Liberalizm, deizm və feminizm münasibətləri, yaxud sistem-antisistem dilemması haqqında

İlahi təlimlər sistemin qorunub saxlanılmasında əvəzsiz rola sahibdir. İlahi təlimlərin məcmusu sayılan din bütünlükdə sistemdir…”

Elvüsal MƏMMƏDOV

Fəlsəfə üzrə fəlsəfə doktoru

Ortaq cəhət:  antisistem

Liberalizm, deizm və feminizmin ortaq əlaməti vardır; onları ümumi bir cəhət birləşdirir. Belə ki, bu üç istiqamət sistemə, deməli, ümumi qaydalara ictimai normalara qarşıdırlar. Belə olduğu üçün antisistem kimi çıxış edirlər.

Liberalizm nəyə çağırır?

Liberalizm azadlığa, özü də hər şeydə azadlığa çağırır. Maraqlananlar liberal paradiqmanın təkamülü haqqında oxuya bilərlər…

Deizm nəyə çağırır?

Deizm sistem (ibadət, həyat tərzi…) təsis edən, qaydalar, normalar qoyan, mənəvi-əxlaqi dəyərlər təqdim edən, ictimai münasibətləri (ailə, dostluq, alış-veriş…) tənzimləyən və qoruyan təlimlər göndərən Allah anlayışına, deməli, dinə, şəriətə, peyğəmbərliyə, müqəddəs kitablara qarşıdır. Deistlər liberal tanrı arzusundadırlar; onlara qayda qoymayan, normalar təsis etməyən tanrı lazımdır. Axı din bütünlükdə sistemdir, burada olarlar və olmazlar, qadağalar və icazələr, normalar mövcuddur. Elə isə din sistemdir, deizm isə antisistemdir. Bu baxımdan deist paradiqma dinə qarşı çıxır, heç bir şeyə qarışmayan, qaydalar qoymayan tanrı inancını müdafiə edir.

Feministlər nəyə qarşıdırlar?

Feminizm başlanğıcda qadın hüquqlarını müdafiə məqsədilə meydana çıxsa da, sonradan radikallaşmış, ailə institutunu, ailə dəyərlərini inkar etmişdir. Feministlər sistemin əhəmiyyətini yaxşı başa düşmədiklərindən sistemə – ailəyə qarşıdırlar, çünki ailə bir sistemdir, qaydaları, normaları, dəyərləri vardır. Feministlər, həm də nikaha qarşı çıxır, qadın-kişi münasibətlərini tənzimləyən, ierarxik öhdəliklərə – evlilik təliminə qarşıdırlar. Çünki nikah sistem yaradır, öhdəlik yükləyir. Feminist nöqteyi-nəzər ya tərəflərə heç bir öhdəlik, məsuliyyət yükləməyən qadın-kişi münasibətlərini müdafiə edir, ya da radikallaşaraq qadını kişiyə qarşı qoyur.

Nə üçün?

Feminist və deistlər hər şeyə istək prizmasından baxırlar. Problemi bu cür qoyaq: nə üçün feminizm və deizmdə fərdin istəyi, yaxud şəxsi hüquq əsas götürülür? Ona görə ki bu iki istiqamət liberalizmdən təsirlənmiş, liberal dünyagörüşünün hakim olduğu cəmiyyətlərdə təşəkkül tapmışdır. Liberalizm insanı Mütləq Subyekt hesab edir, onun fərdi istəklərini ön plana çəkir. İnsanların şəxsi istəklərini tənzimləyən, məhdudlaşdıran nöqteyi-nəzərlər, düşüncə tərzi, adət-ənənələr, dinlər, təlimlər, bu mənada, liberalizmin hədəfidir; liberalist paradiqma fərdi istəyi məhdudlaşdıran nöqteyi-nəzərləri azadlığın məhdudlaşdırılması ilə əlaqələndirməklə asan nişangaha çevirir, məhdudlaşdırıcı hər şeylə mübarizəni “müqəddəs yürüş” kimi qəbul edir. Liberalizmdə fərd tabulaşdırılır, çünki liberal münasibət humanizmin yarandığı mühitin məhsuludur. Humanizm təlimində insan hər şeydir, tanrı taxtdan salınmış, insan tanrı elan edilərək mütləq hakimiyyətin sahibi halına gətirilmişdir.

Fərdi istəklər və ictimai mənafe

Şübhə yox ki, tanrını insanla əvəz etmək təhlükəlidir, çünki tarixən insanın şəxsi istəkləri ilə bu istəkləri tənzimləyən, yaxud məhdudlaşdıran və ya “yonub düzəldən” qaydalar, dəyərlər, adətlər, kodekslər, təlimlər arasında mübarizə getmişdir. Fərdi istəklərlə ictimai mənafenin mübarizəsidir bu! Bu yerdə, səmavi dinlər meydana girir! Səmavi dinlər – sistem təqdim edən şəriət dinləri insan oğlunun mütləq və intəhasız, bitib-tükənməyən, bəzən də “həyasızlaşan” istəklərini tənzimləyir, müəyyən meyarlar əsasında saf-çürük edir. Din istəyir insan oğlu bir şeyi etməzdən qabaq istəklərini müəyyən meyarlarla qiymətləndirsin. Yəni din istəyir ki, insan oğlu sistemə tabe olsun, hər istədiyini etməsin. İnsan istəkləri tükənməz canlıdır, o, hər şeyi etmək istəyir, amma müəyyən qrupların (cəmiyyət, ailə, dostluq, iş kollektivi və s.) üzvü olduğundan ümumi qaydalara, ictimai mənafeyə əməl etməyə borcludur. Əgər hər hansı bir qrupun üzvüyüksə, kollektiv qarşısında borc yaranır, ictimai mənafeyə uyğun hərəkət etmək zərurəti meydana çıxır. Hər istədiyimizi etsək, labüd fəaləkətlə üz-üzə qalacağıq. Liberalizm, feminizm və deizmdə mütləq istək vardır, istəklərin tənzimlənməməsi isə təhlükəlidir.

Hər istədiyini edən modern insan paradiqması

Təəssüf ki, bu gün fərdin istədiyi hər şeyi etməsi modern mədəniyyətin, modern insanın əsas göstəricisi halına gəlmişdir. Bunun kökləri humanizmə gedib çıxır, çünki humanizm insanı tanrılaşdırmışdır; madam ki belədir, deməli, “tanrılar” öz istəklərində yanılmırlar və hər şeyi etmək səlahiyyətinə sahibdirlər. Məhz bu nöqteyi-nəzərdən liberalizm sistemə qarşıdır və antisistemdir.

Elə isə…

…liberal paradiqmanın təsirində qalan deizm və feminizm fərdin istəklərini əsas götürmüş, bu istəkləri tənzimləyən anlayışlara (dinlər, şəriət, ibadət, ailə institutu, nikah, əxlaq dəyərləri və s.) qarşı çıxmışdır. Çünki din sistemdir, ailə sistemdir, nikah qaydaları olan, öhdəliklər yükləyən, sistem yaradan müqavilədir, əxlaq sistemdir və s. Bu sistemləri fərdi istəklərə qurban vermək təhlükəlidir, çünki hər bir halda, istəklər toqquşacaqdır, bu toqquşmanın baş verməməsi üçün sistemə tabe olmaq, ictimai mənafeni əsas götürmək lazımdır.

Sistemi nə qoruyursa – mühüm, nə dağıdırsa, təhlükəlidir!

İlahi təlimlər sistemin qorunub saxlanılmasında əvəzsiz rola sahibdir. İlahi təlimlərin məcmusu sayılan din bütünlükdə sistemdir; haradakı olarlar və olmazlar vardır, haradakı qadağalar və icazələr var, haradakı insan həyatı dəyərlərlə, qanunlarla, normalarla tənzimlənir, orada sistem vardır, sistemə xidmət vardır. İlahi təlimlər bütün bunlara mütləq riayət prinsipi üzərində qurulub. Pozitivist hüquqdan fərqli olaraq, səmavi təlimlər sistemi həm hüquqi, həm də mənəvi-əxlaqi müstəvidə qoruyur; təəssüf ki, müasir hüquq anlayışında əxlaqı və mənəviyyatın qorunması gündəmdə deyildir. Liberal cəmiyyətlərdə fərdin hüququ daha çox inkişaf etdirilmişdir; əslində, bu, fərdə istədiyi hər şeyi etmək səlahiyyəti vermək, liberal-humanist insan paradiqmasını möhkəmləndirmək, ictimai mənafeni, kollektiv borcu ifadə edən normaların, dəyərlərin, qaydaların qarşısında fərdin imtiyazlarını artırmaq məqsədi daşıyır.

Antisistem yaradan istənilən istiqamət bəşəriyyətə yaxşı heç nə vəd etmir, bəşəriyyət sistemlərlə idarə olunmalıdır.

  • Ailə sistemdir;
  • Dostluq sistemdir;
  • Dövlət sistemdir;
  • Qadın-kişi, böyük-kiçik münasibətləri sistemdir;
  • Mənəviyyat sistemdir…
  • Liberalizm antisistemdir;
  • Deizm antisistemdir;
  • Feminizm antisistemdir…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir