«Daş yüxuların» müəllifi Əkrəm Əylislini «vətən xaini» adlandıranda etiraz edirəm. Çünki o, doğulduğu Əylis kəndini «ermənilərin tarixi torpaqları» hesab edir və bu baxımdan xəyalındakı vətəninə xəyanətdə qətiyyən ittiham oluna bilməz…
Əkrəm Əylisliyə «satqın» deyənlərə də etirazımı bildirirəm. O, xəyalındakı vətəninə və uzun sürən amneziyadan – «daş yuxulardan» sonra bərpa olunan yaddaşındakı etnik kimliyinə bu gün əvvəlkindən də sadiqdir.
Araz QURBANOV
Jurnalist
Naxçıvanı qondarma «Qərbi Ermənistanın tarixi torpaqları» olması iddiaları bu gün də Ermənistanda ictimai-siyasi dövriyyədədir. Məsələyə yanaşma isə sərsəm olduğu qədər çirkindir. Bir vaxtlar Ermənistandakı «Ararat» Strateji Araşdırmalar Mərkəzinin direktoru Armen Ayvazyan naxçıvanlılar haqqında bunları yazırdı: «Naxçıvanın indiki əhalisinin – azərbaycanlıların əhəmiyyətli hissəsinin əcdadları islamı qəbul etmiş və sonralar əbədi olaraq türkləşdirilmiş ermənilərdir». Özünü etnik «zoketsi» (zok) adlandıran professor İ.Gülmisaryan bu sayıqlamaları şizofreniya həddinə çatdıraraq qeyd edir ki, Naxçıvanın Aqulis (Əylis), Kxakik (Kələki), Andameç (Əndəmic), Disart, Üqna (Çənnəb), Tnakert (Danagirt) kəndlərinin əhalisinin əslində «zok erməniləridirlər» və «erməni dilinin Naxçıvan-zok dialektində» danışırlar.
Moskvadakı «Beynəlxalq Hüquq və Politologiya üzrə Erməni İnstitutunun» professoru Aleksandr Svarants (ermənilər onu təqdim edəndə titullarına «genosidşünas» sözünü də qoşurlar) «Naxçıvan üç sivilizasiyanın qovşağında» başlıqlı məqaləsində muxtar respublikanın Azərbaycan türklərindən ibarət olan əhalisini «SSRİ illərində assimilyasiya olunmuş süni etnos» adlandırmaqla, bu ərazinin Ermənistana verilməsinin geosiyasi perspektivlərini əsaslandırmağa çalışmışdır.
O, təkcə Ermənistanın deyil, Rusiya, ABŞ və Fransanın Naxçıvana marağı barədə də yazır: «Naxçıvan Ermənistanın protektoratı altında olarsa, onun müsəlman əhalisinin təhlükəsizliyinə, mədəni və iqtisadi azadlığına tam təminat veriləcəkdir. Geosiyasi, iqtisadi və təhlükəsizlik maraqları baxımından Naxçıvan Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Məhz Naxçıvan Rusiya və ABŞ üçün cəlbedici zonaya çevrilə bilər. Bu zaman Rusiya Ermənistanda və regionda öz maraqlarını fəal şəkildə müdafiə etmək üçün imkanlar qazanacaqdır. ABŞ və Fransa isə Cənubi Qafqaza legitim giriş qapısı əldə edəcəklər. ABŞ, Rusiya, Fransa və Ermənistanın Naxçıvanla bağlı birgə əməkdaşlığı Rusiya Federasiyasının daxili və xarici mənafelərini pantürkizm təhlükəsindən qorumağa, İranın strateji ehtiyatlarına nəzarət etməyə və NATO hərbi təhdidlərini minimuma endirməyə imkan verəcəkdir».
Əvvəlcə zoklar haqqında
Zoklar vaxtilə Suriya və Türkiyə ərazisində yaşayan və sonralar xristianlığın qriqorian məzhəbini qəbul etmiş yəhudilərdir. Vaxtilə Movses Xorenatsi də hay toplumu içərisində yəhudilərin də olmasını və onlarla qaynayıb-qarışmasını qeyd etmişdi. Sonralar zoklar XIX əsrin sonlarında İrəvan müəllimlər seminariyasının müəllimi V.Devitski «İrəvan quberniyasına və Qars vilayətinə tətil gəzintisi» oçerkində yazırdı: «Ordubadın yaxınlığında «Akulis» adlanan orijinal kənd var burada zoklar kimi tanınan ermənilər də yaşayır. Bu adın necə yaranmasını nə zoklar, nə də ermənilər bilir».
Təəssüflər olsun ki, Azərbaycanda da bu tipli erməni sayıqlamalarına açıq dəstək verənlər, hətta onları ədəbi-bədii obrazlarla təbliğ edənlər tapılır. Əlbəttə, belələri haqqında bəhs edəndə bir qayda olaraq, həmin müəllifləri «sapı özümüzdən olan baltalar» adlandırırlar. Bu ifadə bizim də ürəyimizcə olsa da, onu «dəqiq» adlandıra bilmərik. Baltanın sapı özümüzdən deyil…
Odur ki, «Daş yüxuların» müəllifi Əkrəm Əylislini «vətən xaini» adlandıranda etiraz edirəm. Çünki o, doğulduğu Əylis kəndini «ermənilərin tarixi torpaqları» hesab edir və bu baxımdan xəyalındakı vətəninə xəyanətdə qətiyyən ittiham oluna bilməz…
Əkrəm Əylisliyə «satqın» deyənlərə də etirazımı bildirirəm. O, xəyalındakı vətəninə və uzun sürən amneziyadan – «daş yuxulardan» sonra bərpa olunan yaddaşındakı etnik kimliyinə bu gün əvvəlkindən də sadiqdir.
Azərbaycanda qondarma «erməni soyqırımı»ndan sonra «türkləşmiş müsəlman ermənilər», daha dəqiq desək, «kriptoermənilər» mövzusunu Ermənistanın iddialarına tamamilə uyğun şəkildə gündəmə gətirən və onlara açıq dəstək verən, bununla da ictimai qınaq obyektinə çevrilən şəxs yazıçı Əkrəm Əylisli və onun «Daş yuxular» adlı «roman-rekvyemi» olmuşdur. Kitab cəmiyyətdə sərt tənqidlə üzləşəndən sonra müəllif müsahibələrinin birində peşman olmadığını söyləmiş və hərəkətinə bəraət qazandırmaq üçün bunları demişdir: «Mən bu əsəri ermənilər üçün yox, özümüzkülər üçün, azərbaycanlılar üçün yazmışam. Bu əsərimlə xeyli ermənini Azərbaycana qarşı nifrət eləməkdən hifz elədim. Xeyli erməni var ki, bu əsəri oxuyandan sonra bizim xalqımıza nifrət eləyə bilməz».
Bu müsahibədə özünü «xalqın xilaskarı» obrazında təqdim edən və görünür, «xidmətlərinə» görə dərin minnətdarlıq uman Əkrəm Əylislinin «təvazökarlıqla» söylədiyi ifadələrdən belə qənaətə gəlmək olar ki, yüzlərlə, bəlkə də, minlərlə erməni həmin kitabı oxuyandan sonra təsirlənmiş və göz yaşlarını boğaraq Azərbaycan xalqına sonsuz məhəbbətlərini bildirmək üçün imkan axtarmışlar. Gəlin, onların «statistikasını» Ə.Əylislinin yazıçı vicdanının ixtiyarına buraxaq. O ki qaldı romanın guya «ermənilər üçün deyil, azərbaycanlılar üçün yazılmasına», romanın bəzi gizli məqamlarına aydınlıq gətirən arqumentlər bu iddianın əksini sübut etməkdədir.
Əkrəm Əylislinin yazdığı kimi, «urvatsız ölən həmvətənlərinin (ermənilərin) xatirəsinə» həsr etdiyi «Daş yuxular» kitabı ilk növbədə yazıçı təxəyyülünün məhsulu deyil, avtobioqrafik xarakterli «roman-rekvyemdir». Əsərin ruhu və müəllifin «kriptoermənilər» məsələsində mövqeyi erməni əsilli Fethiye Çetinin (Heranuş Gadaryanın) «Anneannem» («Mənim nənəm») kitabı ilə «möcüzəli» şəkildə səsləşir. Onların arasında ideya və süjet bağlılığı ilə yanaşı, ortaq «sosial sifarişin» izləri də vardır. Demək olar ki, eyni vaxtda – 2004-2006-cı illərdə qələmə alınmış hər iki romanın məqsədi türklərin «yaddaşını təzələmək», erməni cinayətləri haqqında «stereotipləri» dağıtmaq, təkcə qondarma «erməni soyqırımı» iddialarına deyil, Ermənistanın Türkiyə və Azərbaycana ərazi iddialarına bəraət qazandırmaqdır. Lakin hər iki roman arasında bir fərq də var. «Anneannem» kitabı 2006-cı ildə Fransada «Prix Armenia» mükafatına layiq görülmüşdür. «Əgər mən o əsəri hansısa təmənna ilə yazmış olsaydım, bəlkə də, peşman olardım» deyən «Daş yuxular»ın müəllifi kitabın çapını altı il gözlətmiş, amma Ermənistan nə qondarma «erməni soyqırımı»nın yüz illiyi ərəfəsində, nə də «yubileydən» sonra onun qiymətini vermişdir.
Bununla belə, mövqeyini – türklərə antipatiyasını cəsarətlə və açıq şəkildə ortaya qoyan Fethiye Çetindən fərqli olaraq, Əkrəm Əylisli avtobioqrafik romanında ehtiyatlıdır, öz qəhrəmanının unudulmuş «gizli erməniliyinin» köklərini onun şüuraltı qatının dərinliklərində axtarır, «reanimasiyadan çıxarır» və bərpa etməyə çalışır. Azərbaycanlıları üzrxahlığa və etirafa çağıran müəllifin iddia etdiyi kimi kitabın ideya xətti nəcib məram – Azərbaycan və erməni xalqları arasında mehriban qonşuluq münasibətlərinin, etimadın bərpası istəyi üzərində qurulmuşdur. Lakin bu istəyin arxasında azərbaycanlıları «haqsızlıqda» və Ə.Əylislinin dili ilə desək, «Allahın istəkli bəndələri olan» ermənilərə qarşı «tarixi ədalətsizlikdə» ittiham etmək dayanır. Müəllif inad edir ki, məhz bu «tarixi ədalətsizlik» üzündən Əylis ermənilərinin timsalında Naxçıvanın xristian erməni əhalisi «zorən islamlaşdırılmış və türkləşdirilmişdir».
Naxçıvanın, Qarabağın Azərbaycan türklərinin guya «islamlaşdırılmış və türkləşmiş ermənilər» olması barədə A.Teryan, A.Melik-Şaxnazarov, Y.Manok, A.Qriqoryan, A.Ayvazyan kimi erməni alimlərinin sərsəm ideyalarının Azərbaycan variantını işləyib-hazırlayan Əkrəm Əylislinin «Daş yuxular» romanında açıq şəkildə «kriptoermənilər» ifadəsinə rast gəlinmir. Bu termin kitabın adında, «Daş yuxular» ifadəsi altında çox məharətlə gizlədilmiş və «ciddi yaddaş pozğunluğu» anlamını verən «kriptomneziya» tibbi-psixiatriya termini ilə əvəz edilmişdir. Belə ki, əsərin qəhrəmanı – Saday Sadıqlıya da diaqnoz kimi qoyulmuş kriptomneziya zamanı pasiyent yaddaşının dərin qatlarında həkk olunmuş hadisələri yuxuda gördüyünü, yoxsa onların real həyatda baş verdiyini ayırd edə bilmir və «beynində ilişib qalmış» informasiyanın ilkin mənbəyini axtarır. Kilsədə «özündən asılı olmadan xaç vuran» Əylis sakini Saday Sadıqlı obrazının gördüyü «daş yuxular» haqqında da həkimin tibbi qənaəti bu olmuşdur: «Belə hal bütün həssas adamlarda müşahidə olunur: yaşlandıqca «uşaqlığa qayıdırlar». Saday Sadıqlı kimi Əkrəm Əylisli də yaşlaşmışdı…
«Anneannem» əsərinin qəhrəmanı – Karapet Gadaryanın nəvəsi Heranuş ilə «Daş yuxular» romanının personajlarından olan erməni qızı Aniko müxtəlif coğrafi məkanlarda – biri Elazığın Habab kəndində, digəri isə Naxçıvanın Əylis kəndində doğulsalar da, hər iki müəllifin ortaq düşüncəsi onlara eyni tale yaşatmışdır.
Valideynlərinin əlindən zorla alınan on yaşlı Heranuşu polis məmuru Hüseyn Onbaşı və arvadı Əsma xanım övladığa götürmüş, islamı qəbul etdirmiş, ona «Səhər» adı vermiş, böyütmüş, oxutmuş, ərə vermiş, oğul-uşaq sahibi etmişdilər. Səhər-Heranuş düz 95 il ömür sürmüş, F.Çetinin yazdığı kimi, «xristian erməni kimi doğulsa da, müsəlman ayinləri ilə torpağa tapşırılmışdı». Lakin Əylis kəndindən olan Aniko Səhər-Heranuşdan fərqli olaraq, daha ağır həyat yaşamalı olmuşdu. Belə ki, «Əgər qətlə yetirilən hər erməninin adına bir şam yandırılsa, o şamların işığı Ayın işığını kölgədə qoyar» cümləsinin müəllifi olan Əkrəm Əylisli erməni qızı Anikonun acı taleyini belə təsvir edir:
1919-cu ilin dəhşətli payız günü türk əsgərlərinin kəndin erməni əhalisini güllənin qabağına verib qırdığı, qılıncdan keçirib doğradığı, hər tərəfdə qanın su yerinə axıb gölləndiyi fəlakətin canlı şahidlərindən biriydi və onun valideynləri, qardaşları, bacıları həmin basqında milçək kimi qırılmışdılar. Bütün Əylis camaatı bilirdi ki, qaçıb təndirdə gizlənən Aniko o vaxt təsadüfən salamat qalmışdı»
Həmin vaxt Əylis kəndindən olan Zöhrə arvad Anikonu tapmış, böyütmüş, oğlu – İstanbulda təhsil almış Mirzə Vahab isə onu zor gücünə özünə arvad etmişdi. Ə.Əylisli yazır:
Hər yerdə danışırdılar ki, qadın ailəsinə görə müsəlmanlığı qəbul edib. Qəribədir, o, qorxub çəkinmədən nə zamansa ermənilərin bir də bu yerlərə dönəcəklərini, Əylisi cənnətin bir parçasına çevirəcəklərini söyləyirdi. Özünü müsəlman sayan Aniko imamların matəmində o biri arvadlarla Məhəmməd peyğəmbərin nəvələrinin müsibətinə acı-acı ağlamaqla bahəm, demək olar, hər gün səhər ertədən Vəng kilsəsinə baş çəkməyi də unutmurdu».
«Kriptomneziya» – «Daş yuxular» romanının avtobioqrafik qəhrəmanı kimi qəbul edilən Saday Sadıqlı isə daxilində, genetik yaddaşı səviyyəsində özündə xristian kriptoerməni ruhunu yaşadan və onun köklərinin axtarışına çıxan real obrazlardan biridir. Xəstəxanada, ölüm ayağında olarkən öz etnik kimliyini tapan və qeyri-ixtiyari «Eç-mi-ad-zin» deyən Saday haqqında müəllif yazır:
Qəribədir, Saday Sadıqlının nəsil-kökündə bircə damla da erməni qanı olmadığı halda (bir babası Kərbəlanı, o birisi Məkkəni ziyarət eləmişdi), nə qədər müddətdir sanki o, canında hansısa adsız bir ermənini daşıyırdı. Lap dəqiqi, daşımır, gizlədirdi. Əylis də məgər böyük yaradan qədər əlçatmaz olanda deyilməyibmi bu sözlər: «Allahın nəzəri həmişə ermənilərin üstündədir».
Romandakı bəzi personajların real həyatdan götürülməsinə dair daha bir fakt: əsərdə İrəvandan gəlib Əylis kəndindəki kilsədə rəsm çəkən erməni qızı Lüsi bu gün də həyatdadır. Müəllif yazır:
Rəssam Lüsi – Haykanuşun on üç-on dörd yaşlı nəvəsi yenə də məbədin – Vəng kilsəsinin həyətində idi. O yay Lüsi ilk dəfə Yerevandan Əylisə tətilə gəlmişdi, ilk gündən başlayaraq səhərdən axşamacan kilsənin həyətindən aralanmamışdı»
Hazırda Ermənistanın tanınmış etnoqrafı, milli geyimlər üzrə modelyeri olan Lüsik Aquletsi (Samvelyan) özünü «Əylisdən olan zok» (etnik erməni olduqları iddia edilən qriqorian yəhudilər) kimi təqdim edir. Bu qadın «Daş yuxular» kitabı haqqında verdiyi müsahibədə, həqiqətən də, 14 yaşında olarkən Əylisə gəldiyini, Haykanuş nənəsinin «Əylis kəndinin ən böyük ziyalısı» hesab etdiyi 25 yaşlı Əkrəmlə ilk tanışlığını belə xatırlamışdır: «O, məni bircə dəfə görsə də, təsvirimi çox yaxşı vermişdir». Nə bilmək olar, ilk məhəbbət unudulmur…
Yeri gəlmişkən, ermənicə «Aquletsi» təxəllüsü də «Əylisli» deməkdir…
Məsəl var: «Dostunu göstər, kim olduğunu deyim». Bu gün Əkrəm Əylislinin yeni «dostları» çoxdur. Məsələn, Rusiyada erməni diasporasının aparıcı simalarından Emanuil Dolbakyan «Daş yuxular» romanı ilə tanışlıqdan sonra müəllifi «Azərbaycanda yeganə mərd adam və antifaşist… Zaqafqaziya türkləri içərisində soyqırımına görə ermənilərdən üzr istəməyi bacaran ilk qaranquş» adlandırmışdır.
Qeyd edək ki, Moskvadakı «Ararat» Regional Erməni Mədəni-Maarifçilik Cəmiyyətinin təsisçisi və sədri olan E.Dolbakyan «ilk qaranquş» Ə.Əylislinin vətəni Naxçıvan da daxil olmaqla «Qərbi Ermənistan əraziləri»nin ermənilərə qaytarılmasının qatı təbliğatçısı, «Kimliyə dönüş» proqramının fəallarından biri kimi də tanınırdı (2015-ci ildə dünyasını dəyişib). E.Dolbakyan son müsahibələrinin birində «ermənilərin tarixi əraziləri» və Azərbaycan haqqında dediyi sözlər onun «Daş yuxular»a rəğbətinin əsl səbəblərini açıq şəkildə göstərir:
«Mən hesab edirəm ki, dünyanın bütün ermənilərinin birləşdirilməsində əsas vəzifəmiz bizim milli ideyamızdadır: soyqırımının nəticələrini aradan qaldırmaq, torpaqlarımızı geri almaq, ermənilərin Yerkirə (tarixi vətənə) qayıdışını, təmin etmək… Mənim fikrimcə, Azərbaycana heç bir güzəşt edilməməlidir. Güzəştə getmək Ermənistan torpaqlarını hədiyyə vermək deməkdir. Mən bu faşist dövləti ilə iyirmi il davam edən danışıqlarda nədən söhbət getdiyini təsəvvür edə bilmirəm. Əminəm ki, hətta kiçik güzəştə getsək Arsaxı tamamilə itirə bilərik… Bu zaman türklərin ilgəyi daralacaq, həm Ermənistan, həm də Rusiya ciddi təhlükə ilə üzləşəcəkdir».
Bir qədər də ermənilərin və «Daş yuxular» müəllifinin Əylis kəndinin «qədim əhalisi» hesab etdikləri zoklar – «ermənilərin subetnik qrupu» haqqında
Bir sıra tədqiqatçılar XIX əsrin sonrarına aid Rusiya mənbələrinə, məsələn, V.Devitskinin materiallarına istinadən zokların etnik erməni deyil, «qriqorian məzhəbinə tapınan fərqli xalqın nümayəndələri» olması qənaətindədirlər. V.Devitski antropoloji tipləri və sarışın olmaları ilə də onları ermənilərdən fərqləndirir. Erməni araşdırmaçısı Ararat Qəribyan isə «zok» və «sak» etnonimlərini bir-biri ilə bağlayaraq, onların bu ərazilərdə yaşamış qədim skiflərin törəmələrindən biri olmalarını iddia edir. Lakin hazırda əksər etnoqraflar zokların Osmanlı dönəmində Naxçıvan ərazisinə köçürülmiş xristian (qriqorian) yəhudilər olmaları və din amili nəticəsində «erməniləşmələri» fikrindədirlər.
Yeri gəlmişkən, «Naxçıvanda ermənilərin subetnik qrupu», «müsəlman ermənilər», «erməni dərvişləri» və ya «tumbıli» kimi təqdim olunan tulumblular (əslində, «Tumbul erməniləri») haqqında da elmi məlumat olduqca azdır. Elə erməni etnoqrafları da bu qrupun mənşəyinin, inancının, məişətinin öyrənilməsinə və təbliğinə bir o qədər də həvəs göstərmirlər.
Əvvəlcə «Dumbul» və ya «Tumbul» adlandırılan kənd barədə
Bir sıra tədqiqatçıların qənaətinə əsasən, bu oykonim dumbuli türk (türkman) tayfasının adı ilə bağlıdır. Həmin tayfa Qaraqoyunlu hökmdarı Qara Yusifin dönəmində Suriyadan Azərbaycan ərazilərinə köçürülmüş və sonralar Qızılbaş dövlətinə xidmət etmişdi. Hazırda İranda bu tayfanın nümayəndələri yaşayır və İsabəyli kimi də tanınırlar. Məmməd Səid Ordubadinin yazdığına görə, Tumbulda yaşayan əhalinin üçdə iki hissəsi müsəlman türk, bir hissəsi isə ermənilərdən ibarət olmuşdu. Elə isə «ermənilərin subetnik qrupu» Naxçıvanda nə zaman peyda olmuşdu?
Rus tarixçisi, general-leytenant Nikolay Dubrovin səkkiz cildlik «Rusların Qafqazda müharibə tarixi və hökmranlığı» əsəri Tumbul ermənilərinin Naxçıvanın köklü əhalisi olmaları barədə fikri qətiyyətlə rədd edir. Müəllif bildirir ki, həmin ermənilər XIX əsrin əvvəllərində İranın Salmas şəhəri yaxınlığından Naxçıvan qəzasının Tumbul kəndinə köçürülmüşlər. O, gəlmələrin xarici görkəmcə ermənilərə qətiyyən bənzəmədiyini, uca boylu və arıq sifətli olduqlarını bildirir və əlavə edir ki, onlar əyinlərinə bir qayda olaraq rahib geyiminə bənzəyən qara və yamaqlı paltar geyirlər. Nikolay Dubrovinin yazdıqlarından da bu qənaətə gəlmək olur ki, həmin qrup indiyədək naməlum olan sinkretik təriqətin üzvü olmuşdur. Belə ki, «Sizinlə görüşəndə (xristian olduğunuzu biləndə – A.Q.) mütləq Yerusəlimin adını çəkəcək və sədəqə istəyəcəklər. Onların həmişə sağ əllərində əsa, sol əllərində isə naməlum heroqliflər yazılmış kağız olur. Kənd təsərrüfatı ilə məşğul olmağa adət etməyiblər. Güzəranlarını özgələrinin hesabına, sədəqə yığmaqla keçirirlər».
N.Dubrovinə görə, onlara Hindistanda, Əfqanıstanda, Suriyada, Rusiyada, Sibirdə və s. rast gəlmək olur. Tumbul ermənisi ilin böyük hissəsini doğma evindən, ailəsindən uzaqda keçirir, yalnız qış aylarında xeyli sədəqə ilə buraya qayıdır. Evində isə görkəmi və yaşayışı dəyişir. Tumbul ermənilərinin evləri abaddır, bol azuqələri olur, bahalı gümüş qab-qacaqda avropasayağı nahar edir, çay, qəhvə içir, qiymətli parçalardan paltar geyir, həyat yoldaşları qızıl, almaz, yaqut, zümrüd və mirvaridən bəzək əşyaları içərisində üzürlər.
Nikolay Dubrovin onu da yazır ki, «Onlar «dərviş» adı altında müsəlmanlar üçün müqəddəs olan şəhərləri – Məkkəni, Mədinəni, Kərbəlanı gəzir, özlərini mömin insanlar kimi qələmə verir, onlarla birlikdə Məhəmmədə dualar edirlər. Müsəlmanlardan bol sədəqə və ianə yığan tumbullu sonra xristianlara tərəf səmt götürür. Yerusəlimə gəlir, dərviş paltarını əynindən çıxarır, xristian rahibinə çevrilir, müqəddəs yerlərin ziyarətinə başlayaraq burada da sədəqə yığır».