İlham Nəzərov – o, bir fenomendir

O, bir neçə səs tembri ilə Azərbaycanın və dünyanın opera səhnələrində hamıdan çox –  49 obraz yaradıb;

O, dünyada çox az sayda vokal ifaçısının malik olduğu – 5 oktavanı əhatələyən geniş səs diapazonuna sahibdir;

O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet  Teatrının və “ÜNS Yaradıcılıq Səhnəsi”nin solistidir…

 

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

Azərbaycan Respublikasının ilk və yeganə kontratenor səs tembrinə malik vokal ifaçısı İham Nəzərovun Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin inkişafında müstəsna xidmətləri vardır.

Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrin qalibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovla ilkin tanışlığım bir neçə il bundan əvvələ təsadüf edir. Baxmayaraq ki, onu bir istedadlı ifaçı kimi daha əvvəllər tanıyırdım, amma yaxından tanışlığımız, ünsiyyətimiz olmamışdı.

2021-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (FD 2.36) Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən elmi seminara üzv seçildim. Burada rəy yazmaq üçün İ.Nəzərovun “Müslüm Maqomayevin Azərbaycan və dünya vokal ifaçılığı sənətində rolu” adlı dissertasiya işini və avtoreferatını mənə təqdim etdilər1. Tədqiqat işinin elmi nöqteyi-nəzərdən yüksək səviyyədə aparılması dissertasiyanın müəllifi haqqında müsbət düşüncələrimin artmasına səbəb oldu.

İlham Nəzərovu Azərbaycan və dünya musiqi mədəniyyətində digər vokal ifaçılarından fərqləndirən əsas xüsusiyyətlər:

  • dünyada çox az sayda vokal ifaçısının malik olduğu 5 oktavanı əhatələyən geniş səs diapazonuna yiyələnməsi;
  • dünya musiqi tarixində ilk dəfə olaraq romantizm dövrünün bəstəkarı olan F.Şubertin “Qu quşunun nəğməsi” vokal silsiləsini kontratenor səs tembri ilə ifa etməsi;
  •  bir konsert proqramında müxtəlif səs tembrləri üçün yazılan əsərləri həmin tembrlərə məxsus tessiturada ifa etmək qabiliyyətinə malik olması;
  • repertuarında XVI əsrdən XXI əsrə qədər (ariyalar, romanslar, bəstəkar və xalq mahnıları, caz əsərləri, populyar mahnılar və s.) fərqli janrlarda yazılmış musiqi nümunələrinin yer alması;
  • Azərbaycanda kontratenor səs tembrinə malik ilk və yeganə vokal ifaçısı olması;
  • Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində kontratenor kimi çıxış edən ilk müğənni olması;
  •  Azərbaycan vokal ifaçılıq tarixində opera səhnəsində həm ifaçılıq, həm də obraz cəhətdən bir-birindən fərqli 50-yə yaxın partiyanı səsləndirməsi;
  • Azərbaycanın sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik ilk opera müğənnisi olması;

Yuxarıda qeyd olunanları nəzərə alaraq əminliklə demək mümkündür ki, Azərbaycan musiqi mədəniyyətində İ.Nəzərovun rolu əvəzolunmazdır.

O, dünyaca tanınmış vokal ifaçısı olmaqla yanaşı, gözəl alim, pedaqoq, meloman, 30-a yaxın elmi məqalənin müəllifi, “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı və bir çox konsertlərin təşkilatçısı kimi də yüksək qiymətə layiqdir.

İlham müəllimin yaradıcılığını izlədikdə onun bir sıra ilklərə imza atdığının şahidi oluruq. Bunlardan biri də İlham Nəzərovun ilk dəfə oxuduğu və mənim də müşayiət etdiyim “Hicazkar İlahi – Sultan Nənəm” əsəridir. Sözləri Türkiyədə fəaliyyət göstərmiş görkəmli ilahiyyatçı, yazıçı, şair Kenan Rifai Büyükaksoya (1867–1950) aid edilən bu əsəri Üzeyir bəy Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor3 Gülnaz Abdullazadə bəstələmişdir.

Həmin əsəri ilk dəfə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar musiqidə” adlı kamera konsertində ifa etmişik 2. Həmin konsert 2022-ci il martın 10-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilmişdir.

G.Abdullazadənin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141–1209) qəzəlinə bəstələdiyi “Könlüm sitəminlə canə yetdi” romansının da ilk ifaçısı məhz İ.Nəzərovdur.
Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə “Mədəniyyət-Culture” jurnalında bu əsərlə bağlı yazır:

G.Abdullazadənin əsərinin vokal nitqi ehtiraslıdır, çılğındır. İ.Nəzərov da bu xüsusiyyəti qabardır. Dinamik kompozisiyanın orta bölməsində gərginliyin artımı fortepiano partiyasının interlüdü ilə də qabardılır. Romansı bitirən son misraların İ.Nəzərov tərəfindən ifadəli qiraəti qəzəlin simasını özgünləşdirərək güclü təsir bağışladı”3.

G.Abdullazadənin “Hicazkar İlahi – Sultan Nənəm” əsərinin poetik mətnini təqdim edirik:

Ah benim nurlar içinde nur veren Sultan Nenem
Ah benim bi va yegana rahmeden Sultan Nenem
Ehl-i Beyt’in masdar u Mehdi benim Sultan Nenem
Pek muazzezsin, münevversin benim Sultan Nenem
Allah’ım ayırmasın bizden seni Sultan Nenem
Rahat-ı dareyndir agüşun bana Sultan Nenem

Türk qaynaqlarından bəlli olur ki, şeirdə Sultan Nənəm dedikdə Xədicə anamız nəzərdə tutulur 4 .
Xatırladaq ki, Həzrəti Xədicə binti Xüveylid (555–619) Məhəmməd Peyğəmbərin (570–632) ilk xanımı olmuş və ilk müsəlman qadın kimi İslam dininin yayılmasında mühüm rol oynamışdır. Onu Ümmül Möminin, yəni möminlərin anası adlandırırlar.

G.Abdullazadə də bu əsərini məhz xanımlar xanımı – Həzrəti Xədicə xanıma həsr etmişdir.
Geniş və zəngin repertuara malik İ.Nəzərov ifa etdiyi bütün əsərləri müxtəlif səs tembrləri və rəng çalarları ilə zənginləşdirə bilir. Bununla bağlı Ü.Hacıbəyli adına BMA-nın doktorantı Günel Bəkirova bildirir:

Müğənninin ifaçılıq prinsipinə xas ən əasas cəhət onun müxtəlif registrə aid olan beş partiyanı ifa edə
bilmə bacarığıdır. Yəni İ.Nəzərov soprano, metso-soprano, alt, kontralto, bariton və bas partiyalarını ifa edir. Bir səsdən digərinə keçid bir oxuma prinsipindən digərinə keçid deməkdir və öz-özlüyündə mürəkkəb prosesi əks etdirir”5 .

Onun yaradıcılığına nəzər saldıqda aydın olur ki, müğənni müraciət etdiyi bütün bəstəkarların əsərlərini yüksək professionallıqla oxumuş, onları mükəmməl təfsiri ilə daha da zənginləşdirmişdir. G.Abdullazadənin “Hicazkar İlahi – Sultan Nənəm” əsərinin İ.Nəzərovun aranjimanında not nümunəsini təqdim edirik:



Əlbəttə, kiçik bir məqalədə İ.Nəzərovun genişşaxəli yaradıcılığını təfsir etmək mümkün deyil.

Sənət var ev üçün, sənət də var el üçündür. İlham Nəzərovun yaradıcılıq fəaliyyəti nəinki el üçündür, beynəlmiləlləşmiş və ümumbəşəridir. Onunla təkcə Azərbaycan xalqı deyil, bütün Türk dünyası, eləcə də dünya musiqisevərləri fəxr edir, böyük qürur duyurlar”.

İlham Nəzərov 5 oktyabr 1985-ci ildə dünyaya göz açmışdır. Elə bu münasibətlə də sənətkarımızı təbrik edir, ona sağlam uzun ömür arzulayırıq.
İlham müəllim, yaşayın, yaradın, istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə uğurlarınızla xalqımızı daim sevindirin!


2 “HİCAZKAR İLAHİ – SULTAN NƏNƏM” G.Abdullazadə/K.Büyükaksoy: [Elektron resurs] /Ilham Nazarov. – 13 mart, 2022. https://www.youtube.com/watch?v=BIVsyEIFKEw
3 Dadaşzadə Z.A. Nizaminin söz qəsrinin musiqi təcəssümü // – Bakı: Mədəniyyət-Culture, – 2021. noyabr-dekabr (340), – s. 46-48
4 Uyar, G. Kenan Rifai Hazretlerinin peygamber efendimize ve ehlibeytine hürmetinden, muhabbetinden bahs edilen tebliğ: [Elektron resurs] / Bir kültürün ışığında; “Bir 20. Yüzyıl Münevveri Ken’an Rifâî Adlı Sempozyumdan Notlar” – 30 aprel, 2015. http://www.gulmisalgursoy.com/makaleleri20kdm.html
5 Bəkirova G.M. İlham Nəzərovun opera ifaçılığında bəzi xüsusiyyətlər // – Bakı: Musiqi dünyası, – 2019. 4/81, – s. 108-115

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir