaydım, Alim kimi oxuyardım”
- “Göylər kəndi heç də Nardarandan geri qalmır”
- “Afərin belə dinləyiciyə!”
- “Gənc rejissor Xəyyam Aslanın toyunun sərgüzəştləri”
- “Uçub gedib”
- “Alim Qasımovun yaradıcılığında şikəstələr”
- “Dünya TV: “Bu bizik” verilişi”
- “Alim Qasımovu gözü götürməyənlər”
- “Alimin ifasında “Mahur” Azərbaycan muğamının musiqili tarixidir…”
məqalələrini özündə ehtiva edən “Alim Qasımov haqqında düşüncələrim” kitabı Alim Qasımov və muğamsevərlərə, həmçinin Azərbaycanın mədəniyyət tarixinə faydalı töhfədir.